Ermənistan daha qonşularına qarşı ərazi iddiaları irəli sürməyəcək - Politoloq

  • İndiki hökumətinin tutduğu xətt sülhə, bölgədə əməkdaşlığa, təhlükəsizliyə xidmət edir

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında 2026-2031-ci illər üçün yeni proqramı təqdim edərkən bildirib ki, hökumətin proqramında Qarabağ hərəkatının məntiqi yer almır.

Paşinyanın sözlərinə görə, Ermənistanın orta və yaşlı nəslinin demək olar ki, bütün siyasi xadimləri, eləcə də gənc nəslin bir çox nümayəndəsi Qarabağ hərəkatının ideologiyası ilə bağlı olub. O bildirib ki, hökumət son illərdə uzun müddət “qapalı qalan səhifələri yenidən oxumaq” qərarına gəlib. Bu yanaşmanın yenidən nəzərdən keçirilməsi nəticəsində “sülh gündəliyi” və “real Ermənistan” konsepsiyası formalaşıb.

Mövzunu şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, Paşinyanın Qarabağ hərəkatının məntiqinin yeni hökumət proqramında yer almadığını bəyan etməsi Ermənistanın siyasi kursunda baş verən dəyişikliklərin növbəti mərhələsidir. Onun sözlərinə görə, bu yanaşma “Real Ermənistan” konsepsiyasının davamı olmaqla, ölkənin Qarabağ mərkəzli siyasi kimlikdən uzaqlaşdırılması və yeni dövlətçilik modeli formalaşdırılması cəhdidir: 

“Paşinyan Ermənistanın müstəqilliyi əldə olunduqdan sonra hakimiyyətdə olanların konflikt məntiqi ilə hərəkət etdiklərini və qonşularla daim münaqişə vəziyyəti yaratdıqlarını deyir. Və Qarabağ hərəkatı da bu istiqamətdə fəaliyyət göstərən en təhlükəli bir təşkilat olub. Onun əsas məqsədi Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək idi. Uzun müddət Paşinyanın özü də hakimiyyətinin əhəmiyyətli hissəsində məhz bu konflikt məntiqi ilə hərəkət edib. Azərbaycana qarşı ərazi iddiaları irəli sürülüb, Türkiyəyə münasibətdə də müəyyən iddialar səsləndirilib.

“Lakin 2023-cü ildən etibarən, hətta bir qədər əvvəl – 2022-ci ilin oktyabrında Praqada qəbul olunan sənədi nəzərə alsaq, Ermənistan bu xətdən imtina etdi. Həmin sənədlə Ermənistan Azərbaycanın öz ərazisi üzərində suverenliyini və təbii ki, ərazi bütövlüyünü tanıdı. 2023-cü ildə isə Azərbaycanın bütün ərazisində suverenliyi bərpa olundu. Bundan sonra Ermənistan hökuməti Qarabağdan gələn ermənilərin Ermənistan vətəndaşlığı ala biləcəyini bəyan etdi. Son dövrlərdə isə Paşinyan artıq açıq şəkildə bildirir ki, Ermənistan həmin konflikt məntiqindən imtina edir və bundan sonra real siyasət yürütməyə, qonşularla münasibətlərini sülh prinsipləri üzərində qurmağa çalışacaq. O, hətta əks halda Ermənistanın mövcudluğunun sual altında qalacağını deyir. Yəni nəhayət, Paşinyan bu reallıqları dərk edib və Qarabağ hərəkatının yeni hökumət proqramında yer almayacağını bəyan etməsi, əslində, həmin siyasi xəttin davamı kimi qiymətləndirilməlidir.”

Politoloq hesab edir ki, bundan sonra Ermənistan qonşularına qarşı ərazi iddiaları irəli sürməyəcək, Qarabağ ermənilərinin geriyə qayıtma məsələsini qaldırmayacaq və qonşularla normal qonşuluq münasibətləri qurmaq siyasəti yürüdəcək:

Təbii ki, bu da sülh prosesinin təmin olunmasına, dövlətlər arasında qarşılıqlı inamın yaranmasında mühüm rol oynayır. Ermənistanın indiki hökumətinin tutduğu xətt sülhə xidmət edir, bölgədə əməkdaşlığa, təhlükəsizliyə xidmət edir və Paşinyanın son parlament seçkilərində qalib gəlməsi onu göstərdi ki, erməni xalqının böyük hissəsi də bu xətti daha düzgün hesab edir”.