Ermənistan və ABŞ TRIPP (“Tramp marşrutu”) layihəsinin parametrləri üzərində işi davam etdirirlər. Hazırkı mərhələdə, o cümlədən dəmir yolu komponenti üzrə araşdırmalar, hesablamalar və mühəndis-axtarış işləri aparılır.
Marşrutun dəqiq parametrləri, layihənin dəyəri və infrastrukturun texniki xüsusiyyətləri bu işlər başa çatdıqdan sonra məlum olacaq.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisi medianın yazılı sorğusuna cavabında bildirib.
Jurnalistlər Ermənistanın baş nazirinin aparatına TRIPP-in həyata keçirilməsinin hazırkı mərhələsi və layihə üzrə növbəti addımlarla bağlı bir sıra suallar göndərib. Xüsusilə marşrutun dəqiq koordinatlarının və nəqliyyat infrastrukturunun sxeminin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi, texniki-iqtisadi əsaslandırmanın hazırlanıb-hazırlanmadığı, layihənin ilkin dəyərinin hesablanıb-hesablanmadığı və podratçının seçilib-seçilmədiyi barədə məlumat istənilib.
Redaksiya həmçinin marşruta bitişik ərazilərdə anbar və logistika infrastrukturunun yaradılması planları, qısa və uzunmüddətli perspektivdə proqnozlaşdırılan yükdaşımaların həcmi, eləcə də TRIPP-in dəmir yolu infrastrukturunun texniki parametrləri ilə maraqlanıb.
Sorğuya cavab baş nazirin müavini Mher Qriqoryanın ofisindən daxil olub.
Baş nazir müavininin ofisindən bildirilib: “Hazırda ABŞ tərəfi ilə birgə TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində, o cümlədən dəmir yolu komponenti üzrə araşdırmalar, hesablamalar və mühəndis-axtarış işləri aparılır”.
Orada qeyd olunub ki, tədqiqatın ilkin variantı yaxın vaxtlarda hazırlanacaq.
Beləliklə, layihənin yekun parametrləri hazırkı mərhələdə hələ formalaşdırılmayıb. Baş nazir müavininin ofisi vurğulayıb ki, TRIPP-in marşrutu, dəyəri, texniki xüsusiyyətləri və digər detalları ilə bağlı suallara konkret cavab tədqiqat başa çatdıqdan sonra verilə bilər.