- Samet Zenginoğlu: “Paşinyanın əsl məqsədi bölgədə fərqli siyasət yürütməkdir”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, TRİPP-in icraçı direktoru yəhudi-rus əsilli investor Konstantin Sokolov təyin olunub. Bu barədə Axar.az məlumat yayıb.
"Paşinyan isə bizim icazəmiz olmadan Zəngəzur dağlarında gəzir və Konstitusiyanın dəyişdirilməsinə tələsmədiyini deyir. Bəlkə artıq Naxçıvandan Qarabağa və əks istiqamətdə reyd yürüşlərinin məşq edilməsi üçün dağ xüsusi təyinatlı qüvvələrin təlimlərinin keçirilməsinin vaxtı çatıb?”,- Tofiq Zülfüqarov bildirib.
Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a bildirib ki, TRIPP+ investisiya fondu ABŞ Dövlət Departamentinin dəstəklədiyi, başda Zəngəzur dəhlizi olmaqla Cənubi Qafqaz, Mərkəzi Asiya istiqamətində nəqliyyat, enerji sahələrindəki investisiyaların dəstəklənməsi və nəzarətdə saxlanılması məqsədi daşıyır:
"Bu təşəbbüs fondunun 200 milyon dollardan artıq maliyyə resursuna və əhatə dairəsinə malik olması xüsusi əhəmiyyət kəsb edir.
Bu həftənin əvvəlində fondun rəhbərliyinə yəhudi-rus əsilli investor Konstantin Sokolovun təyin olunduğu elan edildi. Sokolovun eyni zamanda ABŞ-də Respublikaçılar Partiyasının ən böyük maliyyə dəstəkçilərindən biri olması diqqət çəkir. Diqqət doğuran digər məqam isə onun Ermənistandakı investisiyalarıdır. Xüsusilə telekommunikasiya sahəsinə yönəlmiş sərmayələr səbəbindən Sokolovun bölgədə, ilk növbədə ABŞ xətti çərçivəsində, Ermənistanın xeyrinə ata biləcəyi mümkün addımlar ciddi suallar doğurmaqda davam edir".
Analitikin fiktincə bu inkişaf fonunda Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Paşinyanın bölgədəki niyyətlərinə işarə edən açıqlamasını birlikdə dəyərləndirmək lazımdır:
"Çünki TRIPP+ investisiya fondu başda olmaqla, Paşinyan Qərbə yaxın ritorika və addımlar nümayiş etdirməyə çalışsa da, onun əsas və son məqsədinin bölgədə ekspansionist və hüquqdan kənar məzmun daşıyan siyasət yürütmək olduğu məlum həqiqətdir.
Bu səbəbdən onun ABŞ-nin bölgədə sabitliyin təmin olunmasına yönəlmiş səylərini bir vasitə kimi qiymətləndirərək, öz məqsədlərinə fokuslanmağa çalışacağı şübhə doğurmur. Elə bu məqamda Ermənistanda investisiyaları olan yəhudi-rus əsilli Sokolovun yeni vəzifəsini də bu kontekstdə qiymətləndirmək lazımdır".
Politoloq bölgədə kövrək bir vəziyyət formalaşdırmaq istəyən Ermənistanın tarix boyu olduğu kimi bu gün də arxasını Qərbə söykəyərək hərəkət etməsinin elə də təəccüblü olmadığını deyib:
"Tofiq Zülfüqarovun bu açıqlaması isə hər zaman ayıq-sayıq olmağın zəruriliyinin təbii təzahürü kimi qiymətləndirilməlidir".