Ermənistanla bağlı Türk dünyasının mövqeyi dəyişir - Professor səbəbləri açıqladı

  • Cənubi Qafqazda yeni düzən gecikir, əsas məsələ sülh sazişinin tamamlanmasıdır

Cənubi Qafqazda son dövrdə baş verən siyasi və diplomatik proseslər region ölkələri arasında münasibətlərin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin önə çıxması, regional nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri, eləcə də Türk dövlətlərinin Cənubi Qafqaza münasibətində müşahidə olunan yanaşmalar bölgədə yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir.

Bu baxımdan, Ermənistanla bağlı diplomatik təmaslar və mesajlar da regionda dəyişən münasibətlər kontekstində diqqət çəkir. Bu mesajlardan biri də Türkmənistan lideri Sərdar Berdiməhəmmədovun Paşinyanı yenidən baş nazir seçilməsi ilə bağlı təbrikidir.

Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə ekspert, Kent Universitetinin professoru Yaşar Onay Sherg.az-a bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Nikol Paşinyanı yenidən Ermənistanın Baş naziri seçilməsi münasibətilə təbrik etməsini sıradan diplomatik nəzakət mesajı kimi qiymətləndirmək olmaz:"Cənubi Qafqazda uzun müddətdir hakim olan qarşıdurma dili yavaş-yavaş yerini daha realist və maraqlara əsaslanan münasibətlərə verir.

Qarabağ müharibəsindən sonra Ermənistan mühüm bir yol ayrıcına gəldi. Rusiyaya əsaslanan təhlükəsizlik anlayışının ölkəni qorumağa kifayət etmədiyini gördü. Paşinyanın yenidən seçilməsi də göstərir ki, erməni cəmiyyəti bütün etirazlara baxmayaraq, yeni müharibədən daha çox sülh və normallaşma axtarışına yönəlib.

Türk dövlətləri də artıq Ermənistanı yalnız keçmişdə baş verənlər və Azərbaycanla arasındakı problemlər üzərindən qiymətləndirmirlər. Onlar Ermənistanın regional nəqliyyat, ticarət və enerji şəbəkələrinə qoşulmasının hər kəsə fayda gətirəcəyini düşünürlər. Türkmənistanın mesajını da bu dəyişən yanaşmanın bir hissəsi kimi qiymətləndirirəm.

Analitik burada Azərbaycanın həssaslıqlarının müəyyənedici olaraq qalacağını söyləyib:

"Türk dövlətlərinin Ermənistanla quracağı münasibətlərin Bakıdan yan keçərək inkişaf etməsi mümkün deyil. Buna görə də baş verən yaxınlaşmanı Azərbaycandan uzaqlaşma kimi deyil, Azərbaycan-Ermənistan sülhünü dəstəkləmək cəhdi kimi qiymətləndirmək lazımdır.

Türk dövlətləri Ermənistanı kənarda qoyaraq deyil, regional əməkdaşlığın içinə cəlb edərək dəyişdirmək istəyirlər. Doğru olan da budur. Çünki davamlı sülh yalnız razılaşmalarla deyil, ölkələrin bir-birinə iqtisadi baxımdan ehtiyac duyması ilə təmin edilə bilər".

Professor təbrik mesajlarının kifayət etmədiyini deyib:

"Əsas məsələ Azərbaycanla sülh sazişinin tamamlanması, Türkiyə-Ermənistan sərhədinin açılması və nəqliyyat xətlərinin işlək vəziyyətə gətirilməsidir.

Qısacası, bölgədə hələ yeni bir nizam qurulmayıb. Lakin köhnə düşmənçiliklərin sonsuza qədər davam edəcəyi düşüncəsi də getdikcə öz aktuallığını itirir. Türk dünyası artıq yalnız ortaq kimlik üzərindən deyil, ortaq coğrafiya və ortaq maraqlar üzərindən də düşünməyə başlayır. Türkmənistanın mesajı bu dəyişikliyin kiçik, lakin mənalı bir işarəsidir".

Qalereya