Gözlənilən İran savaşında Türkiyə olduqca çətin mövqedədir- ŞƏRH

NATO radarı mümkün İran hücumunda həlledici rol oynaya bilər

Yaxın Şərqdə gərginliklər, xüsusilə İranın nüvə proqramı ətrafında ABŞ və İsrailin mövqeyi, region və qlobal təhlükəsizlik üçün önəm daşıyır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ABŞ-nin İrana hərbi müdaxiləsini tənqid edərək, bölgənin sabitliyinin qorunmasının vacib olduğunu vurğulayıb. O, Prezident Ərdoğanın vasitəçilik səylərini təqdir edib.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a açıqlamasında İranla ABŞ arasında yaşanan gərginliyin arxa planında Tehranın nüvə silahı əldə etməsi ilə bağlı uzunmüddətli prosesin dayandığını deyib: 

"Bu məsələ İsrailin təhlükəsizliyi baxımından son dərəcə həssasdır. İsrailin baş naziri Benyamin Netanyahu da uzun illərdir İranda rejim dəyişikliyini açıq şəkildə dəstəkləyir.

Mövcud vəziyyətə baxıldıqda, ABŞ-nin bu prosesi İsrailin maraqları naminə yekunlaşdırmaq istədiyi anlaşılır. Donald Trampın açıqlamaları da bu istiqamətdədir. Türkiyədə isə Milliyyətçi Hərəkat Partiyası, Vətən Partiyası, Prezident Ərdoğan və demək olar ki, bütün siyasi liderlər ABŞ-nin sərt və birtərəfli yanaşmasını tənqid edirlər. Onlar bunu müstəqil və suveren dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirirlər.

Bu kontekstdə Türkiyənin vasitəçilik təşəbbüsləri-tərəfləri İstanbulda bir araya gətirmək cəhdi normal və legitim diplomatik addım kimi dəyərləndirilə bilər". 

Ekspert məsələnin başqa tərəflərinin də olduğunu bildirib: 

"Əgər İsrail və ABŞ bu məsələni qəti şəkildə həll etməyə qərar veriblərsə, diplomatik danışıqların yalnız müvəqqəti gecikmə və ya fasilə yaradacağı ehtimalı yüksəkdir.

Başqa sözlə, İranda rejim dəyişikliyinə yönəlmiş hərbi müdaxilə ehtimalı göz ardı edilə bilməz. Bu müdaxilə rejim dəyişikliyi ilə nəticələnməsə belə, İranın ciddi şəkildə dağıdılması və ya mühüm siyasi fiqurlara qarşı sui-qəsdlərlə müşayiət olunan hücumlar baş verə bilər. Türkiyənin hazırkı mövqeyi açıq mənbələrə əsasən diplomatik vasitəçilik kimi görünür. Digər tərəfdən, nüvə raketlərinə, silahına sahib olan İranın region və xüsusilə Türkiyə üçün ciddi təhlükə yaradacağı nəzərə alınmalıdır. Bu çərçivədə Ankara üçün əsas suallardan biri də NATO-ya məxsus İncilik Hava Bazasının və ya digər hərbi infrastrukturun İrana qarşı mümkün hücumda istifadə olunub-olunmayacağıdır".

Analitik Malatyada yerləşən radar stansiyasının İranın fəaliyyətlərini NATO adından izlədiyini və əldə edilən məlumatların çox qısa müddətdə İsrailə ötürüldüyünü vurğulayıb: 

"Bu səbəbdən Türkiyə olduqca çətin və strateji mövqedədir. Hücum baş verdiyi təqdirdə, Türkiyədəki hərbi və texniki infrastrukturun bu prosesdə istifadə olunub-olunmadığına baxılaraq daha dəqiq analiz aparmaq mümkün olacaq".