"Güclü Ermənistan" parlament mandatlarını qəbul edəcək

Ermənistanda iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi müxalif "Güclü Ermənistan" bloku parlament mandatlarını qəbul edərək yeni çağırış Milli Məclisin fəaliyyətində iştirak edəcək.

Sherg.az xəbər verir ki, bu barədə blokun Şura üzvü Narek Karapetyan açıqlama verib.

Onun sözlərinə görə, blok parlamentdə təmsil olunmağın gələcəkdə küçə etiraz hərəkatına siyasi dəstək vermək baxımından vacib olduğu qənaətinə gəlib.

Xatırladaq ki, iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin şikayətlərini rədd edərək iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb. Bundan sonra "Güclü Ermənistan" da daxil olmaqla beş müxalif siyasi qüvvə birgə bəyanat yayaraq mübarizənin davam edəcəyini açıqlayıb.

Rəsmi nəticələrə əsasən, "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə 64, "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandat qazanıb.