Hakan Bayrakçı: "Türk gəmisinin vurulması təsadüf də ola bilər, gizli plan da"

  • Hakan Bayrakçı: "Əgər bu planlı hücumdursa, 1-2 aya daha böyük hadisə baş verəcək"

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və meyvə-tərəvəzlə yüklənmiş konteynerlər daşıyan “Nadejda” gəmisi Ukrayna dronu ilə vurulub. 

"Haber Global"ın məlumatına görə Türkiyəyə məxsus gəmiyə dron hücumu nəticəsində 4 heyət üzvü yaralanıb.

Məlumata görə, Türkiyədən Rusiyaya təzə meyvə-tərəvəz daşıyan “NADHEZNA” adlı “Ro-ro” tipli gəmiyə dron hücumundan sonra yanğın baş verib. Hadisə nəticəsində 3-ü Türkiyə vətəndaşı olmaqla 4 heyət üzvü xəsarət alıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə getdiyi və hücumun Novorossiyskdən 30 dəniz mili (təxminən 56 km) məsafədə baş verdiyi bildirilib.

SONAR tədqiqat şirkətinin rəhbəri, ekspert Hakan Bayrakçı Sherg.az-a gəminin vurulması ilə bağlı mümkün iki ehtimaldan danışıb:

"Birincisi, bu, müharibə qarışıqlığı şəraitində baş verən bir səhv ola bilər. İkinci ehtimal isə məlum olduğu kimi hansısa gizli planın mövcudluğudur. Bu plan nədir Ukraynanın türk gəmisinə hücum etməsi və bunun ardınca baş verə biləcək problemli hadisələrdən ibarət ola bilər. Ancaq ikinci ehtimal bir qədər çətin görünür. Çünki hazırda Türkiyənin mövqeyini nəzərə alsaq, əgər həqiqətən Ukrayna özü hücum edibsə, çox güman ki, ya üzr istəyəcək, ya da bunun səhvən baş verdiyini bildirəcək. Ukraynanın Türkiyəni hər hansı bir müharibəyə sürükləməsi hazırkı şəraitdə çox çətindir.

Ona görə də bunun gizli plan, yaxud hər hansı bir şəxsin və ya ölkənin hazırladığı plan olma ehtimalı çox aşağıdır. Amma belə bir hadisə baş verəndə bunu düşünmək lazımdır: bu edildi, bəs bunun sonu hara gedib çıxacaq, hansı problemlərə səbəb olacaq? Hazırda bunun gedib çıxacağı elə də ciddi bir yer yoxdur.

Orada xəsarət alanlara görə çox üzüldük. Allah hər birinə şəfa versin. 

Ona görə də mən bunun böyük ehtimalla müharibə şəraitindəki qarışıqlıqdan qaynaqlanan bir səhv olduğunu düşünürəm". 

Analitik vurğulayıb ki, bunun arxasında bir plan varsa, onda başqa və daha fərqli miqyaslı hadisəni də 1-2 ay ərzində görəcəyik:

"Əgər bu planlaşdırılmış bir hadisədirsə, o zaman 1-2 ay ərzində başqa bir addım da atılacaq. Bu, məsələn, bir türk təyyarəsinin vurulması, yaxud başqa bir gəmiyə daha açıq şəkildə hücum edilməsi ola bilər. Belə bir hadisə baş verərsə, onda məsələni daha diqqətlə araşdırmaq lazım gələr".