İran ABŞ-la mümkün razılaşma məsələsində mövqeyini açıqlayıb. Tehran Vaşinqtonun irəli sürdüyü təklifləri qənaətbəxş hesab etmir və Hörmüz boğazının açılmasını özünün irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsi ilə əlaqələndirir.
Sherg.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ABŞ-ın İranın hüquq və tələblərinə verdiyi cavabın inandırıcı olmadığını bildirib.
Rzainin sözlərinə görə, Hörmüz boğazının açılması üçün İranın yeddi şərtinə tam və açıq cavab verilməli, həmin tələblər yerinə yetirilməlidir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə ABŞ-la mümkün razılaşma istiqamətində yeni irəliləyişin olmadığını açıqlayıb. O bildirib ki, tərəflər arasında mesaj mübadiləsi vasitəçilər üzərindən davam edir.
Bəqayi Vaşinqtonun əvvəlki mövqeyinin ABŞ-ın diplomatiyaya səmimiyyətlə yanaşmasına dair nikbinliyə əsas vermədiyini deyib. Bununla belə, Tehran milli maraqlarını və qanuni tələblərini qorumaq, təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün diplomatik imkanları dəyərləndirməkdən imtina etmir.
İran rəsmisi ölkənin silahlı qüvvələrinin mümkün hücumlara qarşı yüksək hazırlıq vəziyyətində olduğunu və güclü cavab verməyə hazırlaşdığını da vurğulayıb.
Qeyd edək ki, Qətər ABŞ-la İran arasında gərginliyin azaldılması və Hörmüz boğazının yenidən açılması üçün vasitəçilik edir. Bu çərçivədə Qətər nümayəndələri oktyabrın 30-da Tehranda İran rəsmiləri ilə görüşüb, daha sonra Doha şəhərində danışıqları davam etdiriblər.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Qətər və Pakistanın vasitəçiliyi ilə məsləhətləşmələrin aparıldığını bildirib. Onun sözlərinə görə, Tehran diplomatiyaya hazırdır, lakin hərbi əməliyyatlara üstünlük veriləcəyi təqdirdə daha sərt cavab veriləcək. Nazir Hörmüz boğazının açılmasının İranın şərtlərinin qəbul edilməsindən asılı olduğunu vurğulayıb.