İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik

  • "Möttəkinin ABŞ və İsraillə bağlı açıqlamaları hüquqi deyil, siyasi şoudur" 
  •  "Bu bəyanatlar İranın zəiflədiyini göstərir" 
  • "İranın təhdidləri nə ABŞ-ni, nə də İsraili qorxudur" 

İranın keçmiş xarici işlər naziri və hazırda parlamentdə təmsil olunan Manuçöhr Möttəkinin son açıqlamaları beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub. O, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı İran məhkəmə hakimiyyətinin addım atmalı olduğunu bildirib. Qeyd edib ki, əvər onlar məhkəməyə gəlməsələr onlara qiyabi qisas hökmü çıxarılmalıdır.

Onun sözlərinə görə, beynəlxalq kanallar vasitəsilə Ağ Evə müraciət edilib. Müraciətin qəbul edildiyini təsdiqləyən bildirişlər İranın məhkəmə hakimiyyətinə geri qaytarılıb. Möttəki, həmçinin Tramp və Netanyahunun İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülməsindəki rollarını etiraf etdiklərini iddia edib.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a Manuçöhr Möttəkinin iddialarının əsas məqsədindən danışıb:

"Manuçöhr Möttəki son aylarda müxtəlif bəyanatlarla çıxış edir. İran mediasında səsləndirdiyi bu son açıqlama da daha çox siyasi bəyanat təsiri bağışlayır. Çünki bunun hüquqi baxımdan hər hansı legitimliyi yoxdur.

Hər halda, o, İran parlamentinin deputatı olmuş, keçmiş xarici işlər naziridir və beynəlxalq hüquq sistemini yaxşı bilməlidir. Amma əgər bütün bu bilgilərinə rəğmən İran mediasında bu şəkildə çağırışlar edirsə, bu, daha çox daxili auditoriyaya yönəlmiş siyasi mesaj kimi görünür. Məqsəd İran rejiminin guya Əli Xamenei və digərlərinin qisasını, qiyabi olsa belə, alacağını nümayiş etdirmək və bunu daxili hüquq sistemi əsasında həyata keçirəcəkləri görüntüsünü yaratmaqdır.

Lakin bunun nə ABŞ prezidentinin, nə də İsrail rəhbərliyinin taleyinə hüquqi təsiri var. Beynəlxalq hüquq baxımından bir dövlətin məhkəməsinin başqa dövlətlərin fəaliyyətdə olan yüksək vəzifəli şəxsləri barədə qərar çıxarması həmin şəxslərin həmin məhkəmənin hüquqi yurisdiksiyasına tabe olduqları anlamına gəlmir.

Əgər Manuçöhr Möttəki bunu bilə-bilə belə açıqlamalar verirsə, deməli, bu, hüquqi qərardan daha çox simvolik və siyasi xarakter daşıyır. Mahiyyəti də bundan ibarətdir ki, ölkə daxilində İranın Qərbə qarşı bütün istiqamətlərdə mübarizə aparmağa qadir olduğu görüntüsü yaradılsın və bu mövzu mediada gündəmdə saxlanılsın".

Analitik Manuçöhrün əvvəlki çıxışlarına da diqqət çəkib:

"Manuçöhr Möttəki deyir ki, Körfəz ölkələrinə qarşı işğal siyasəti apara, ora hərbi qüvvələr göndərə, oradakı Amerika əsgərlərini əsir götürüb İrana gətirə bilərlər. Digər tərəfdən, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini, Küveyti, hətta Yəməni belə təhdid edərək onları yerlə-yeksan edəcəklərini bildirirlər.

Keçən günlərdə iştirak etdiyi beynəlxalq simpoziumda da Manuçöhr Möttəki həm Bəhreyn rəsmilərinə, həm də digər kiçik ərəb dövlətlərinin nümayəndələrinə qarşı kobud davrandı. O, hətta "Bəhreynin torpaqlarını torbalara doldurub gətirəcəyik" ifadəsini işlətdi. Bu ifadənin farsca mənası isə əslində Bəhreyni işğal edəcəkləri anlamını verir.

Yəni onlar beynəlxalq hüquqa və beynəlxalq münasibətlər sisteminə söykənməyən açıqlamalar verirlər. Eyni zamanda iddia edirlər ki, nüvə fəaliyyətləri beynəlxalq hüquq çərçivəsində həyata keçirilir, uzunmənzilli raketləri heç bir qonşu və ya region dövləti üçün təhdid deyil. Müxtəlif proksi qruplardan istifadə edir, terror qruplaşmaları yaradır, sonra isə iddia edirlər ki, həmin qruplar müstəqil fəaliyyət göstərirlər. Halbuki bütün dünya bilir ki, bölgədə həmin terror şəbəkələrinin yaradılmasını, formalaşdırılmasını, silahlandırılmasını və maliyyələşdirilməsini İranın mövcud hakimiyyəti həyata keçirir. Onlar özləri də etiraf edirlər ki, "müqavimət qüvvələri" adlandırdıqları bu qruplar İranın milli təhlükəsizliyinin təmin olunmasına xidmət edir".

Müsahibimiz bunun reallıqdan tamamilə uzaq olduğunu deyib: 

"Nüvə silahı əldə etmək üçün gizli fəaliyyət göstərir. Bölgədə terror şəbəkələri başqa dövlətlərə qarşı təhdid vasitəsi kimi istifadə olunur. Uzunmənzilli raketlər qonşu və region dövlətlərinə yönəldilir. Bütün bunlar göstərir ki, İran hakimiyyəti nəinki beynəlxalq hüquq sistemini qəbul etmir, üstəlik bu təhdidlər vasitəsilə həm region, həm də qlobal dövlətlərdən güzəştlər əldə etməyə çalışır.

İndi isə görürlər ki, beynəlxalq güc qarşısında bu zorakı məntiq işləmir. Həm qonşu dövlətlər, həm region ölkələri, həm də qlobal güclər artıq onlara qarşı daha ciddi mövqe sərgiləyirlər.

Ona görə də bu kimi sərsəm bəyanatlarla göstərməyə çalışırlar ki, İran rejimi guya supergüc olan ABŞ-nin və bölgəsəl güc olan İsrailin siyasi rəhbərləri haqqında məhkəmə qərarı çıxaracaq və onlardan qisas alacaq.

Bu, siyasi baxımdan mənasız bəyanatdır. Bu, İranın ABŞ və İsrailə qarşı sərt ritorikasının davamıdır. Hüquqi baxımdan isə belə qiyabi hökmün beynəlxalq icra mexanizmi olduqca məhduddur və əsasən simvolik xarakter daşıyır. Heç kim də buna ciddi əhəmiyyət vermir".

S.İsabəyli İran rejiminin daxilində ciddi çöküş yaşandığını bildirib: 

"Ölkə daxilində siyasi qarşıdurmalar son həddə çatıb. İnsanların sosial-iqtisadi vəziyyəti getdikcə ağırlaşır, su, elektrik və ərzaq təminatı ilə bağlı ciddi problemlər yaşanır. Hökumət bunların həlli istiqamətində effektiv addımlar ata bilmir.

Bütün bu problemlərdən diqqəti yayındırmaq üçün rejim və ona mənsub şəxslər, o cümlədən Manuçöhr Möttəki bu cür siyasi bəyanatlarla gündəmi dəyişməyə çalışırlar ki, həm insanlar, həm də beynəlxalq ictimaiyyət ölkə daxilində baş verən proseslərin mahiyyətini tam görə bilməsin.

Amma faktlar göstərir ki, rejimin ideoloji və siyasi mahiyyəti artıq bütün dünyaya, eləcə də region dövlətlərinə bəllidir. Xüsusilə Körfəz ölkələri və ərəb dövlətləri də anlayıblar ki, qonşuluqlarında yerləşən təhdidkar siyasəti əvvəlki üsullarla idarə etmək mümkün deyil. Təsadüfi deyil ki, həmin ölkələrin rəhbərləri də artıq etiraf edirlər ki, İranın bu təhdid siyasətini nəzarətdə saxlamaq cəhdləri iflasa uğrayıb.

Bu kimi açıqlamalar nə qonşu dövlətləri, nə ABŞ-ni, nə də İsraili qorxuda bilər. Sadəcə olaraq, rejim düşdüyü ağır vəziyyətdən çıxmaq üçün çabalayır və daxili auditoriyanı sakitləşdirməyə çalışır ki, guya hələ də kifayət qədər hərbi və siyasi gücə malikdir, hətta supergüc olan ABŞ-yə qarşı belə".

Analitik qeyd edib ki, bu cür açıqlamalar İran vətəndaşlarının özləri üçün də gülüş mövzusuna çevrilir: 

"Belə bəyanatlar veriləndə insanlar sosial mediada onları lağa qoyur, müxtəlif formada paylaşırlar. Manuçöhr Möttəki də bu baxımdan daxildə gülüş obyektinə çevriləcək. İnsanlar bu cür sərsəm bəyanatlara inanmırlar. Bilirlər ki, bu rejim həm öz vətəndaşlarına, həm region dövlətlərinə, həm də beynəlxalq ictimaiyyətə qarşı sərt və repressiv siyasət yürüdür.

Son müharibə günlərində bütün çətinliklərə baxmayaraq, İran vətəndaşlarının böyük hissəsi bu rejimin sona çatmasının tərəfdarı idi. Rejim təbliğat vasitəsilə milyonlarla tərəfdarının olduğunu göstərməyə çalışsa da, gerçəklik bunun əksini göstərir. Hazırda onların əlində maliyyə, media və silah olduğu üçün özlərini güclü göstərməyə çalışırlar.

Ancaq Manuçöhr Möttəkinin bu kimi sərsəm bəyanatları onu göstərir ki, rejim ciddi böhran yaşayır, daxildən dağılma mərhələsinə daxil olub. Yaxın gələcəkdə bunun nəticələrinin şahidi olacağıq".