- "Tehran müharibənin dəyərini artırmağa çalışır”
İranın Körfəz ölkələrinə qarşı son hücumları regionda təhlükəsizlik və geosiyasi vəziyyətlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Baş verən hadisələr İranın bu addımının mümkün səbəbləri, strateji məqsədləri və regionun gələcək təhlükəsizlik mühitinə təsiri ilə bağlı müxtəlif qiymətləndirmələrə səbəb olub.
Xarici siyasət üzrə tədqiqatçı Tuna Tanman Sherg.az-a İranın Körfəz ölkələrinə hücum səbəblərindən danışıb:
"İranın Körfəz ölkələrinə hücum etməsi beynəlxalq ictimaiyyətdə maraq doğurub. İran ABŞ və İsraillə apardığı müharibədə onsuz da zəiflədiyi halda, Körfəz ölkələrini də hədəfə alması ilk baxışda məntiqsiz görünə bilər. Lakin burada əsas məsələ İranın ABŞ-yə yardım edən Körfəz ölkələrini cəzalandırması deyil, ABŞ ilə apardığı müharibədə yeni bir cəbhə açmasıdır.
İran baxımından Körfəz neftin keçdiyi coğrafiya olmaqla yanaşı ABŞ-nin regiondakı ən böyük hərbi gücünün yerləşdiyi ərazidir. Bəhreyndəki Beşinci Donanma, Qətərdəki hava bazaları, Küveytdəki logistika mərkəzləri və digər Amerika hərbi obyektləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarının əsas dayağını təşkil edir. Buna görə də İran Körfəz ölkələrinə yalnız müstəqil dövlətlər kimi deyil, həm də ABŞ-nin İrana qarşı hücumlarının əsas bazaları kimi baxır. İranın son hücumlarının məntiqi də məhz buradan qaynaqlanır".
Analitik qeyd edib ki, Tehranın nə hərbi, nə də siyasi baxımdan Vaşinqtonu birbaşa hədəfə almaq imkanları var:
"İran hesab edir ki, ABŞ-nin regiondakı hərbi infrastrukturunu hədəfə almaqla müharibənin dəyərini artıra bilər. Əgər bu hücumların arxasında bir mesaj axtarılacaqsa, həmin mesaj budur: “Əgər İranı hədəfə alsanız, regiondakı bazalarınız da, bu əməliyyatlara dəstək verən müttəfiqləriniz də təhlükəsiz olmayacaq".
Bu vəziyyət İranın müharibə strategiyasında çəkindirmə siyasətinin nə qədər mühüm yer tutduğunu da göstərir. Son həftələrdə Hörmüz boğazı ətrafında yaşanan gərginlik, ABŞ-nin İranın hərbi infrastrukturuna qarşı genişmiqyaslı hücumları və buna cavab olaraq İranın Körfəzdəki Amerika hərbi obyektlərini hədəfə alması əslində eyni şahmat oyununun bir-birini izləyən gedişləridir. Tərəflərin məqsədi bir-birini tam məğlub etməkdən daha çox, qarşı tərəfin atacağı növbəti addımı daha baha başa gətirmək və onu geri çəkilməyə məcbur etməkdir".
Politoloq bu mənzərədə diqqət çəkən digər amilin Körfəz ölkələrinin düşdüyü çətin vəziyyət olduğunu söyləyib:
"Son illərdə xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələr İranla münasibətlərini müəyyən dərəcədə normallaşdırmağa çalışdıqları halda, bu gün yenidən özlərini Vaşinqtonla Tehran arasındakı mübarizənin tam mərkəzində tapıblar. Çünki İran üçün həlledici olan bu ölkələrlə qurduğu diplomatik münasibətlərdən daha çox, onların ərazilərində yerləşən Amerika hərbi varlığıdır.
Bu səbəbdən İranın hədəfində əslində Körfəz ölkələrinin özü deyil, həmin ölkələrdə yerləşdirilmiş Amerika hərbi infrastrukturu dayanır. Lakin raketlərin düşdüyü yerlər Körfəz ölkələrinin əraziləri olduğu üçün, bu dövlətlərin münaqişədən kənarda qalması hər keçən gün daha da çətinləşir. Bu vəziyyət, istəməsələr belə, region ölkələrini müharibənin birbaşa tərəflərindən birinə çevirmək potensialı daşıyır.
Qarşıdakı dövrdə münaqişənin gedişatını müəyyən edəcək ən mühüm sual ABŞ-nin regiondakı hərbi mövcudluğunu eyni intensivlikdə davam etdirib-etdirməyəcəyi və Körfəz ölkələrinin bu yükü daşımağa nə dərəcədə hazır olacağıdır".
Müsahibimizin sözlərinə görə əgər İran Amerika bazalarının təhlükəsizliyini davamlı şəkildə mübahisə mövzusuna çevirə bilsə, birbaşa hərbi qələbə qazanmasa belə, strateji baxımdan mühüm üstünlük əldə etmiş olacaq:
"Bu gün baş verənləri yalnız “İran Körfəz ölkələrinə hücum etdi” şəklində qiymətləndirmək yetərli deyil. Əslində baş verən, ABŞ ilə İran arasındakı qarşıdurmanın coğrafi baxımdan genişlənməsidir. Körfəz isə bu qarşıdurmanın yeni cəbhəsinə çevrilib. Buna görə də qarşıdakı günlərdə atılacaq hər bir addım qlobal enerji bazarlarına, dəniz ticarətinə və böyük güclər arasındakı rəqabətə də birbaşa təsir göstərməyə davam edəcək".