İranın ittihamına AzTV-dən cavab: "Bizi bu missiyadan yayındıra bilməzlər"

  • Rövşən Məmmədov: "Azərbaycanı təhqir edənlərə susmayacağıq" 

İranın Kəşfiyyat Nazirliyinin ölkəyə qarşı düşmən mövqedə olduğu iddia edilən media qurumlarının siyahısını açıqlaması regionda informasiya müstəvisində yeni müzakirələrə səbəb olub. Açıqlanan siyahıda müxtəlif xarici media qurumları ilə yanaşı, Azərbaycanın dövlət televiziya kanalı AZTV-nin də adının yer alması diqqət çəkib.

Məsələ Azərbaycan və İran arasında son illərdə siyasi, təhlükəsizlik və informasiya sahələrində yaşanan gərginlik fonunda gündəmə gəlib.

Azərbaycan Media İnkişafı Agentliyi yaydığı bəyənatda qeyd edib ki, "Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir".

AzTV-nin sədri Rövşən Məmmədov Sherg.az-a bildirib ki, İranın Kəşfiyyat Nazirliyinin siyahısında AZTV-nin adının yer alması kanalın informasiya fəaliyyətinə mane ola bilməz:

"44 günlük Qarabağ müharibəsinin ilk günündən ölkəmizə qarşı hücumlara, dezinformasiya kampaniyasına, təhqirlərə başlayan İran mediasından fərqli olaraq, Azərbaycan mediası bu gün Amerika Birləşmiş Ştatları ilə müharibə aparan İran barədə hər hansı dezinformasiya və informativ hücumlara yol vermir. Hadisələrə sırf "xəbər" prizmasından yanaşır.

Belə olan halda, İranın Kəşfiyyat Nazirliyi İrana düşmən olan media qurumlarının siyahısını açıqlayır və siyahıda Azərbaycan televiziyası AZTV-nin də adı var. Açığı, kanalımızın niyə görə "düşmən" kateqoriyasına aid edildiyini bilmirik, amma təxmin edirik ki, yəqin elə məhz müharibə dövrü və müharibədən keçən bir neçə ildə İran mediasının Azərbaycan əleyhinə apardığı dezinformasiya kampaniyasına verdiyimiz cavablardan irəli gəlir.

Elədirsə, cənub qonşumuz nəhayət anlasın ki, 100 yaşlı AZTV tam gücü ilə informasiya cəbhəsində yaşanan və ölkəmiz əleyhinə yönələn bütün hücumlara cavab verib. Bundan sonra da cavab verəcək, qarşısında kimin dayanmağından asılı olmayaraq". 

R. Məmmədov AzTV-nin əsas missiyasını da vurğulayıb:

"Əgər kimsə Tehrandakı Azərbaycan səfirliyinə xain hücum edib soydaşımızı öldürürsə, Zəngəzur dəhlizi ideyasını "İranın qırmızı cizgisidir" adlandırırsa, Azərbaycanın cənub-qərb sərhədlərində hərbi təlimlər keçirib bizə əzələ nümayiş etdirirsə, Ermənistanın islam ənənələrinə xəyanətlərinə səssiz yanaşaraq aqresiyanı, hətta təhqirləri bizə yönəldirsə, xalqımızı və dövlətimizi alçaltmağa çalışırsa, biz qarşı tərəfə layiq olduğu cavabı verməliyik. Bu, AZTV olaraq bizim əsas missiyamızdır.

Odur ki, İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan televiziyasını bu ölkəyə münasibətdə "düşmən" gözündə görməsi bizi bu missiyadan yayındıra bilməz".