İstiqlal savaşına Azərbaycan dəstəyi - Bakıda konfrans keçirilib

Azərbaycan Türk Ocağı Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konfrans keçirib 

  Dünən Azərbaycan Türk Ocağı İctimai Birliyi və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə "İstiqlal savaşında Türkiyəyə Azərbaycanın qardaş köməyi" adlı konfrans keçirilib. Konfrans Türkiyə Cümhuriyyətinin quruluşunun 100 illik yubileyinə həsr olunub. Atatürk Mərkəzində keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri, tarixçi-alimlər, media nümayəndələri və tələbələr iştirak ediblər. 

Çıxışlardan öncə Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyümüz uğrunda canından keçmiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Daha sonra çıxışlara start verilib. 


  
 Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qonaqları salamladıqdan sonra bildirib ki, bu konfrans Türkiyə Cümhuriyyətinin yüz illiyinə Azərbaycan Türk Ocağının töhfəsidir. A.Aşırlı vurğulayıb ki, Türk Ocaqları yaradılışının ilk mərhələsində Türkiyədə etnik qarşıdurmalara və ölkənin parçalanmasına çalışan qüvvələrə qarşı ən sərt mübarizəsini aparıb: 

"1912-ci ildə yaradılan Türk Ocağı İstiqlal savaşında Mustafa Kamal Atatürkün ən yaxın məsləkdaşına çevrildi. Türk ocaqlarında yetişən gənclər, orada formalaşan şəxslər Türkiyənin gələcək inkişafına dəyərli töhfələr verdilər. Türk ocaqlarının quruluşunda Azərbaycan türklərinin də önəmli dəstəyi olub. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi böyük şəxslər, Rusiya türklərindən Yusif Akçura kimi dühalar məhz Türkiyə Cümhuriyyətinin qurulmasında Atatürkün ən yaxın silahdaşlarına çevrildilər. O baxımdan Azərbaycan Türk Ocağının qurucusu olan Əhməd Cavad, Abdulla Şaiqin qardaşı Axund Yusif Ziya Talıbzadə Balkan savaşlarına qatılmışdılar. Onlar Türkiyənin parçalanmasının qarşısını almaq üçün əllərindən gələni edir, qardaş yardımlaşmasını həyata keçirirdilər. Azərbaycan Türk Ocağı özünə mənəvi bir borc bilərək bu gün gücünə, qüdrətinə, hərbi imkanlarına görə fəxr duyduğumuz Türkiyə Cümhuriyyətinin Türk dünyasının güclənməsi istiqamətində fəaliyyətini nəzərə alaraq qardaş ölkənin quruluşunun yüz illiyi münasibəti ilə konfrans təşkil etdi".

  Akif Aşırlı vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin varlığı həm də xaricdə yaşayan türklərin varlığı, mücadiləsi üçün istinad nöqtəsidir:

 "Türkiyə hər zaman Azərbaycanın yanında olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda onun bütövlüyünün əldə olunmasına çalışan, bizə ilk yardıma gələn məhz Qafqaz İslam Ordusu idi, türk ordusu idi. Ayrı-ayrı ideoloji dövlət quruluşları səbəbindən müəyyən dövrlərdə əlaqələr, qarşılıqlı dəstək azalsa da, 1919-cu ildə Atatürk Samsunda milli-azadlıq hərəkatına başlayanda ona dəstək verən Azərbaycan xalqı oldu. Azərbaycan türkləri qardaş yardımlaşmasında iştirak etdi. Müasir Türkiyə Cümhuriyyətinin qurulmasında da Azərbaycan türkləri müstəsna xidmətlər göstəriblər. Türk xalqının qurtuluş savaşı başlayanda Azərbaycanda Xalq Cümhuriyyəti var idi. Ancaq tarixi-siyasi proseslər o zaman elə idi ki, Cümhuriyyət birbaşa və açıq şəkildə qurtuluş savaşına dəstəyini həyata keçirə bilmirdi. Nəsib bəy Yusifbəyli Türkiyənin İstiqlal savaşına Azərbaycanın maddi-mənəvi dəstəyini təmin edərək 1.5 milyon frank rublu qurtuluş savaşını aparan qardaşlarımıza vermişdi. Sonrakı dönəmdə də bu cür dəstəklər olmuşdu. AXC-dən sonra Nəriman Nərimanov dönəmində də Türkiyənin qurtuluş savaşına dəstəyini əsirgəməyib. Son olaraq onu deyim ki, Azərbaycan-Türkiyə münasibətlərinin çox sağlam təməli var. Heç şübhəsiz, möhkəm əlaqələrin formalaşmasında hər iki ölkəni idarə edən liderlərin müstəsna xidmətləri var".


  Daha sonra çıxış üçün söz Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Cahit Bağçıya verilib. Səfir Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr olunmuş konfrans təşkil etdiyi üçün Azərbaycan Türk Ocağına təşəkkürünü bildirib. C.Bağçı qeyd edib ki, Türkiyə Cümhuriyyəti kökləri yüzillər öncəsinə dayanan, 2 min illik tarixi keçmişə və dövlətçiliyə sahib olan bir ölkədir: 

"Türkiyə Azərbaycan türkləri tarix boyu eyni coğrafiyada qardaş xalq olaraq yaşayıblar və bu gün iki ayrı müstəqil dövlət olaraq qardaşlıq və dostluq əlaqələrimizi davam etdiririk. Türkiyənin son yüz ilində baş verənləri xatırlamaq, təhlil etmək müasir dövrdə baş verən hadisələri düzgün anlamaq baxımından çox vacibdir. Həm də bunları Türk ocaqları kimi köklü keçmişə sahib bir cəmiyyətin Türk dünyasına xidmətləri çərçivəsində gündəmə gətirməsi daha önəmlidir. Əlbəttə, Türkiyənin son yüz ilini Atatürksüz anlatmaq olmaz. O baxımdan bugünkü tədbirin və çıxışların Atatürk Mərkəzində olması da əhəmiyyətlidir. Türkiyənin quruluş dönəmində bəhs edilən "qardaş köməyi" məfhumu dövlətlərin siyasi əlaqələrinin üzərində dayanan, bütün xalqın, toplumun ortaq duyğusunu özündə ehtiva edən bir tarixi reallıqdır. Qardaş köməyinin başlanğıcı çox əvvəllərə gedib çıxır. Osmanlının son dönəmində İstanbulun üzləşdiyi siyasi təzyiqlər, problemlər Bakıda çox yaxından izlənilirdi. Azərbaycanda həmin dövrdə nəşr olunan qəzetlərin əksəriyyətində İstanbulda yaşananlar, Osmanlının fərqli bölgələrində baş verənlər əksini tapırdı. Azərbaycan xalqı İstanbula, Osmanlı türklərinə görə ciddi narahatlıq duyurdu. 19-cu əsrin sonlarında məşhur xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin maliyyə dəstəyi ilə Ədirnədə yetimlər evi inşa edilmişdi. Bakıda xeyirxah insanlar Osmanlı türkləri və fərqli yerlərdə yaşayan türk xalqları üçün səfərbər olurdular, onlara yardımlar göndərirdilər. Yəni qardaş köməyi daha əvvəlki dönəmlərə gedib çıxır". 

  Türkiyə səfiri əlavə edib ki, rusların Qarsı, Ərdəhanı, Batumini işğal etməsindən sonra Anadoludan, Gürcüstandan türklər Bakıda və 3-5 min adamın ancaq yerləşəcəyi Nargin adasında 10 mindən çox türk əsiri yerləşdirildi. Onlara əsirlikdə qeyri-insani münasibət göstərildi:

 "Xeyli sayda insanımız zülmlərə, işgəncələrə dözməyərək həyatını itirdilər. Həmin dövrdə də qardaş köməyi dövrəyə girdi. Nargin adasındakı xəstələrə, yaralılara bacardıqları köməkliyi göstərdilər. Çanaqqala savaşlarında da qardaş köməyini əyani şəkildə gördük. Qardaşlarımız bizimlə eyni cəbhədə çiyin-çiyinə savaşdılar, düşmənə qarşı mübarizə apardılar, birlikdə qazilik, şəhidlik zirvəsinə ucaldılar. Eyniylə 1918-ci ildə Azərbaycanın başı dərddə olarkən, Osmanlı dövləti Nuru paşa komandanlığında hərbi birlik Gəncəyə qardaşlarına yardıma gəldilər. Nəriman Nərimanovla Atatürk arasındakı yardımlaşma, "qardaşın qardaşa borcu olmaz" ifadəsi də hər kəsin hafizəsindədir. Qurtuluş savaşında ilk müraciət edilən Azərbaycan olur. Azərbaycan dövləti də çox önəmli bir yardımı Türkiyəyə göndərir".
  Cahit Bağçı bəyan edib ki, Azərbaycan 44 günlük savaşda öz torpaqlarının böyük hissəsini, sentyabrın 19-20 tarixlərində isə geri qalan hissəsini düşməndən təmizləyərək ərazi bütövlüyünü bərpa etdi:

 "Məhz həmin həssas dönəmdə də Azərbaycanın yanında yer alan, dəstəyini əsirgəməyən tək ölkə Türkiyə oldu. Bunu minillik əlaqələrimizə və zehinlərimizdə hələ də canlı olan qardaş köməyinin mayasına borcluyuq. Bu duruş çox önəmli olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təsis edilməsində son dərəcə önəmli rol oynadı. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da bir müddət öncə Birləşmiş Millətlər Təşkilatı kürsüsündən iki məsələni şəxsən gündəmə gətirdi. Birincisi, Qarabağ məsələsi, ikincisi isə Fələstinin haqlı davası idi. Hər iki məsələdə Türkiyənin sağlam və qətiyyətli mövqeyi növbəti dəfə BMT tribunasından bütün dünyanın diqqətinə çatdırıldı".
  Diplomat Türkiyədə baş vermiş meşə yanğınları və zəlzələlər zamanı Azərbaycan dövlətinin və xalqının yardımlarını da xatırladıb: "Bu hadisələrdə Azərbaycanın hərtərəfli dəstəyinin şahidi olduq. Mən fövqəladə hallar naziri Kəmaləddin Heydərova təşəkkür etdiyim zaman sadəcə bir kəlmə söylədi, "borcumuzdur" dedi. Bundan daha təsirli qardaş köməyi ola bilməz. Biz yardımlaşmanı qardaşın qardaşa olan öhdəliyi kimi görürük. Eyniylə Türkiyədə baş verən dəhşətli zəlzələlər, dağıntılar zamanı da Azərbaycan dövlətinin və qardaş xalqın yardımlaşmasını gördük. Həmin dövrdə hər gün 20-30 yük maşınları Türkiyəyə yola salınırdı. Bütün Azərbaycan xalqı Türkiyə üçün səfərbər olmuşdu. Buna görə Azərbaycan dövlətinin başçısına, qardaş xalqa yenidən öz təşəkkürümü bildirirəm". 

  Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer bildirib ki, Türkiyə Cümhuriyyətinin quruluşunun yüz illiyi böyük coşğu ilə qeyd edilməkdədir. Onun sözlərinə görə, qardaş köməyinin nə qədər dəyərli və mühüm olması hər gün daha da anlaşılmaqdadır: 


 
"Ana Vətənimiz Türkiyə ilə can Azərbaycanın qardaşlığı Türk dünyasının ayrılmaz parçası olan Kıbrıs türklərini də ziyadəsi ilə məmnun etməkdədir. Bir neçə gün əvvəl hörmətli Prezidentimiz Ersin Tatar Azərbaycanda ilk dəfə səfərdə oldu. Qardaşlığın nə olduğunu bu ziyarət əsnasında kıbrıslı türklər olaraq yenidən gördük. Hörmətli prezidentimizə can Azərbaycanda göstərilən münasibət, səmimi qonaqpərvərlik üçün başda Prezident İlham Əliyev olmaqla bütün rəsmi qurumlara və qardaş xalqa təşəkkürlərimizi bildiririk. 3 dövlət arasındakı könül bağları liderlərin cəsarətləri və əzmi sayəsində daha da sıxlaşmaqdadır. Azərbaycanın şanlı Qarabağ zəfəri, torpaq bütövlüyünü təmin etməsi kıbrıs türklərində də böyük sevinc və qürurla qarşılandı. Səsimizi qardaş Azərbaycanda duyurmaq bizim üçün çox önəmlidir". 


 
  Millət vəkili Arzu Nağıyev deyib ki, Azərbaycan Türk Ocağı mütəmadi olaraq bu tipli tədbirlər keçirməklə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da inkişafına mühüm töhfə verir və bu əlaqələri gənc nəslə aşılayır. Deputat bunu çox müsbət hal kimi dəyərləndirib:

"Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq üzərində qurulub. Bu münasibətə bütün dünya həsəd aparır. Əsas məsələ odur ki, Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlər ən ciddi, böyük, makroiqtisadi əlaqələrlə bağlıdır. Bu əlaqələr Azərbaycan neftinin Avropaya çıxarılmasında, digər böyük layihələrin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində böyük əhəmiyyət kəsb edir. Bunun da təməli illər öncə qoyulmuş dostluqdan doğan bir münasibətdir. Türkiyə daim Azərbaycanın sözünü böyük kürsülərdən deyən qardaş dövlətdir. Paralel olaraq da Azərbaycan Türkiyənin sözünü beynəlxalq tribunalardan dünyanın diqqətinə çatdırır. İki dövlət başçısının bir-birinə olan şəxsi münasibətləri dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm rol oynayır. 44 günlük savaş ərzində Azərbaycan bayrağı ilə yanaşı, hər yerdə Türkiyənin də bayrağı dalğalanırdı. Bu, simvolik deyildi, ürəkdən gələn hisslərin tərənnümü idi. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, xüsusi təyinatlı qüvvələrdə xidmət etmişəm. Kaş o zaman yanımızda indiki kimi güclü Türkiyə olardı. Kıbrısın hörmətli Prezidenti Ersin Tatarın ölkəmizə səfəri çərçivəsində görüşlərdə mən də iştirak etdim. Çox qürurverici hisslər yaşadıq ki, məhz bir türk dövləti də Azərbaycanın yanındadır. Düşünürəm ki, Kıbrısın tanınması istiqamətində mühüm addımlar atılmalıdır və atılacaq". 

  Sabiq təhsil naziri, filologiya elmləri doktoru, professor Firudin Cəlilov bildirib ki, Türkiyə Cümhuriyyətinin quruluşunun yüz illiyinin qeyd olunması çox önəmli və şanlı tarixdir. Alim vurğulayıb ki, vaxt var idi, dünyada bir müstəqil Türkiyə Cümhuriyyəti var idi və dünyada olan 250 milyon türkün gözü həmin dövlətdə idi: 

"Bütün türklər Türkiyə Cümhuriyyətini öz dövləti kimi qəbul edirdi. 90 yaşında dünyasını dəyişən rəhmətlik nənəm deyirdi ki, "radioda Türkiyə kanallarını tap, türkcə eşidim". Yəni demək istəyirəm ki, adi insanlarımız belə Türkiyəyə işıq, dayaq nöqtəsi kimi, qurtuluş kimi baxıblar. Allah sonradan nəsib etdi, Türkiyənin qardaş dövlətləri də ortalığa çıxdı, müstəqil oldular. İndi sual odur ki, bizi nə gözləyir? Qarşıdakı yüz illiklərə nə qoyub getməliyik? Bizə lazım olan türk dövlətlərinin birliyidir. Avropa Birliyi kimi bir quruma ehtiyac var və bunu da gündəmə gətiriblər. Əfsuslar ki, bu işi "beşinci kolon"a xidmət edən məmurlara həvalə ediblər. Onlar da imkan vermir ki, bu ideya reallaşsın. Türk birliyinə getmək üçün ilk növbədə ortaq əlifba, sonra ortaq dərsliklər lazımdır". 




 
  Tarixçi-alim Firdovsiyyə Əhmədova vurğulayıb ki, biz burda üç dövləti təmsil edirik. Alim çox əlamətdar gün ərəfəsində olduğumuzu deyib:
 "Türkiyə Cümhuriyyətinin yüz illiyi ilə bağlı qardaş ölkənin mediasında, televiziyasında video-çarxlar intensivləşib. Türkiyə xalqı bu tarixi günə çatmaq üçün böyük mücadilə verib. Türkiyə və Azərbaycan xalqları arasında münasibətlər, qardaşlıq əlaqələri sağlam təməllər üzərində qurulub. Çünki belə yaxın əlaqələr dövlət başçılarının sərəncamları, əmrləri ilə formalaşmır. Kökləri daha dərindir. Türkiyə-Azərbaycan xalqları arasında qardaş köməyi sadəcə qurtuluş savaşı ilə məhdudlaşmır. Buna Balkan savaşlarından başlamaq lazımdır. Rusiya imperiyasının altında əzilən bir xalqın Türkiyəyə yardım göstərməsi, dəstək verməsi çox önəmli idi. "Qardaş köməyi" sadəcə quru ifadə deyil. 1915-ci ildə "Qardaş köməyi" adlı jurnal nəşr olunurdu, təşkilat var idi".

  Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, Qafqaz İslam Ordusu türk tarixi və Türkiyə üçün böyük şərəf səhifəsidir. Ancaq general Qafqaz İslam Ordusunun Türkiyədə çox dərin bilinməməsinə təəssüf edib: "Mən də bu barədə Azərbaycanda çalışmağa başladıqdan sonra geniş, ətraflı öyrəndim. Dünyada ən çox türk şəhidlərinin olduğu məkan Azərbaycandır. Adını çox eşitsək də Nargin adası ilə bağlı sonradan bilgilər əldə etdim. Bir hadisəni danışım, tanınmış sənətkar Emel Sayın deyirdi ki, o, 1980-ci illərdə Azərbaycanda konsert verdiyi zaman onun dediklərini xalq gözəl başa düşürdü. Türkiyə və Azərbaycanın yaxınlığı, münasibətləri çox dərin və yüksəkdir. Bir neçə gündür Bakıda, Naxçıvanda və işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə Azərbaycanın ortaq hərbi təlimləri keçirilir. Təlimlərin adı "Mustafa Kamal Atatürk 2023"-dür. Bu adın seçilməsi çox önəmlidir. Əslində, Türkiyə və Azərbaycanın əlaqələrinin əsasını hərbi münasibətlər təşkil edir".  



 
 
  Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatının sədri Əjdər Tağızadə diqqətə çatdırıb ki, Türkiyə Cümhuriyyəti ilə bizi bir-birinə bağlayan amil türklükdür, hakimiyyətlər isə gəldi-gedərdir: "Atatürk deyirdi ki, "milliyyətçi doğuldum və o cür də yaşayacam". Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan zaman-zaman söyləyir ki, "dünya beşdən böyükdür". Bəs altıncısı kimdir? Altıncısı sayı 300 milyondan yuxarı olan türk millətidir. Cümhuriyyətimizi quranlar türklük əsasında sekulyar, dünyəvi cümhuriyyət qurublar. 44 günlük savaşda qalib gəlməyimizdə mühüm amillərdən biri də yanımızda olan güclü Türkiyə idi. Bu da təkcə silah, hərbi texnika anlamında deyildi, böyük ruhla bağlı idi. Kimsə türk olduğunu deyirsə və Azərbaycanın güneyində 40 milyon türkü görmürsə, onun türklüyündə şübhə var. Həmçinin, illərdir çağırış edirik ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıyın, ilk növbədə özümüz, türk dövlətləri tanıyaq. Hörmətli Prezident Ersin Tatarın Azərbaycana səfəri bizi çox sevindirdi".

  Tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova deyib ki, Türk dünyası bəşəri sivilizasiyaya böyük töhfələr verib: "İlk dövlət yaradanlar, dövlətçilik ənənəsi qoyanlar da türklər olub. Müsəlman şərqinin azadlıq simvoluna çevrilən Mustafa Kamal Atatürkün millətin istiqlalında, haqq mübarizəsində müstəsna xidmətləri olub. O, adını tarixə qızıl hərflərlə yazdırıb". 

  Tarix üzrə fəlsəfə doktoru Mahir Qəriboğlu da bildirib ki, bu günədək edilənlər bizim üçün əmanətdir: "Biz də o yolun yolçularıyıq. Unutmayaq ki, bizə ən böyük dəstəyi qardaş Türkiyə Cümhuriyyəti verib".