ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris bildirib ki, ABŞ ilə İran arasında baş verən müharibədə əsas qalib Rusiya olub. Onun sözlərinə görə, buna səbəb Rusiya neftinə qarşı sanksiyaların yumşaldılmasıdır.
Sherg.az xəbər verir ki, Harris bu fikirləri Nevada ştatında Demokrat Partiyasının liderləri ilə görüşdə səsləndirib.
O qeyd edib ki, yaranmış vəziyyət Rusiyaya əvvəllər satışı qadağan edilən nefti bazara çıxarmaq və bundan gəlir əldə etmək imkanı verir:
“Bu nə deməkdir, anlayırsınızmı? Onlar normalda sata bilməyəcəkləri nefti sataraq pul qazanırlar. Bu həm də o deməkdir ki, biz İranla müharibə üçün artilleriya, sursat və hava hücumundan müdafiə vasitələri göndəririk. Halbuki bu resurslar başqa halda Ukraynaya yönləndirilə bilərdi. Yəni nəticələr kifayət qədər ciddidir”.
Müharibənin başlamasından sonra neft qiymətləri kəskin artıb. Buna səbəb Hörmüz boğazının bağlanması olub. Aprelin sonlarında bir barel neftin qiyməti 120 dollardan yuxarı qalxıb.
Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən, mart ayında Rusiyanın neft ixracından əldə etdiyi gəlir demək olar ki, iki dəfə artaraq 19 milyard dollara çatıb. Rusiya maliyyə naziri Anton Siluanov isə may ayının əvvəlində bildirib ki, neft qiymətlərinin yüksəlməsi ölkə büdcəsinə əlavə olaraq təxminən 200 milyard rubl gəlir gətirə bilər.