Latviya hər zaman beynəlxalq arenada Azərbaycanın yanında olub - ŞƏRH

“İkitərəfli münasibətlər İlham Əliyev dövründə ən yüksək səviyyəyə çatıb”

Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında 5 mühüm sənəd mübadilə edilib.

“Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”- bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb. Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.

Siyasi elmlər doktoru, politoloq Vaqif Abdullayev Sherg.az-a bildirib ki, Azərbaycan və Latviya dost ölkələr kimi çox yaxın siyasi-iqtisadi, humanitar əlaqələrə malikdir. Onun sözlərinə görə, sovetlər dövründə müttəfiq respublika kimi tərəflər arasında möhkəm iqtisadi və mədəni əlaqələr formalaşıb:

“Müstəqillik dövründə hər iki ölkə arasında qurulmuş diplomatik münasibətlər bu təmasları yeni mərhələyə doğru irəlilədib. Ulu öndər Heydər Əliyevin Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində yüksəlməsində isə olduqca böyük xidmətləri vardır. Onun 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı Latviyanın dövlət başçısı ilə görüşü əlaqələrin inkişafı üçün dərin zəmin yaradıb. Sonrakı illərdə Latviyanın yüksək səviyyəli hökumət nümayndə heyətlərinin ölkəmizə səfərləri tərəfləri bir-birinə daha sıx yaxınlaşdırıb. Latviya beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını daim müdafiə edib, rəsmi Riqanın ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməmiş, daha da əlaqələrin hərarəti ilbəil artıbdır.

2000-ci illərdə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Latviya münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

Prezident İlham Əliyevin 2017-ci ildə Latviya Respublikasına rəsmi səfəri ikitərəfli əlaqələri daha inkişaf etdirib”. 

Politoloq qeyd edib ki, Latviya Prezidentinin ölkəmizə səfəri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib. Latviyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması da münasibətlərinin genişlənməsində fəallıq nümayiş etdirir: 

“Hazırda iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir və Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında yeni mərhələ açacaq”.