Ermənistanın müxalif “Ermənistan” blokundan olan deputat Lilit Qalstyan ATƏT Parlament Assambleyasının Haaqada keçirilən 33-cü sessiyasında çıxışı zamanı qurumu Bakıdan erməni əsilli saxlanılan şəxslərin azad edilməsini tələb etməyə çağırıb.
Sherg.az xəbər verir ki, Qalstyan çıxışında hazırda Azərbaycanda ən azı 19 erməninin saxlanıldığını iddia edib və onların azad olunması üçün beynəlxalq təzyiqin artırılmasını istəyib.
Deputat bildirib ki, daha əvvəl keçmiş Qarabağ rəhbərləri üzərində aparılan məhkəmə proseslərinin monitorinqi və erməni mədəni irsinin vəziyyətinin araşdırılması üçün beynəlxalq missiyanın Bakıya göndərilməsini təklif etsə də, bu təşəbbüs dəstəklənməyib.
Qalstyan ATƏT-i baş verənlərə reaksiya verməməkdə ittiham edərək, bunun təşkilatın əsas prinsiplərinin zəifləməsinə səbəb olduğunu deyib. O, həmçinin Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun təsdiqlənməsini və bölgədəki mədəni irsin qorunmasını tələb edib.
Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağda keçmiş qanunsuz rejimin nümayəndələrinə qarşı aparılan məhkəmə proseslərinin ölkə qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirir.