Vaşinqton razılaşmaları və nəhəng quruculuq işləri - İlham Əliyevin sülh və inkişaf strategiyasıdır
Milli Məclisin dünənki plenar iclas zamanı Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanıb. Bununla bağlı Milli Məclisin dünən keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Təbrik məktubu deputatların alqışları ilə qəbul edilib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Prezidentin İlham Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsidir. Spiker qeyd edib ki, bu gün Azərbaycanın tarixi torpaqlarında böyük quruculuq-abadlıq işləri uğurla icra edilir: "Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin liderliyi ilə öz hədəflərinə çatacaq. Bildiyiniz kimi, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır". Sahibə Qafarova bildirib ki, məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilmiş, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir: "Son 22 ildə möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün şəraitinə və qlobal transformasiyaların tələblərinə uyğunlaşdırmağa imkan vermişdir. Möhtərəm İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq birliyin önəmli bir üzvünə çevrilib. Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması ölkəmizin inkişafında yeni mərhələ açmışdır”.
"Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq"
Spiker əlavə edib ki, möhtərəm Prezidentin sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olmuşdur: “Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açmışdır. Ölkəmizin davamlı iqtisadi inkişafı xalqımızın və dövlətimizin rifahına yönələn möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Prezidentin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişən nəhəng quruculuq işləri sürətlə həyata keçirilir. Məcburi köçkün soydaşlarımız mərhələ-mərhələ ata-baba yurdlarına dönürlər”. Sahibə Qafarova vurğulayıb ki, ölkəmizin xoşbəxt gələcəyi İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır: “Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.
"Prezidentə ünvanlanan təbriklərin dili dəyişib"
Deputat Zahid Oruc deyib ki, liderin tarixdə yeri təkcə öz xalqının ona verdiyi qiymətlə ölçülmür. Əsl meyar başqa millətlərin, o cümlədən, digər dövlət başçılarının ona münasibəti ilə müəyyənləşir: "İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu. İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər: "Təbriklərin dili dəyişib - çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib. Tarix belə liderləri dövrün adı ilə yadda saxlayır: Ruzvelt dövrü. Çörçill dövrü. İlham Əliyev dövrü. O, Birinci Katibin övladı, imperiyanın üçüncü Adamının oğlu, Prezidentin siyasi varisi olmasına baxmayaraq, sadə xalqın arzularının daşıyıcısı, əli qabarlı insanların ümidlərinin ifadəçisi oldu. İlham Əliyev yüz illərin “kimdir günahkar”, dilemmasını tariximizdən sildi, nəsillərarası günahı sonlandırdı. İndi sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras edirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq. 90-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını nailiyyət kimi təqdim edənlər, o zaman dövlətin zəifliyi nəticəsində həmin qüvvələrin 20 faizlik torpaqlar üzərində, faktiki ərazilərimizdən heç yerə getmədiyini etiraf etmirlər. Lakin 2024-cü ildə rus hərbi kontingentinin müharibəsiz, itkisiz və Bakı tərəfindən müəyyən edilən qrafiklə, vaxtından bir il əvvəl torpaqlarımızı tərk etməsi 1-ci Pyotrdan sonra Qafqazda tək nümunədir. İlk dəfədir, xarici hərbi qüvvələr qalib və suveren dövlətin siyasi iradəsi ilə çıxarılır. Bir vaxtlar İkinci Dünya müharibəsindəki qəhrəmanlığımızdan danışarkən deyirdik: “Azərbaycan oğulları Qafqazdan Berlinə qədər şərəfli yol keçib”. Lakin 30 il öz torpaqlarımıza gedə bilmirdik. Biz indi istənilən Avropa paytaxtına Zəngilandan, Füzulidən uça bilirik. Torpaqlarımız kimi, hava məkanımız da azaddır. Müharibədən sonrakı dövrün qəhrəmanı artıq fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir. Yeni Vətən quran bənnanın da, dağları aşan elektrik ustasının da, su çəkən mühəndisin də mülki Ali Baş Komandanı Odur".
"Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb"
Deputat Vüqar Bayramov deyib ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. O qeyd edib ki, bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb: "Yəni dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isə o deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələyib. Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni həmin müddətdən qlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb. Fiskal gəlirlərimiz və eləcə də qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbər verir ki, son 22 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib".
"Əsrə bərabər 22 ilin zirvəsində torpaqlarımızın azad olunması dayanır"
Millət vəkili Ceyhun Məmmədov deyib ki, 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna qədəm qoydu. O qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri özündən sonra onun siyasi kursunu böyük uzaqgörənliklə və müdriklə davam etdirə biləcək layiqli varis yetişdirməsidir: "O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü tam doğruldub. Əsrə bərabər 22 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi".
"2003-cü ildən indiyədək 250-dən artıq məscid tikilib və bərpa edilib"
Deputat bildirib ki, bu gün Prezident İlham Əliyevin gərgin əməyi, güclü səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir: “Möhtərəm Prezidentimiz İlham Əliyev təhsil sahəsinə hər zaman yüksək diqqət göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsait ilk yerlərdən birini tutur. Eyni zamanda, dövlət başçısının uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda dini dözümlülük və tolerantlıq dövlət siyasətinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası, yenilərinin inşası sahəsində ardıcıl tədbirlər milli-mənəvi dəyərlərimizə olan böyük diqqətdir. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dən artıq məscid tikilib və bərpa edilib. Bütün cəbrayıllılar adından möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın inkişafı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq".