Naxçıvanın regional iqtisadi və nəqliyyat əlaqələrində oynaya biləcəyi rol Azərbaycanın Cənubi Qafqaz siyasətinin mühüm istiqamətlərindən biridir. Muxtar respublikanın coğrafi mövqeyi onu Türkiyə, İran və Ermənistanla əlaqələrin kəsişdiyi mühüm məkanlardan birinə çevirir. Bu baxımdan burada həyata keçirilən infrastruktur və enerji layihələri ilə yanaşı, Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin bərpasına dair təşəbbüslər də xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Naxçıvana səfəri də bu proseslərin fonunda diqqət çəkir. Səfər çərçivəsində müzakirə olunan məsələlər Naxçıvanın gələcək inkişaf perspektivləri ilə yanaşı, Azərbaycanın regional tranzit imkanlarının genişləndirilməsi, yeni ticarət marşrutlarının formalaşması və Avrasiya məkanında nəqliyyat əlaqələrinin şaxələndirilməsi baxımından da əhəmiyyət kəsb edir. Xüsusilə TRIPP layihəsi ətrafında yaranan yeni imkanların Naxçıvanın iqtisadi potensialına və regionun ümumi nəqliyyat arxitekturasına necə təsir göstərəcəyi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Sherg.az-a danışan tarixçi alim, BDU jurnalistika fakültəsinin müəllimi Mahir Qəribov 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan üçün yeni bir dövr və eranın başladığını vurğulayıb:
"Bu, iqtisadiyyat, mədəniyyət sahəsində yüksəliş və inkişaf erasındır. Müasir dövrdə Qarabağda bərpa-quruculuq işləri davam etdiyi kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da Şərqlə Qərbi, Şimal və Cənub marşrutlarını birləşdirən mənəvi körpü olmalıdır.
XII əsrin dahi memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Naxçıvanda inşa etdiyi Möminə Xatun türbəsinin üzərində belə bir söz var: "Biz gedirik, yalnız qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”.
Müasir dövrdə Naxçıvanda yeni infrastruktur layihələri hazırlanır, yaşıl enerji istehsalı imkanı yaranır. Bütün bu yeniliklərin, bütün bu yeni islahatların müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir".
Azərbaycanlı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Natəvan Dəmirçioğlu xatırladıb ki, Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə səbəb 1920-ci ildə onun Azərbaycanın əsas hissəsi ilə orta coğrafi mövqedə yerləşən Zəngəzur mahalının zorla alınaraq Ermənistana verilməsi oldu:
"Gorusun, Sisyanın, Meğrinin Azərbaycandan qoparılaraq Ermənistana rəsmən birləşdirilməsi artıq Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yolunun kəsilməsinə səbəb olmuşdur. Bu, çox ağır bir hadisə idi. 1921-ci ildə isə Qars müqaviləsi bağlandı. Qars müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz ölkələri- Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlandı. Beləliklə, bu müqaviləyə əsasən Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəsmi inzibati sərhədləri müəyyən edildi. Eyni zamanda Naxçıvanın muxtariyyət hüququ təsdiqləndi. 44 günlük Vətən müharibəsinin zəfərindən və bir sutkalıq antiterror əməliyyatının uğurundan, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanmasından sonra məhz Zəngəzur dəhlizinin açılması məsələsi gündəm oldu, reallaşdı.
Başqa adı ilə TRIPP layihəsi həyata keçirilmək üçün beynəlxalq aləmin, siyasi arenanın müstəvisinə gətirildi. Bu layihə son dərəcə böyük bir layihədir".
Professor qeyd edib ki, TRİPP gələcəyə böyük bir vəd, iqtisadi, siyasi, mədəni uğurlar vədidir:
"Layihə eyni zamanda iqtisadi inkişafın, siyasi sabitliyin, mədəni yüksəlişin səbəbkarı olacaq. Bunu iki ölkədən başqa Cənubi Qafqaz və ümumiyyətlə Avrasiya məkanı çox səbirsizliklə gözləyir. Çünki bu, elə ümumi Avrasiya məkanına böyük bir gələcək vədidir. İnanırıq ki, bugün Naxçıvanda keçirilən görüş o böyük gələcəyə doğru uğurlu addımlar atacaq.
Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin həyata keçirilməsi birbaşa Azərbaycanın, onun Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi diplomatiyasının nəticəsidir. Bu, dünyanın rifahı, bölgənin sülhü və inkişafı üçündür. Biz buna inanırıq və Dədə Qorqud demiş, deyirik ki, xeyirlə, uğurla başlasın".