Neytral, tərəfsiz bir platforma da sülhə xidmət edəcək - ŞƏRH

Hələ Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələr olmadığına görə, qarşılıqlı səfərlər də mümkün deyil 

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan parlamentariləri arasında geniştərkibli görüşün keçirilə biləcəyini istisna etməyib. O, bu məsələni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə müzakirə edəcəyini deyib. Simonyan vurğulayıb ki, təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırlar: "Azərbaycanlı həmkarım da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdədir. Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın iclası çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri (Sahibə Qafarova) arasında görüşün olacağını güman edirəm. Artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik".

Mövzunu Sherg.az-a dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, avqustun 8-də Azərbaycan və Ermənistan tərəfinin parafladığı sülh sənədi layihəsi iki ölkə arasında etimad mühitinin şaquli dərinliyini zəruri edir. Deputat diqqətə çatdırıb ki, əgər sülh sazişinin mətni razılaşdırılıbsa, bundan sonrakı mərhələ qarşılıqlı etimad mühitinin yaradılması, imzalanması nəzərdə tutulan sənədin hüquqi zəmininin möhkəmləndirilməsidir: "Bu kontekstdə əlbəttə ki, əlavə diplomatiya alətlərinə ehtiyac var. Artıq bilirik ki, ictimai diplomatiyanın bəzi mexanizmləri bu prosesdə tətbiq olunur. Parlament diplomatiyası isə çox səmərəli olmaqla ayrıca əhəmiyyət kəsb edən bir platformadır. Ona görə ki, hər iki ölkənin parlamenti xalqın verdiyi səslərlə deputatlıq mandatı qazanmış şəxslərdən ibarətdir. Bu isə imzalanması nəzərdə tutulan sülh sənədinin xalq tərəfindən mənimsənilməsi üçün olduqca yaxşı zəmin yaradır. İki ölkənin parlament sədrlərinin və deputatlarının görüşündə xarici platformanın axtarılması da məncə praqmatik yanaşmadır. Çünki hələ Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələr olmadığına görə, qarşılıqlı səfərlər də mümkün deyil. O səbəbdən neytral, tərəfsiz bir platformada görüşlərin keçirilməsi sülhə xidmət edəcək. Bundan sonra hər iki ölkənin parlamentariləri sülh fəlsəfəsini, sülh məqsədlərini öz elektoratlarına daha yaxşı izah edə biləcəklər. Bu da şübhəsiz ki, etimad mühitini gücləndirəcək".