Parlamentdə xalqa xidmət edən bir nəfər belə deputat yoxdur - Sərdar Cəlaloğlu

  • Milli Məclis Azərbaycan vətəndaşlarının icra strukturları tərəfindən talan edilməsində vasitəçi rol oynayır
  • Hələ bu günə qədər Milli Məclisdə hansısa məsələ ilə bağlı kürsüdə prinsipial mövqe nümayiş etdirən millət vəkili görməmişəm

Yerli media qurumunun keçirdiyi son sorğu cəmiyyətdə maraqlı bir reallığı üzə çıxarıb. Əhalinin 90 faizi öz seçki dairəsindən olan deputatları belə tanımadıqlarını söyləyiblər. Vətəndaşların böyük əksəriyyəti deputatların görüşlər keçirməməsini və ümumi fəaliyyətsizliyini kəskin tənqid edib.

Azərbaycan Respublikasının Milli Məclisində 125 deputat təmsil olunur. Hər birinin aylıq rəsmi vəzifə gəliri 9 min manat təşkil edir. Bu isə ümumilikdə hər ay dövlət büdcəsindən (vətəndaşların verdiyi vergilərdən) deputat maaşlarına 112500 vəsaitin ayrılması deməkdir. Bəs xalq dövlətdən bu qədər yüksək məbləğdə təminat alan deputatları nə səbəbə tanımır? Daha doğrusu, onlar nəyə görə aldıqları maaşın və etimadın haqqını mandatın məsuliyyətini daşımaqla deyil, parlament kürsüsündə mürgüləməklə ödəyirlər? 

Mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sherg.az-a bildirib ki, millət vəkilləri haqqında qanun, elə digər qanunlar kimi işləmir:

“Qanunda seçicilərlə millət vəkillərinin əlaqələri ilə bağlı açıq müddəalar var. Həmin müddəalara əsasən, deputatlar mütəmadi olaraq xalqla görüşməli, seçicilərin problemlərini öyrənməli, imkan çərçivəsində onlara kömək etməlidir. Eləcə də, problemlərin həllində nizamlayıcı və qanunverici təşəbbüslə çıxış eləməlidirlər. Azərbaycanda isə ümumiyyətlə Parlament özünün parlament funksiyasını yerinə yetirmir. Vaxtı ilə Amerika Dövlət Departamentinin hesabatında yazılmışdı ki, Azərbaycan Parlamenti icra hakimiyyətinin kargüzarlıq idarəsi kimi işləyir. Yəni, Prezident Aparatından bir dənə məktub göndərilir, onu möhürləyir vəssalam. Başqa bir işə qulluq eləmirlər. Hətta göndərilən qanunların nöqtə və vergülünə belə toxunulmur. Bu da Azərbaycanda qanunların ayrı-ayrı mafioz qrupların və maraq dairələrinin maraqlarına satıldığını göstərir. Məsələn, cərimələrin, bank kredit faizlərinin və dövlət rüsumlarının artırılması birbaşa həmin təşkilatların sifarişi ilə həyata keçirilən bir addımdır”.  

Müsahibin sözlərinə görə, xalqın qazandığı cərimələrə gedir:

“Təsəvvür edin ki, vətəndaşların real gəlirlərində heç bir artım yoxdur. Amma cərimə, faiz və rüsumlar durmadan artır. Axı xalqı talamaq onlara sərf edir. Qanun elə verilib ki, qoyulan rüsumlar və faizlərin bir hissəsi həmin müəssisələrin birbaşa özünə çatır. Şərtlər nə qədər ağırlaşdırılırsa, həmin qurumların əldə etdiyi mənfəət də bir o qədər artır. Milli Məclisə davamlı olaraq yeni qanun layihələri hazırlanaraq göndərilir. Millət vəkilləri də vətəndaşların deyil, hakim elitanın maraqlarını müdafiə etdiklərinə görə, həmin qanunları dinməz-söyləməz təsdiqləyirlər. Faktiki olaraq, Milli Məclis Azərbaycan vətəndaşlarının icra strukturları tərəfindən talan edilməsində vasitəçi rol oynayır. Bundan artıq Milli Məclisin heç bir rolu yoxdur. Nümunəyə bir deputat yoxdur ki adını verim”. 

S.Cəlaloğlunun fikrincə, konstitusion normalar deputatlara real millət vəkili kimi fəaliyyət göstərməyinə imkan vermir:

“Ona görə də mən orada kimisə xüsusi şəkildə fərqləndirməzdim. Bəzən, istər iqtidar tərəfindən, istər də müxalifətdən siyasi cəhətdən aktiv deputatlar görürük. İqtidar tərəfindən yadımda qalanı Zahid Oruc və Elşən Musayevdir. Məsələn, Zahid Oruc çox konseptual (dövlətçilik mövqeyi ilə) çıxış edir. Oradakıların çoxu onun cərgəsində yer alır. Hələ bu günə qədər Milli Məclisdə hansısa məsələ ilə bağlı kürsüdə prinsipial mövqe nümayiş etdirən millət vəkili görməmişəm. Bir çox deputat nəinki xalqın yanında durmur, hətta Azərbaycanın tarixinə, mədəniyyətinə, elminə və cəmiyyətin təməl dəyərlərinə qarşı açıq-aşkar təhqirlər səsləndirməkdən belə çəkinmir. Parlament seçki ilə formalaşdırılmadığına görə heç bir deputatı oraya uyğun bilmirəm. Elə deputat var ki, hansısa ictimai faciəyə ürəkdən acıyır, buna qarşı səmimi mövqe nümayiş etdirir. Lakin bu, onun deputat kimi fəaliyyətini əsaslandırmır. Azərbaycan parlamentində xalqa xidmət etmək öhdəliyini layiqincə yerinə yetirən bir nəfər belə olsun deputat yoxdur”.