Paşinyan dövründə də hüquqi biabırçılıqlar bitməyib - TƏHLİL

  • "Ermənistan xarici güclərin sınaq meydanıdır, Köçəryan və Sarkisyanın repressiya sistemi hələ də yaşayır”

Ermənistanda son parlament seçkilərindən sonra baş verən hadisələr ölkədə demokratiyanın real vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin seçkiöncəsi və seçkidən sonrakı addımları, müxalif qüvvələrə qarşı həyata keçirilən tədbirlər və Qərbin bu proseslərə münasibəti siyasi dairələrdə geniş müzakirə olunur.

Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda demokratiya adı altında avtoritar idarəetmə meyilləri güclənir, Qərb isə geosiyasi maraqlar naminə bu proseslərə fərqli yanaşma sərgiləyir.

Politoloq Tofiq Abbasov Sherg.az-a Ermənistanın vəziyyətinin əvvəlki kimi qaldığını söyləyib: 

"Söhbət tam subyektliyə malik olan bir ərazidən getmir. Əgər Ermənistan dünya miqyasında dövlət, respublika adlandırılırsa, bu, o demək deyil ki, onun bütün müstəqil atributları formalaşıb, inkişaf paradiqması düzgündür. Amma məsələ heç də bunda deyil. Məsələ ondadır ki, Ermənistan ümumiyyətlə respublika, ərazi, bir subyekt kimi özünü doğrultmur. O, daha çox beynəlxalq hüququn obyekti təsiri bağışlayır. Göstərir ki, burada daha çox xarici qüvvələr fəaliyyət göstərir.

Onlar çalışırlar ki, bu respublikanın perimetrində, yəni sərhədləri daxilində özlərinə məxsus eksperimentlər keçirsinlər. Digər tərəfdən demokratları, diktatorları, quzğunları sınaqdan keçirsinlər və nəticədə burada sabitlik ocağı yaranmasın.

Faktiki olaraq insanlara, dünyada yaşayan bizim müasirlərimizə daha çox özləri üçün rahat həyat qurmaq, imkanlarını reallaşdırmaq, bir millət, bir dövlət kimi təşəkkül tapmaq vacibdir. 

Biz Ermənistanın indiki vəziyyətində bir daha görürük ki, Nikol Paşinyana qədər orada diktatorlar, Qarabağ klanının nümayəndələri hakimiyyətdə idilər". 

Politoloq onların vaxtı ikən repressiya sistemi yaratdıqlarını bildirib: 

"Robert Köçəryan və Serj Sarkisyan dövründə insanlar yoxa çıxırdı, oğurlanırdı, onların malı-mülkü, dövləti ələ keçirilirdi. 2018-ci ildə Nikol Paşinyan demokrat adı ilə hakimiyyətə gəldikdən sonra isə ölkədə yenə də hüquqi biabırçılıqlar, hərci-mərclik qüvvəsini saxlayır. Bu, özlüyündə həm ermənilər, həm də bizim bölgəmiz üçün problemdir.

Amerika Birləşmiş Ştatlarının isteblişmenti, Fransa, Avropa İttifaqının müxtəlif dairələri, ATƏT PA, Avropa Parlamenti, ATƏT və digərləri Ermənistan üçün hardasa əlverişli vəziyyət və şərait yaratmağa çalışırlar. Bəlli olur ki, bu ərazi əvvəldən həmin qurucu qüvvələrin özünəməxsus sınaq meydanına çevrilib. Onlar istəmirlər ki, burada ermənilər qonşu xalqlarla rahat yaşasınlar, ünsiyyət qursunlar, alış-veriş etsinlər, kommunikasiya əlaqələri yaratsınlar".

Analitik sülh müqaviləsi məsələsində Azərbaycanın böyük təşəbbüskarlıq nümayiş etdirdiyini vurğulayıb:

"Prezident İlham Əliyev gecə-gündüz çalışır ki, Ermənistan da bu prosesə qoşulsun. Biz nəqliyyat və kommunikasiya imkanlarımızdan istifadə etməyi onlara təklif edirik. Buradan tranzit xətlərini açırıq, Ermənistana yanacaq göndəririk. Amma bunların heç birini onlar layiqincə qiymətləndirə bilmirlər. Ən əsası isə odur ki, çalışırlar bunu Azərbaycanın zəifliyi kimi qələmə versinlər. Halbuki belə deyil. Çünki Azərbaycan güclü dövlətdir.

Biz Ermənistana böyük bir dərs vermişik. Göstərmişik ki, sən bu ərazilərdə at oynada, meydan oxuya bilməzsən. Bunun üçün gərək o da Azərbaycan, Türkiyə, Gürcüstan və digər dövlətlər kimi təşəkkül tapasan, əməkdaşlıqda və münasibətlərin qurulmasında yaxından iştirak etsin.

Bu, Ermənistan üçün lazımdır ki, sülh şəraitində yaşasın. Digər tərəfdən ermənilər üçün lazımdır ki, onlar zənginləşsin, sosial ədalət bərqərar olsun. Amma onlar bunu etmirlər. Əksinə, bütün sağlam proseslərə, sağlam trendlərə təhlükə yaradırlar.

Ona görə də Ermənistanın belə seçim etməsi, ikili standartlara pənah gətirməsi, digər tərəfdən xarici mürtəce qüvvələrin fitvasına getməsi, onların fitnə-fəsadı ilə özünü təsdiqləməyə çalışması çox pis nəticələnəcək". 

Ekspert qeyd edib ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar insanların sabitliyə, qarşıdurma olmadan münasibətləri inkişaf etdirməyə meylli olmasına səbəb olub:

"Ermənistanın daxilində isə Nikol Paşinyan gah nala vurur, gah mıxa. Çalışır elə bir situasiya yaratsın ki, guya müharibə bitsə də, onun bəzi meyarları və göstəriciləri hələ də qüvvəsini saxlayır.

Belə olmaz. Biz Azərbaycan Respublikası olaraq Ermənistana bildirmişik ki, artıq bizim üçün müharibənin səhifəsi çevrilib. Biz burada sülh quruculuğu ilə məşğuluq.

Azərbaycan dövləti regionlararası münasibətlərin inkişafına əməli töhfələr verir. Mərkəzi Asiya ilə Qafqaz bölgəsi faktiki olaraq eyni geosiyasi məkanı təşkil edir. Baxmayaraq ki, aramızda böyük məsafələr var. Biz həmin məsafələri kiçildir və münasibətləri elə inkişaf etdiririk ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələr Qafqaz bölgəsi ilə daha da yaxınlaşırlar. Çünki öz aramızda logistik imkanların gücləndirilməsi o anlama gəlir ki, uzaq Çindən Avropaya qədər yeni imkanlar formalaşır. Yükdaşımalarında, insanların gediş-gəlişində və digər sahələrdə artıq elə bir əlverişli vəziyyət formalaşdırmışıq ki, həm xalqımız qazansın, həm də tərəfdaşlarımız, qonşularımız bu proseslərdən faydalansınlar".

T.Abbasov deyib ki, əgər Ermənistan bunu istəmirsə, bu məsələdə əngəl yaratmağa üstünlük verirsə, bu, onun öz işidir:

"Biz Ermənistana dəfələrlə demişik və yenə də deyəcəyik ki, onlardan irəli gələn riskləri dəf etmək üçün kifayət qədər imkanlarımız var. Digər tərəfdən, onlar bizim tayımız və rəqibimiz deyillər. Əksinə, biz onlara çox güclü dərslər vermişik. Azərbaycan, xüsusilə qeyd etmək istəyirəm ki, hələ müharibə illərində, işğal dövründə də Ermənistan olmadan bütün taleyüklü proseslərini və layihələrini uğurla həyata keçirdi. Ona görə də biz Ermənistan olmadan da inkişaf edirik. Rəsmi İrəvan istəmirsə, bizə bu proseslər dünəndən lazım deyil. Biz öz hədəflərimizə, məqsədlərimizə çatacağıq. Bunun üçün həm qurucu qüvvələrimiz, həm dostlarımız, həm də tərəfdaşlarımız var". 

Müsahibimiz Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində də öz layiqli yerini tutacağını söyləyib:

"Ermənistan istəmirsə, istəməsin. O, onsuz da arabanın beşinci təkərini xatırladan bir ərazidir".