Paşinyan: Ermənistan-Fransa münasibətləri görünməmiş səviyyəyə yüksəlib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Milli Bayramı münasibətilə Prezident Emmanuel Makrona ünvanladığı təbrik məktubunda iki ölkə arasındakı münasibətlərin son illərdə yeni keyfiyyət mərhələsinə keçdiyini bildirib.

Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, bərabərlik və demokratiya dəyərlərinə əsaslanan əməkdaşlıq siyasi dialoq, müdafiə, iqtisadiyyat, infrastruktur, energetika və süni intellekt sahələri daxil olmaqla bütün istiqamətlər üzrə görünməmiş səviyyəyə çatıb.

Baş nazir Fransanın Ermənistan-Avropa İttifaqı münasibətlərinin dərinləşdirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, həmçinin Fransanın və şəxsən Makronun Ermənistanın suverenliyinin və dayanıqlılığının gücləndirilməsində rolunu vurğulayıb.

Paşinyan Fransa xalqına sülh və firavanlıq, iki ölkə arasındakı əməkdaşlığa isə yeni uğurlar arzulayıb.