Baş nazir Rusiyadan gələn bütün dəvətləri məmnuniyyətlə qəbul edir
“Halbuki, baş nazir Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırır”
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş keçirib. Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.
Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada keçirilib. Paşinyan həmin tarixdə Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvada olub.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq Rusiyadan ona edilən bütün dəvətləri məmnuniyyətlə qəbul edir. Ekspert vurğulayıb ki, Ermənistanla Rusiya arasında soyuqluğa rəğmən, Paşinyan Kreml sahibi Vladimir Putinlə görüş və müzakirələrdən yayınmır: "Nikol Paşinyanın buna ehtiyacı var. Halbuki, baş nazir Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırır. Buna baxmayaraq, Paşinyan Kremllə dialoqdan qopmamağa çalışır. Paşinyan yaxşı anlayır ki, Kreml və onun ətrafındakı şovinist dairələr Ermənistandakı radikallardan tutmuş kilsəyə qədər olan qüvvələri dəstəkləyir. Ancaq Paşinyan həmin qüvvələrlə mübarizə aparmaqla yanaşı, Kremli ona qarşı daha təxribatçı fəaliyyətlərdən yayındırmağa çalışır. Buna görə də, hər dəfəsində Moskva və Sankt-Peterburqdakı tədbirlərdə iştirak edir. Rusiyaya ayaq basan kimi sosial platformasında qaldığı hotellərdən müxtəlif görüntülər paylaşır. Ancaq Paşinyanın bu siyasətinin Kremldəkiləri məmnun etdiyini söyləmək çətindir".