Kilsə isə daha çox Rusiya ilə assosiasiya olunur və alternativ güc mənbəyi sayılmır
"Göründüyü kimi, Kilsənin çağırışlarına qulaq verən, arxasınca gedənlər də çox deyil. Kilsəni sadəcə marginal qruplar dəstəkləyir"
Bütün ermənilərin katolikosu II Qaregin erməni Kilsəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün yepiskopların iclasını çağırıb. İclasın 10-12 dekabrda keçiriləcəyi gözlənilir. II Qareginin iclasda hökumətlə qarşıdurmasının müzakirə olunacağı deyilir. Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsələrində Müqəddəs Liturgiya mərasimindən əvvəl dövlət himnimizin səsləndirilməsini təklif edib. Baş nazir həmçinin, vurğulayıb ki, Ermənistan ərazisindəki kilsələrin istər girişlərində, istərsə də içində dövlət bayrağının qoyulması məsələsi müzakirə olunmalıdır: "Bu, bir çox ölkələrdə adi haldır. Hesab edirəm ki, Ermənistanda da tətbiq olunmalıdır". Qeyd edək ki, son vaxtlar Paşinyanın erməni Kilsəsində ciddi reformlar keçirəcəyi bildirilir.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni Apostol Kilsəsinin bünövrəsini birdəfəlik zəiflədib. Deputatın sözlərinə görə, baş nazir 2026-cı ildə keçiriləcək seçkilər öncəsi Kilsəni bir oyunçu, bir aktor kimi səhnədən kənarlaşdırmaq istəyir:
"Kilsəni indiyədək heç kim bu qədər məhdudiyyətlərə məruz qoymamışdı. Bu baxımdan Paşinyan iqtidarı ilə Kilsənin mübarizəsi çox unikal bir hadisədir. Tarixdə belə şey olmayıb. Çünki bütün hakimiyyətlər Kilsədən çəkiniblər, ehtiyat ediblər. Kilsənin hər zaman güclü əli Ermənistan hökumətinin üzərində olub. Fikir versəniz, Kilsə rəhbəri əvvəlcə Rusiyaya, ardınca Avropaya səfər etdi. Həmçinin, Kilsə rəhbərliyi Roma Papası ilə də görüşdü. Görünən odur ki, II Qaregin nə Rusiya, nə də Avropa və Romadan ciddi dəstək ala bilib. Kilsə rəhbəri son ümid yeri kimi Avropadakı erməni diaspor rəhbərləri ilə görüşdü. Ancaq diaspordan da umduğu dəstəyi görmədi. Bundan istifadə edən Paşinyan daha aktiv hücuma başlayıb. Baş nazir xüsusən, müharibənin başlanmasına səbəb olan ideologiyanı təmsil etdiyi üçün Kilsəni hədəf alıb. Bu, həqiqətdir, çünki Azərbaycan torpaqlarının işğalı ideologiyasının arxasında məhz erməni Kilsəsi dururdu. Kilsə Paşinyan hakimiyyətinədək Ermənistanda "paralel dövlət" rolunu oynayırdı. Məqsəd gələn il keçiriləcək seçkilərədək keçmiş münaqişənin təqsirkarı olan Kilsəni tam neytrallaşdırmaqdır. Paşinyan Kilsə üzərindəki qara mirası da təmizləmək niyyətindədir. Ona görə də seçki yaxınlaşdıqca, Kilsəyə qarşı kampaniyanın daha da güclənəcəyi şübhəsizdir".
Parlamentari qeyd edib ki, Kilsənin, II Qareginin erməni ictimaiyyətində nüfuzu, reytinqi azalmaqdadır: "Hesab edirəm ki, Kilsənin şansları getdikcə azalır. Bunun müqabilində N.Paşinyana Avropa İttifaqından, ABŞ-dən dəstək kifayət qədər çoxdur. Kilsə isə daha çox Rusiya ilə assosiasiya olunur və alternativ güc mənbəyi sayılmır. Göründüyü kimi, Kilsənin çağırışlarına qulaq verən, arxasınca gedənlər də çox deyil. Kilsəni sadəcə marginal qruplar dəstəkləyir".