- "Sülh sazişindən daha çox, atəşkəs razılaşması ilə birlikdə münaqişənin dondurulacağı görünür"
Ukraynada baş verən son siyasi proseslər, hökumət daxilində dəyişikliklər və Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi beynəlxalq diqqət mərkəzində qalmaqda davam edir. Baş nazir Yuliya Sviridenko vəzifədən azad edilməsi, bunun mümkün səbəbləri, eləcə də cəbhədəki vəziyyətlərlə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir.
Politoloq Engin Özer Sherg.az-a Ukrayna hakimiyyətindəki dəyişikliklərin mümkün motivləri və müharibənin gedişatından danışıb:
"Baş nazir Yuliya Sviridenkonun vəzifədən azad edilməsinin iki səbəbi ola bilər. Birincisi, Baş nazir təyin olunmazdan əvvəl onun adı bəzi korrupsiya ittihamlarında hallanmışdı, xüsusilə də enerji məsələləri ilə bağlı.
Həmçinin o, ictimaiyyət arasında çox populyar olmayan bir şəxs idi. Lakin Zelenski yüksəlmək ehtimalı olan Zalujni kimi xarizmatik liderlərdənsə, daha aşağı profilli idarəçilərlə işləməyə üstünlük verir.
Məhz buna görə də Sviderskonu Baş nazir təyin etdi. Ancaq məlum olduğu kimi, Ukraynada NABU adlı, korrupsiya məsələləri ilə məşğul olan təşkilat fəaliyyət göstərir.
Amerika administrasiyası həmin qurumdan ciddi sənədlər əldə etdi. Onlar da bəzi diplomatik görüşlərdə bu sənədlərdən Zelenskiyə qarşı istifadə edirdilər.
Ona görə də Zelenski belə problemli bir şəxsi hökumətdən çıxarmağı düşünmüş ola bilər. Bu onun daha çox ictimaiyyət arasında populyarlığı aşağı olan və çox aşağı profilli bürokratlardan fərqli olaraq, müharibə şəraitinə uyğunlaşa biləcək, daha ciddi insanlarla işləmək yoluna keçdiyini göstərə bilər".
Analitik cəhbədəki və siyasi masadakı mövcud vəziyyəti də dəyərləndirib:
"Tərəflərin güclərinin bir-birinə yaxın olduğu, Ukraynanın zaman-zaman sursat çatışmazlığı yaşadığı, lakin hər iki tərəfin artıq əsgər tapmaqda kifayət qədər çətinlik çəkdiyi, Ukraynanın isə daha böyük çətinlik yaşadığı mərhələdən keçirik.
Müharibə artıq, bildiyiniz kimi, ikinci ilindən sonra artilleriya müharibəsinə çevrildi. Bu gün gəldiyimiz nöqtədə isə artıq tamamilə dron müharibəsinə çevrilib. Artıq heç bir cəbhədə tanklar görünmür. Yəni heç bir istiqamətdə 50-100 nəfərlik qruplar belə döyüşmür, qarşılıqlı olaraq 5-10 nəfərlik qruplar müxtəlif istiqamətlər üzrə döyüşlərə daxil olurlar.
Rusiyanın irəliləyişi kifayət qədər yavaşdır. Lakin müəyyən tempdə, çox yavaş şəkildə davam edir. Rusiyanın daxilində də yanacaqla bağlı ciddi problemlər var. Bunları Rusiyada yaşayan biri kimi deyirəm. Məlum olduğu kimi, sentyabr-oktyabr aylarına doğru Rusiyada iqtisadiyyatla bağlı ciddi problemlərin yaşana biləcəyi görünür".
Politoloqun fikrincə çox güman ki, payız aylarında qarşıdurmanın dondurulması ilə bağlı qərar veriləcək:
"Sülh sazişindən daha çox, atəşkəs razılaşması ilə birlikdə münaqişənin dondurulacağı görünür. Bu, sentyabr-oktyabr ayları ətrafında baş verə bilər.
Duma seçkiləri var, onlar 18 sentyabrda keçiriləcək. Bəlkə də bu proses sentyabrın əvvəllərində baş verə bilər".