- "Beləliklə, həm Türkiyə, həm də region üçün çox faydalı dövrə qədəm qoyuldu"
Türkiyədə terrorla mübarizə və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində atılan addımlar yeni mərhələyə keçib.
Türkiyə Böyük Millət Məclisinin təsdiqlədiyi “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında Qanun” çərçivəsində PKK-nın tərksilah edilməsi və təşkilatın fəaliyyətinin dayandırılması ilə bağlı konkret müddət və mexanizmlərin müəyyənləşdirilməsi planlaşdırılır. Bu çərçivədə PKK üzvlərinin tərksilah edilməsi, mağaraların boşaldılması və logistika materiallarının təhvil verilməsi üçün 1,5-2 aylıq müddət nəzərdə tutulur.
Sabiq səfir, İMZA İB Türkiyə Nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a qəbul edilən qanun layihəsi barədə danışıb:
"Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsinə dair Qanun Təklifi Türkiyə Böyük Millət Məclisinin 10 avqust tarixli iclasında qəbul edildi. Bu, sözügedən qanunla yeni bir dövrün başlanğıcını təşkil edir.
İmperialistlərə və terroru bəsləyənlərə çox böyük zərbə vuruldu. PKK və KCK terror təşkilatları xaricdən bəslənir və xaricdən dəstəklənirdi.
Beləliklə, bu terror təşkilatını dəstəkləyənlərin əlləri boş qaldı. Onlar üçün bu, bir zərbə oldu.
MHP Başqanı Baxçalının etdiyi tarixi çağırış 2025-ci ilin oktyabrında oldu. Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanın bu çağırışı qəbul edərək onu dövlət siyasətinə çevirməsi ilə başlayan, təxminən 21-22 ay davam edən prosesdən sonra bu qanun Məclisdə 467 kimi yüksək səslə qəbul edildi.
Beləliklə, həm Türkiyə, həm də region üçün çox faydalı dövrə qədəm qoyuldu".
Sabiq səfir vurğulayıb ki, Türkiyənin bu terror təşkilatını aradan qaldırması ilə birlikdə türk və kürd xalqları arasında min ildir davam edən sülhü pozmağa çalışanların əlləri boş qaldı:
"Bu iki xalq- kürd və türk xalqları min ildir birlikdə yaşayarkən bəzi xarici qüvvələr bu əmin-amanlığı pozmağa çalışdılar. Bundan çıxış edərək, Türkiyə Böyük Millət Məclisinin, başda Baxçalının çağırışı və Prezidentimizin dəstəyi ilə başlayan proses dünyaya böyük bir mesaj verdi.
Proses çərçivəsində xaricdən heç bir yardım alınmadı. Bu, tamamilə türk modelidir.
Beləliklə, artıq türk xalqı ilə kürd xalqının arasına heç kim girə bilməyəcək. İki xalq əvvəlki kimi sülh və əmin-amanlıq içində yaşayacaq. Bu, region xalqlarına da böyük təsiri olacaq.
Bu proses bir təqvim çərçivəsində həyata keçiriləcək. Yenə Türkiyənin müvafiq qurumlarının nəzarəti ilə davam edəcək.
Dolayısıyla, Türkiyədə böyük əksəriyyət bu Məclisdə öz əksini tapdı, çərçivə qanununu dəstəklədi.
İllər ərzində minlərlə günahsız insan şəhid oldu və onların acıları ailələrini yandırdı".
H.Kılıç qeyd edib ki, artıq terror sona çatacaq və Türkiyə daha sabit şəkildə inkişaf edəcək, yüksələcək:
"Yeni prosesin türk dövlətləri üçün də əhəmiyyətli olduğunu və məmnuniyyətlə qarşılandığını bilirik. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözündən çıxış edərək, söyləyə bilərik ki, Türkiyənin kədəri və problemi Azərbaycanın və digər türk dövlətlərinin də problemidir. Türk xalqını narahat edən hər hansı bir məsələ, başda can ağrısı və can dərdi olmaqla, bütün türk dövlətlərini narahat edir.
Onu da qeyd edək ki, qanunda heç bir boşluq buraxılmayıb. Yaşasın Türkiyə, türk və kürd qardaşlığı, yaşasın türk dünyası".