Pul çıxarmağa məhdudiyyət: “Rusiyada işləməyə olan maraq azalacaq" - ŞƏRH

  • Azər Allahverənov: “İnsanlar vəsaitlərini qeyri-rəsmi yollarla çıxarmağa cəhd göstərə bilərlər”

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanla fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların Rusiya valyutasını ölkədən çıxarmasına yeni məhdudiyyətlər tətbiq edilib. Qərara əsasən, fiziki şəxslərin Azərbaycan, Tacikistan və Özbəkistan da daxil olmaqla müəyyən ölkələrə 1 milyon rubldan artıq nağd rubl aparması qadağan edilir.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məbləğdən asılı olmayaraq məhdudiyyət müəyyənləşdirilib. Fərmanda müəyyən istisnalar da nəzərdə tutulub. Bu qərarın Rusiyada çalışan miqrantların maliyyə imkanlarına və pul köçürmələrinə necə təsir göstərəcəyi isə sual olaraq qalır.

Millət vəkili Azər Allahverənov Sherg.az-a bildirib ki, istənilən bu kimi məhdudiyyət bu və ya digər formada miqrantların maraqlarına ziddir:

"İstər-istəməz müəyyən çətinliklərlə müşayiət oluna bilər. Ən azından söhbət qeyd olunan həcmdə vəsaitin ölkədən çıxarılmasından gedirsə, bu o deməkdir ki, Rusiya hökuməti müxtəlif mexanizmlər vasitəsilə valyutanın ölkə ərazisində saxlanılmasını təmin etməyə çalışır. Xüsusilə də indiki son hadisələr fonunda, Rusiyada gözlənilən səfərbərlik reallaşarsa, bu, çox ciddi maliyyə axınına səbəb ola bilər.

Bu halda söhbət artıq xarici ölkə vətəndaşlarından deyil, ümumiyyətlə, Rusiyanın öz vətəndaşları ilə bağlı yeni reallığın formalaşmasından gedəcək. Bu, xüsusilə maliyyənin və kapitalın ölkədən çıxarılması məsələsində özünü göstərə bilər.

İstənilən halda, bu məhdudiyyətlər miqrantların maraqlarına toxunur və bir tərəfdən onların Rusiyaya olan marağının müəyyən dairələrdə azalmasına gətirib çıxarar. Çünki real olaraq Rusiyada əmək fəaliyyəti ilə məşğul olaraq müəyyən həcmdə vəsait əldə etmək mümkündürsə, lakin həmin vəsaiti ölkədən çıxarmaq mümkün deyilsə və ya yalnız müəyyən olunmuş hədlər çərçivəsində buna icazə verilirsə, bu, artıq Rusiyada işləməyə olan marağın azalmasına səbəb ola bilər".

Parlamentari mümkün ikinci variantdan da söz açıb: 

"Əvvəlki dövrlərə nəzər saldıqda, xüsusilə 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində daha aşağı məbləğlərdə vəsaitlərin ölkədən çıxarılmasına icazə verilən dövrdə müxtəlif qeyri-rəsmi kanallar vasitəsilə valyutanın çıxarılması hallarına rast gəlmək mümkün idi.

Hətta həmin dövrdə müxtəlif beynəlxalq təşkilatların hesabatlarından da məlum olurdu ki, 2000-ci illərin əvvəllərində Azərbaycana təqribən 4 milyard ABŞ dolları həcmində vəsait köçürülüb. Bunun 2 milyard dolları banklar vasitəsilə, yəni rəsmi kanallarla, digər 2 milyard dolları isə qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilib. Bu isə həmin dövrdə Azərbaycana köçürülən vəsaitin təxminən 50 faizinin qeyri-rəsmi kanallardan daxil olduğunu göstərirdi.

Bu vəziyyət Rusiyada da məsələ ilə bağlı daha ciddi nəzarət mexanizmlərinin tətbiqinə zərurət yaratdı. Ən azından dövlət qurumları yeni alətlər işə salmışdılar ki, insanlar üçün vəsaitləri banklar vasitəsilə köçürmək daha cəlbedici olsun".

Deputat indiki şəraitin bir qədər fərqli olduğunu vurğulayıb:

"Ehtimal olunur ki, insanlar yenə də qeyri-rəsmi, yəni bankdankənar kanallar vasitəsilə vəsaitləri ölkədən çıxarmağa cəhd göstərə bilərlər. Bu isə öz növbəsində qeyri-qanuni kapitalın formalaşmasına gətirib çıxara bilər ki, bu da əslində Rusiyanın maraqlarına cavab vermir.

Görünən odur ki, böyük ehtimalla yeni alətlərin və bu prosesin qarşısını ala biləcək preventiv mexanizmlərin işə salınmasının şahidi olacağıq. Lakin bunun yaxın vaxtlarda özünü daha qabarıq şəkildə göstərməsi mümkündür".