Rusəsilli amerikalı investor Konstantin Sokolov "Tripp+ Enterprise Fund"ın rəhbəri vəzifəsinə təyin olunub. Bu fond ABŞ Dövlət Departamenti tərəfindən TRİPP təşəbbüsü daxilindəki infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə təsis edilib.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Quardian" nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti Sokolovun yeni təyinatını iyulun 10-da təsdiqləyib. İnvestor özü isə mövzu ilə bağlı hər hansı bir şərh verməkdən imtina edib. Nəşrin məlumatına əsasən, Sokolovun investisiya fondunun rəhbəri postuna gətirilməsi ABŞ-ın Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat dəhlizinin inkişafını gücləndirmək niyyətindən xəbər verir.
1975-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olan K.Sokolov enerji və telekommunikasiya layihələri üzrə ixtisaslaşan "IJS Investments" özəl investisiya şirkətinin qurucusudur. Eyni zamanda, o, maliyyə xidmətləri, energetika və qlobal daşınmaz əmlak sahələrində fəaliyyət göstərən İsveçrənin "Gotthard Investment AG" şirkətinə rəhbərlik edir.
Bundan əlavə, K.Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkəti sayılan "Viva Armenia"nın əsas səhmdarlarından biridir.