- "Rusiya xarici işlər naziri növbəti görüş üçün yalnız Bakının deyil, İrəvanın da adını çəkib"
Lavrovun “3+3” formatında növbəti görüşün Azərbaycanda keçirilməsi ilə bağlı açıqlaması Cənubi Qafqazda regional əməkdaşlıq və geosiyasi maraqlar məsələsini yenidən gündəmə gətirib.
Mümkün görüşün Azərbaycanın diplomatik mövqeyinə, Rusiyanın regiondakı təsir imkanlarına və Türkiyənin regional siyasətinə təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Əsas suallar isə bu təşəbbüsün hansı strateji mesajlar ehtiva etdiyi və regionda güc balansına necə təsir göstərəcəyi ilə bağlıdır.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun 3+3 formatında növbəti görüşün Azərbaycanda keçirilə biləcəyi ilə bağlı açıqlamasını yalnız diplomatik görüş təklifi kimi qiymətləndirmək olmaz:
"Burada əsas məsələ Cənubi Qafqazın gələcəyində hansı aktorların həlledici rol oynayacağıdır.
Rusiya Cənubi Qafqazdakı ənənəvi nüfuzunu qorumağa çalışdığı halda, Azərbaycan artıq regional proseslərdə daha güclü diplomatik mövqeyə malikdir. Moskva Bakının artan siyasi çəkisini və Türkiyə ilə inkişaf etdirdiyi strateji tərəfdaşlığı nəzərə almaq məcburiyyətindədir.
Görüşün Bakıda keçirilməsi halında Azərbaycan yalnız ev sahibi ölkə olmayacaq, həm də regional diplomatiyanın mühüm mərkəzlərindən biri olduğunu nümayiş etdirəcək.
Məncə, burada üç mühüm strateji mesajı da qeyd etmək lazımdır. Birincisi, Rusiya regiondan çəkilmək istəmir. İkincisi, Azərbaycan regional gündəmin formalaşdırılmasında daha çox söz sahibi olmağa çalışır. Nəhayət, Türkiyənin iştirakı olmadan davamlı Cənubi Qafqaz təhlükəsizlik arxitekturasının yaradılması olduqca çətindir".
Analitik Rusiyanın buradakı iki əsas məqsədinə diqqət çəkib:
"Birincisi, Cənubi Qafqazdakı diplomatik təsirini qorumaqdır.
İkincisi isə regional nəqliyyat və infrastruktur layihələrindən kənarda qalmamaqdır.
Lavrovun açıqlamasında daha bir diqqətçəkən məqam var. Rusiya xarici işlər naziri növbəti görüş üçün yalnız Bakının deyil, İrəvanın da adını çəkib. Bundan əlavə, o, Rusiyanın regional infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu vurğulayıb.
Bunu Moskvanın Azərbaycan-Ermənistan normallaşma prosesində yenidən diplomatik mövqe qazanmağa çalışması kimi qiymətləndirmək olar.
Xüsusilə ABŞ-nin Cənubi Qafqazdakı nəqliyyat layihələrinə marağını nəzərə alsaq, Rusiya regional bağlantıların özünün iqtisadi və strateji maraqlarından tamamilə kənar şəkildə formalaşmasını istəmir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın ən mühüm üstünlüyü artıq yalnız regional hadisələrə reaksiya verən deyil, həm də diplomatik proseslərə istiqamət verə bilən aktor olmasıdır".
Ekspert vurğulayıb ki, Bakı Türkiyə ilə strateji müttəfiqliyini qorumaqla yanaşı, Rusiya, İran, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri ilə də müxtəlif sahələrdə əlaqələrini davam etdirir:
"Bu çoxşaxəli diplomatiya Azərbaycana mühüm manevr imkanları yaradır.
3+3 formatında görüşün Bakıda keçirilməsi Azərbaycanın xüsusilə nəqliyyat dəhlizləri, regional ticarət və təhlükəsizlik məsələlərində diplomatik görünürlüğünü artıra bilər.
Türkiyə baxımından yanaşdıqda isə əsas məqsəd Cənubi Qafqazın yeni geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq və regionu Avropa ilə Asiya arasında etibarlı bağlantı mərkəzinə çevirməkdir.
Türkiyənin üstünlüyü Azərbaycanla güclü strateji əlaqələrini regional diplomatiya və iqtisadi inteqrasiya məqsədləri ilə uzlaşdıra bilməsidir".