- “Moskva susursa, kampaniya ən yüksək səviyyədə razılaşdırılıb”
- Yusif Bağırzadə: “Moskva Azərbaycana qarşı zorakılıq çağırışlarına aydın münasibət bildirməlidir”
Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə siyasi proseslərlə yanaşı, informasiya sahəsində baş verənlər də diqqət mərkəzindədir. Xüsusilə Rusiya mediasında Azərbaycanla bağlı səsləndirilən bəzi fikirlər və bunun ardınca Azərbaycanın hüquqi müstəvidə atdığı addımlar mövzu ətrafında müzakirələri genişləndirib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın üç vətəndaşı barəsində cinayət işi üzrə istintaq tədbirləri həyata keçirilir. Araşdırmanın əsasını 14 iyul 2026-cı ildə “YouTube” platformasında yayımlanan verilişdə səsləndirilmiş fikirlər təşkil edir. Rəsmi məlumata əsasən, həmin ifadələrdə zorakılığa, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına və milli nifrətə yönələn çağırışların olması ilə bağlı şübhələr müəyyən edilib. Hadisə fonunda iki ölkə arasında münasibətlərdə media ritorikasının rolu, siyasi açıqlamaların hüquqi sərhədləri və onların dövlətlərarası əlaqələrə mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib.
Politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, Azərbaycan Baş Prokurorluğunun Rusiyanın üç vətəndaşı barəsində cinayət işi üzrə istintaq tədbirləri həyata keçirməsi Azərbaycanla Rusiya arasında münasibətlərdə son dövrdə formalaşan gərginliyin yeni və daha həssas mərhələyə keçdiyini göstərir:
"Burada əsas məsələ ayrı-ayrı şəxslərin Azərbaycanı tənqid etməsi deyil. İttihamların məzmununa görə, söhbət zorakılığa, terrora, dövlət quruluşunun zorla dəyişdirilməsinə və milli düşmənçiliyə çağırışlardan gedir. Bu fərq prinsipial əhəmiyyət daşıyır. Belə ki, siyasi tənqid demokratik müzakirənin bir hissəsi ola bilər, zorakılığa çağırış isə artıq ictimai-siyasi polemika çərçivəsindən çıxır.
İşdə adı keçən şəxslərdən Aleksey Çadayevin Rusiya nəqliyyat nazirinin müşaviri olması isə məsələyə əlavə siyasi çalar verir. Bu fakt əslində Rusiya hökumətinin həmin çağırışları dəstəklədiyini ortaya qoyur. Əslində dövlət strukturu ilə əlaqəli şəxsin belə məzmunlu çıxışlarda iştirak etməsi Rusiya üçün ciddi reputasiya və diplomatik problem olmalıdır. Rəsmi Moskva da bu istiqamətdə çağırışlar edən şəxslərlə bağlı konkret tədbirlər görməlidir. Lakin rəsmi Moskva susursa və bununla da ayrı-ayrı şəxslərin mövqeyinin dövlət siyasəti ilə eyniləşdirilməsinə imkan verirsə demək ki, aparılan kampaniya ən yüksək səviyyədə razılaşdırılıb".
Analitik qeyd edib ki, məsələnin başqa mühüm tərəfi Rusiyanın informasiya məkanında Azərbaycana münasibətin getdikcə daha aqressiv xarakter almasıdır.:
"Media və ekspert platformalarında səsləndirilən fikirlər müəyyən hallarda siyasi qərarlara təsir göstərə, cəmiyyətlər arasında düşmənçilik yarada və real təhlükəsizlik risklərini artıra bilər. Xüsusilə Rusiya kimi böyük informasiya məkanına malik ölkədə bu cür ritorikanın geniş auditoriyaya çatması onun təsir imkanlarını daha da artırır. Buna görə məsələni hanısa jurnalistin, blogerin və ya fərdin şəxsi fikri kimi kiçiltmək doğru yanaşma sayıla bilməz.
Azərbaycanın hüquqi reaksiya verməsi isə Bakının dövlət suverenliyinə qarşı zorakı çağırışları artıq siyasi polemikanın adi elementi kimi qəbul etməyəcəyini göstərir. Bu yanaşma Moskva üçün də mesajdır ki, ikitərəfli münasibətlərin qorunması qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməmək prinsiplərindən keçməlidir.
Burada Rusiya üçün əsas məsələ artıq Azərbaycanın reaksiyasından çox, öz informasiya məkanına nəzarət və məsuliyyət problemidir. Moskva bir tərəfdən Bakı ilə strateji tərəfdaşlıqdan danışır, digər tərəfdən isə Rusiya informasiya məkanında Azərbaycana qarşı zorakılıq çağırışları səslənirsə, bu, həmin siyasətin ardıcıllığı barədə ciddi suallar yaradır".
Politoloqun sözlərinə görə strateji tərəfdaşlıq yalnız yüksək səviyyəli görüşlərdə səsləndirilən bəyanatlarla deyil, belə hallara münasibətlə də ölçülür:
"Rusiyanın bu tip çağırışlara aydın siyasi və hüquqi münasibət bildirməməsi isə Moskvanın informasiya təzyiqini Bakı ilə münasibətlərdə siyasi alət kimi istifadə etmək cəhdindən xəbər verir. Bu isə təbii olaraq etimad böhranını dərinləşdirir.
Ümumilikdə isə bu hadisə yalnız üç şəxsin məsuliyyət məsələsi deyil. Daha geniş mənada söhbət Rusiya informasiya məkanında Azərbaycana münasibətin hansı həddə qədər sərtləşə biləcəyindən və bunun dövlətlərarası münasibətlərə nə qədər təsir göstərəcəyindən gedir. Bu hədd keçildikcə media ritorikası artıq sadəcə söz olaraq qalmır. Siyasi münasibətlər üçün real təhlükəsizlik probleminə çevrilir".