Rusiya-Ukrayna müharibəsində təşəbbüs artıq Trampın əlindədir - Türk ekspertdən maraqlı proqnoz

  • “Əgər ümid işığı yanacaqsa, o işıq Vaşinqtondan gələcək”
  • Aydın Sezer: “Tramp bütün gücü ilə Putin və Zelenskini eyni masaya gətirməyə çalışır”
  • “Zelenski ilə uyğun işləyəcək yeni şəxslərin önə çıxması mümkündür”

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı diplomatik proseslərdə ABŞ Prezidenti Donald Trampın mövqeyi və atacağı addımlar diqqət mərkəzində qalır. Tərəflər arasında mümkün danışıqların perspektivi, Vaşinqtonun təşəbbüsləri, eləcə də Ukraynanın daxili siyasi vəziyyəti müzakirə olunan əsas məsələlər sırasındadır. Müharibənin davam etdiyi bir vaxtda həm beynəlxalq aktorların mövqeləri, həm də Ukrayna daxilində kadr dəyişiklikləri gələcək ssenarilərin formalaşmasına təsir edən amillər kimi qiymətləndirilir.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a Rusiya-Ukrayna cəbhəsində bütün diqqətlərin Trampda olduğunu söyləyib:

"Tramp Ankarada Zelenski ilə görüşdükdən sonra Putinlə də görüşəcəyini bildirdi, amma bu görüş hələ baş tutmayıb. Tramp həmçinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Kuşnerin Moskvaya gedəcəyini də açıqladı.

Avropa İttifaqı yəni İngiltərə və Avropa İttifaqı yenə Ukraynanın sülh masasına oturmasını istəmir. Müharibənin davam etməsinin və Rusiya ilə razılaşma mövqeyinin davam etdirilməsinin tərəfdarıdır.

Tramp da bütün gücü ilə Rusiya və Ukrayna liderlərini masa arxasına gətirməyə çalışır. Buna görə də hazırda təşəbbüsün Trampda və ABŞ-də olduğunu söyləyə bilərik.

Əgər bir ümid işığı yanacaqsa, proseslər Vaşinqtondan gələcək işığa uyğun olaraq inkişaf edə bilər". 

Analitik bu məsələdə çox da optimist olmadığını bildirib:

"Mövcud vəziyyət müəyyən müddət ərzində davam edəcək. Tramp artıq yenidən İran, Körfəz ölkələri və İsraillə daha çox məşğul olmağa başlayıb.

Ukraynada hökumət daxilində dəyişikliklər çox tez-tez baş verir. Digər məsələyə gəldikdə isə, burada da Zelenski ilə uyğun işləyən, Zelenskinin əmrlərini qeyd-şərtsiz yerinə yetirən, onun göstərişlərini sorğulamadan icra edən şəxslərin səhnədə qaldığını görürük.

Bu səbəbdən bu məsələnin texniki bir mövzu olduğunu söyləmək mümkündür. Lakin təbii ki, başda iqtisadiyyat olmaqla, bir çox məsələlərdə Zelenski ilə ona bağlı siyasətçilər arasında fikir ayrılıqlarının olduğunu da bilirik".

Politoloq vurğulayıb ki, ölkə daxilindəki iqtisadi çətinliklər və müharibənin yaratdığı mənfi nəticələr siyasi səhnədə fikir ayrılıqlarının yaranmasına da zəmin yaradır:

"Buna görə də bu məsələni həddindən artıq şişirtmək və ya böyütmək lazım deyil. Zelenski ilə daha uyğun şəkildə işləyəcək bir şəxsin vəzifəyə gəlməsi mümkündür".