Rusiyada Azərbaycan səfirliyinin təhlükəsizliyi gücləndirməlidir - ŞƏRH

  • “Əsas hədəf Bakı-Moskva münasibətlərinə zərbə vurmaqdır”
  • “İnsident araşdırılmasa, qarşılıqlı etimada zərbə dəyə bilər”

27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bildirilib ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir.

"Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır. Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik", - məlumatda qeyd olunub.

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, bu insident, ilk növbədə, Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə hesablanmış təxribat kimi qiymətləndirilə bilər:

“Səfirliyin qonaq evinin qarşısında ölkəmiz əleyhinə görüntülərin yerləşdirilməsi təsadüfi hərəkətdən daha çox, ictimai və siyasi rezonans yaratmaq məqsədi daşıyan addım təsiri bağışlayır. Xüsusilə son dövrdə bəzi Rusiya media resurslarında Azərbaycana qarşı qərəzli yanaşmaların artması fonunda belə bir hadisənin baş verməsi diqqət çəkir. Burada mümkün məqsədlərdən biri Azərbaycan və Rusiya cəmiyyətlərində qarşılıqlı narazılıq yaratmaq, iki ölkə arasında formalaşmış dialoq mühitinə zərbə vurmaq və münasibətlərin normallaşmasında maraqlı olmayan dairələrin mövqelərini gücləndirməkdir. Belə təxribatlar həm də informasiya məkanında emosional reaksiyaları artıraraq real siyasi gündəmi ikinci plana keçirməyə xidmət edə bilər. Ona görə də hadisənin arxasında kimin dayanmasından asılı olmayaraq, əsas hədəfin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək ehtimalı ciddi şəkildə araşdırılmalıdır”.

Analitik qeyd edib ki, hadisənin ikitərəfli münasibətlərə təsiri isə Rusiyanın reaksiyasından birbaşa asılı olacaq:

“Moskva insidentə vaxtında, obyektiv və hüquqi müstəvidə qiymət versə, bunun münasibətlərə təsiri minimum səviyyədə qala bilər. Əks halda, hadisənin araşdırılmaması və ya ictimaiyyətə aydın izah verilməməsi əlavə suallar doğura və qarşılıqlı etimad mühitinə zərər vura bilər. Rusiya tərəfi ilk növbədə hadisə ilə bağlı hərtərəfli araşdırma aparmalı, məsul şəxsləri müəyyənləşdirərək qanunvericiliyə uyğun şəkildə cəzalandırmalı və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyini gücləndirməlidir. Diplomatik obyektlərin təhlükəsizliyi Moskvanın beynəlxalq öhdəliyidir və bu məsələdə hər hansı səhlənkarlıq qəbuledilməzdir. Azərbaycanın tələb etdiyi kimi, 1961-ci il Vyana Konvensiyasının müddəalarına tam əməl olunması vacibdir. Azərbaycanın mövqeyi bu məsələdə kifayət qədər əsaslıdır: Bakı qarşıdurma deyil, hüquqi qiymət və məsuliyyət tələb edir. Buna görə də insidentə veriləcək ən düzgün cavab təxribatı siyasiləşdirmək yox, onun təşkilatçılarını müəyyənləşdirərək qanunun aliliyini təmin etməkdir. Bu, həm Rusiyanın beynəlxalq öhdəliklərinə hörmətinin, həm də Azərbaycan-Rusiya münasibətlərinin sabitliyinin qorunmasının ən vacib göstəricisi olacaq”.