Rusiyada yanacaq böhranı nəzarətdən çıxıb: Məntəqələrin 72%-də benzin tükənib

  • Avtomobil nömrələrinin son rəqəminə uyğun olaraq cüt və tək günlərdə yanacaq doldurulması qaydası tətbiq edilib

Rusiyada yayın əvvəlində səngiyən yanacaq böhranının ikinci dalğası yaşanır. Ukraynanın neft emalı zavodlarına PUA hücumları, yay tələbatının artması və logistika problemləri ölkə üzrə benzin və dizel çatışmazlığını daha da dərinləşdirib.

Moskva da daxil olmaqla bir çox bölgədə uzun növbələr yaranıb. Regionlarda avtomobil nömrəsinə görə yanacaq satışı və avtomobil başına litr məhdudiyyəti yenidən tətbiq edilib.

Sürücülərdən alınan məlumatları təhlil edən “GdeBENZ” platformasının məlumatına görə, avqustun 16-na ölkə üzrə benzin və ya dizel sata bilən yanacaqdoldurma məntəqələrinin payı bir həftə ərzində 41%-dən 28,1%-ə düşüb. Yanacaq böhranının xüsusilə Rusiyanın cənubunda, Volqaboyu və mərkəzi bölgələrdə kəskinləşdiyi bildirilir.

Moskva rəhbərliyi və regional hakimiyyətlər daxili bazardakı yanacaq çatışmazlığını aradan qaldırmaq üçün məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq edib.

Avtomobil nömrələrinin son rəqəminə uyğun olaraq cüt və tək günlərdə yanacaq doldurulması qaydası tətbiq edilib. Bir avtomobilə satılan yanacağın həcmi 30 litrlə məhdudlaşdırılıb.

Anapada fəaliyyət göstərən 25 yanacaqdoldurma məntəqəsindən 11-i yanacağı yalnız xüsusi xidmət avtomobillərinə və xüsusi yanacaq kartı olan şəxslərə satır. Novorossiyskdə isə 28 məntəqədən yalnız 5-də standart AI-92 benzini mövcuddur.

Sevastopolda QR kod sistemi ilə avtomobil başına 20 litr limit tətbiq edilir. Altay Respublikasında isə sürücülərin gündə bir dəfədən çox yanacaq almasına imkan verməyən limit davam edir.

Böhrandan çıxış yolu kimi idxal və aşağı keyfiyyətli benzin

Rusiya Federal Antiinhisar Xidməti (FAS) qiymət pozuntuları və qara bazar satışlarına qarşı araşdırmaları gücləndirib. İlin əvvəlindən 41 araşdırma başladılıb və 68 xəbərdarlıq verilib.

Rusiya hökuməti isə daxili bazardakı problemi azaltmaq üçün bir sıra addımlar atıb.

Benzin ixracına tətbiq edilən müvəqqəti qadağa 2027-ci il yanvarın 31-dək uzadılıb.

Bununla yanaşı, Rusiya daxili bazarı təmin etmək üçün ənənəvi tədarükçüləri Belarus və Qazaxıstanla yanaşı, Hindistan və Mərakeşdən də benzin idxal etməyə başlayıb.

Normal şəraitdə istifadəsi qadağan olunan, kükürd tərkibi yüksək olan Euro-2, Euro-3 və Euro-4 sinifli aşağı keyfiyyətli benzinin istehsalına, idxalına və daxili bazarda satışına müvəqqəti icazə verilib.

Sektor təhlillərinə və ekspert qiymətləndirmələrinə görə, Ukraynanın apreldən etibarən Rusiya və Krımdakı neft infrastrukturuna həyata keçirdiyi 40-dan çox PUA hücumu ölkənin neft emalı gücünün təxminən üçdə birini sıradan çıxarıb.

Daxili bazarda benzin istehsalının mövsümi orta istehlakın 65%-nə qədər azalması, xam neft emalının həcminin isə son 20 ilin ən aşağı səviyyəsinə düşməsi məhsul yığımı dövründə kənd təsərrüfatı sektorunu və logistika şəbəkəsini də ciddi təhlükə qarşısında qoyur.