Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Bu proses eyni zamanda istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, palatalar, auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər. Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170 təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrə formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükünün optimallaşdırılmasına və vergiödəyiciləri ilə səmərəli əməkdaşlığa xidmət edəcək. Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib.
Baş idarə rəisinin müavini Əvəz Quliyev diqqətə çatdırıb ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndə ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə limiti 400 min manata çatdırılacaq və nağdsız dövriyyənin yalnız 50 faizi ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eyni zamanda, muzdlu işdən gəlirlər üzrə vergi yükü optimallaşdırılacaq. Bundan başqa, orta və iri vergiödəyiciləri ilə münasibətlərin şəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək, əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın genişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi də qanunda öz əksini tapıb.
Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Əvvəlcə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə bağlı təqdimat olub. Təqdimatda dövlət dəstəyi və güzəşt paketləri mexanizmləri barədə məlumat verilib. Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində mühüm layihələrin icrasına başlanılır. 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Bu imtiyazlar muxtar respublikada sahibkarlar üçün əlavə üstünlüklər yaradacaq, yeni iş yerlərinin yaradılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. 2025-ci ilin 11 aylıq makroiqtisadi göstəricilərini təhlil edən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Qeyd olunan dövrdə istehsal olunan sənaye məhsulunun həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faizdən çox olub. Ceyhun Cəlilov Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini, dəmiryolu infrastrukturunun qurulmağa başlanıldığını vurğulayaraq bildirib ki, bu da turizmin və digər sahələrin canlanmasına şərait yaradacaq, nəticədə iş adamları investisiya qoyuluşu üçün yeni imkanlar əldə edəcəklər. Səlahiyyətli nümayəndə muxtar respublikada dövlət proqramlarının və digər layihələrin icrası çərçivəsində görülən işlərdən danışıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək sahibkarlıq sahəsində mövcud problemlər, qarşıda duran vəzifələr və gözlənilən nəticələrdən danışıb. 
2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400 manat təşkil edəcək. İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək. Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq.
Bununla yanaşı, Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək. Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb. Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi, gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsinin müəyyənləşdirilməsi və normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqini həyata keçirəcək.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu, fəaliyyətini şəffaf quran sahibkarlar üçün vergi yükünün azaldılmasına, eyni zamanda istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq: "Həmçinin, müştərilərin də hüquqları qorunur. Müştərilər ödəniş formasını seçməkdə sərbəstdirlər. Onlar həm kart, həm də nağd ödəniş edə bilərlər. Praktikaya əsasən isə sahibkarlar həm vergidən yayınmaq, həm də pulu nağdlaşdırmaq üçün müştərini nağd ödəniş etməyə vadar edirlər. Bu da vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır". 
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında vergi mexanizmləri biznes üçün daha əlverişli şəkildə qurulub. Ekspert xüsusilə vurğulayıb ki, vergi sistemi çox mürəkkəb mexanizmdir: "Hətta dövlət vergi, gömrük və digər güzəştlər hesabına bu bölgələrdə bir növ “güzəştlər vadisi” yaradıb ki, bu da sahibkarlar üçün çox əlverişli şərait formalaşdırır. Ölkənin digər bölgələrində əvvəllər mövcud olan vergi güzəştlərinin müddəti bitdiyi üçün sahibkarların xərcləri artıb. Məsələn, investisiya təşviqi sənədi 2019-cu ildən 2026-cı il yanvarın 1-dək qüvvədə idi və artıq bir aydan sonra başa çatır. Həmçinin mikro və kiçik sahibkarlara tətbiq edilən bəzi güzəştlər son illərdə tədricən dəyişdirilib. Buna görə də, işğaldan azad olunmuş ərazilər və Naxçıvan istisna olmaqla, ölkənin digər regionlarında vergi mexanizmlərinin "yüngülləşdiyini" demək düzgün olmaz".