Separatçı rejim vəziyyətdən yararlanıb sərvət qazanmaq istəyir

Erməni blogerlər bunu bildikləri üçün həqiqətləri dilə gətirirlər, bir-birini ifşa edirlər
  
Xankəndidəki separatçı qurum Qarabağ ermənilərinin sərbəst hərəkətinə, Ermənistana getməsinə mane olur. Hətta erməni bloger Natali Aleksanyan feysbuk səhifəsində yazıb ki, separatçılar Ermənistana gediş-gəliş üçün rüşvət tələb edirlər.

 O qeyd edib ki, separatçılar Qarabağdakı ermənilər üçün Azərbaycanın maneə yaratdığını iddia etsələr də, özləri ermənilər üzərindən külli miqdarda pul qazanmaq istəyirlər: "Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər. Qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”.
  Beynəlxalq Münasibətlər və 

Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağda xaotik durum yaşandığı üçün oradakı separatçı rejim bölgəni tərk etmək istəyən ermənilərə maneçilik törədir. Analitik vurğulayıb ki, ermənilərin Qarabağdan kütləvi çıxışına əngəl törədən separatçıların bir neçə məqsədi var: 

"Məsələnin bir tərəfi odur ki, hər şeyin sona çatdığını, "siyasi hakimiyyətlərinin" bitdiyini görən separatçılar son məqamda da ermənilər üzərindən var-dövlət qazanmaq niyyəti güdürlər. Qarabağdan qaça bilsələr dünyanın müxtəlif ölkələrində zəngin həyat yaşamaq xəyalı qururlar. Digər məqam isə ondan ibarətdir ki, separatçılar mülki ermənilərdən öz məqsədləri üçün istifadə etmək niyyəti güdürlər. Hər iki halda separatçıların hərəkətləri cinayət əməlləridir. Cinayətkar rejim ancaq öz maraqları naminə hərəkət edir. Erməni blogerlər bunu bildikləri üçün həqiqətləri dilə gətirirlər, bir-birini ifşa edirlər. Həm də ona diqqət çəkirlər ki, əgər vaxtında Azərbaycan vətəndaşı kimi yaşasaydılar, indiki acınacaqlı vəziyyətə düşməzdilər".