Separatçı rejimin, xuntanın sonu çatdı
Azərbaycan hökuməti öz erməni vətəndaşlarını sahibsiz qoymayacaq
“Yevlaxda erməni sakinlərin təmsilçilərinin Azərbaycan dövlətindən yardım istəməsinin özü də göstərir ki, mülki ermənilər oradakı separatçı rejimin, xuntanın əsarəti altındadır”
20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilib. Bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib. Onun sözlərinə görə, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcə də içərisində çörək olan iki maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edib. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılıb. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq. M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi
Çingiz Qənizadə "Sherg.az"a deyib ki, Yevlaxda Azərbaycan hökumətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında müzakirələrin baş tutması çox müsbət hal idi. Ekspertin sözlərinə görə, Qarabağda olan separatçı rejimin və Ermənistan silahlı qüvvələrinin tam tərksilah edilməsindən və təmizlənməsindən sonra yerli ermənilərlə Azərbaycan hökuməti arasında heç bir problem yaşanmayacaq: "Yevlax dialoqundan sonra bəlli oldu ki, erməni nümayəndələrinin təmsilçisi kimi dialoqa qatılmış şəxslər erməni sakinlərinin xahişini hökumət təmsilçilərinin diqqətinə çatdırdı. Məlum oldu ki, ərzaq mallarına, tibbi ləvazimatlara və yanacağa ehtiyac var. Azərbaycan dövləti erməni sakinlərin xahişinə dərhal müsbət reaksiya verdi. Təbii ki, humanitar yükün Xankəndinə çatdırılmasını dəstəkləyirik. Cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi bizim erməni xalqı ilə heç bir düşmənliyimiz yoxdur. Hər bir toplumun içərisində, o cümlədən erməni əhalisinin arasında revanşist qüvvələr, radikallar, cinayətə meyilli olanlar var. Bunlar cinayətkarlardır və daha əvvəldən Qarabağ ermənilərinə bildirilib ki, separatçılar və cinayətkarlarla bağlı siyahı tərtib olunub və onlar mütləq Azərbaycana təhvil verilməlidir. Onlara yanaşma tamam fərqli olacaq. Qeyd olunub ki, silahlarını yerə qoyan separatçılara amnistiya tətbiq etməyə hazırıq. Bu da humanizm baxımından çox mühüm jestdir. Bir məqamı da vurğulayım ki, Yevlaxda erməni sakinlərin təmsilçilərinin Azərbaycan dövlətindən yardım istəməsinin özü də göstərir ki, mülki ermənilər oradakı separatçı rejimin, xuntanın əsarəti altındadır. Azərbaycan tərəfindən bundan əvvəl göndərilən 40 ton yardımın ermənilərə çatdırılmasına mane olanlar da məhz həmin separatçı ünsürlər idi. Erməni sakinlərinin nümayəndələrinin xahiş və istəkləri onların reinteqrasiyaya meyilli olduqlarını da göstərdi. Ümid edirəm ki, proseslər davamlı olacaq və Azəbaycanın suverenliyi bütün ərazilərimizdə bərpa olunacaq".