Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor "Şərq"ə tarix də açıqladı

  •  Ermənistan da TRIPP-dən böyük ölçüdə faydalanacaq. Bu layihə ticarət və mübadilə vasitəsilə sülhü təşviq edəcək

ABŞ nöqtəni qoydu, başlayır. Dünyanın ən nəhəng dövləti - ABŞ-nin qollarını çərmələyib TRIPP layihəsini maliyyələşdirməyə başlaması Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi mərhələnin başlanğıcına işarədir. Üfüqdə sülh və böyük gəlir və əmin amanlıq...

Beynəlxalq siyasət üzrə amerikalı professor, Viskonsin ştatında Azərbaycan-ABŞ İqtisadi və Təhsil Şurasının direktoru, Paraqvayın Pilar Milli Universitetinin fəxri tədqiqatçısı Peter Marko Tase "Şərq" qəzetinə geniş müsahibəsində bir çox məqamlara toxunub.

Peter Marko Tase hesab edir ki, TRIPP layihəsi Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına, regionda sülhün möhkəmlənməsinə və yeni ticarət-logistika imkanlarının formalaşmasına mühüm töhfə verəcək. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi TRIPP-də Bakını əsas logistika aktorlarından birinə çevirir, ABŞ-nin prosesdə fəal iştirakı isə layihənin strateji əhəmiyyətini daha da artırır. Professor Rusiyanın layihəyə mümkün maneələrini də dəyərləndirib, eyni zamanda TRIPP-in ABŞ-dəkı siyasi hakimiyyət dəyişikliyindən asılı olmayaraq inkişaf etdiriləcəyini bildirib. Tase həmçinin Azərbaycan-ABŞ münasibətlərinin hazırda yüksək səviyyədə olduğunu və TRIPP-in 2030-cu ilə qədər tamamlanmasının gözlənildiyini qeyd edib.

Beynəlxalq siyasət üzrə amerikalı professo Peter Marko Tase ilə müsahibəni təqdim edirik:

-Professor, ABŞ TRİPP layihəsini maliyyələşdirməyə başlayıb. Bunu necə oxuyursunuz? 

-Enerji iqtisadiyyatı, logistika, quru nəqliyyat dəhlizləri, polad sənayesi və kənd təsərrüfatı iqtisadiyyatı regional əməkdaşlığın əsas sahələrindəndir. Vaşinqton Bakı və İrəvanla çox sıx əməkdaşlıq edərək bu istiqamətləri inkişaf etdirməyə çalışır. Məqsəd vətəndaşlar, ətraf mühit və regional iqtisadi təşəbbüslər üçün daha yaxşı gələcək yaratmaqdır. Prezident Tramp 1991-ci ildə müstəqilliyini əldə etdikdən bəri Azərbaycanın ən mühüm beynəlxalq müttəfiqidir. Prezident İlham Əliyev Prezident Trampı xarakterizə edən oxşar keyfiyyətlərə malik dövlət xadimidir. Coğrafiyanın yaratdığı məhdudiyyətləri yaxşı anlayır. Bu məsələnin həlli üçün Ağ Ev Bakı- İrəvan arasında iqtisadi, diplomatik dialoqun və fəaliyyətlərin yaxşılaşdırılmasına böyük əhəmiyyət verir.

-Bu onu göstərirmi ki, müharibə riski tamamilə aradan qalxdı?

-Bəli. Biz Avrasiyada gözlənilməz olan və region üçün birbaşa iqtisadi nəticələr doğuran son dərəcə intensiv geosiyasi cərəyanların yaşandığı dövrdəyik. Bununla yanaşı, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yüksək səviyyəli etimad və harmonik qonşuluq münasibətləri yaradır. Şuşa şəhəri və onun inkişafı Tramp-Vens administrasiyasının ev sahibliyi etdiyi bu sülh müqaviləsinin tacıdır. Əvvəllər işğal altında olan, faşist erməni silahlı qüvvələrinin ekosid və urbisid törətdiyi Azərbaycan torpaqlarının şəhər inkişafı yalnız Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində dünyanın şahidi olduğu unikal liderlik və vətənpərvərliyin nümunəsi oldu. Azərbaycan müharibə və şəhər dağıntılarının səbəb olduğu ağrılardan rekord müddətdə tam şəkildə bərpa olunmağın əsl örnəyidir. 

Tunellərin sayı və qlobal səviyyədə ən yaxşı avtomobil yolları sistemi Azərbaycanın həyata keçirdiyi effektiv dövlət siyasətinin göstəricilərindəndir.

Füzuli, Şuşa, Ağdam, Xankəndi və digər tarixi məkanların şəhər miqyasında yenidən canlandırılması da bu siyasətin mühüm istiqamətlərindəndir.

Bütün bunlar dünyada hər bir dövlətin yüksək qiymətləndirəcəyi iqtisadi inteqrasiya mexanizminin yaradılmasına yönəlmiş dövlət siyasətinin nəticəsidir.

-TRİPP layihəsinin tam mahiyyətini nədən ibarətdir? 

-Bu layihə Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasını təmsil edir.

2025-ci il avqustun 8-də Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli sammit ABŞ diplomatiyası üçün Cənubi Qafqazda yeni qarşılıqlı əlaqə dövrünün başlanğıcı oldu. ABŞ-nin 250 illik müstəqil dövlətçilik tarixini diqqətlə nəzərdən keçirdikdə ABŞ diplomatik tarixində ilk dəfədir ki, Birləşmiş Ştatlar tam şəkildə prosesə cəlb olunurdu. Cənubi Qafqaz regionunda sülhün, rifahın və iqtisadi inkişafın tamhüquqlu iştirakçısına çevrilirdi. Prezident İlham Əliyevin qüsursuz dövlətçilik məharəti, Prezident Trampın biznesyönümlü praqmatizmi və Ermənistanın beynəlxalq bazarlara inteqrasiya etmək üçün həyati ehtiyacı ilə birləşərək Cənubi Qafqaz regionu üçün möhtəşəm fürsət yarandı. Ötən il ərzində sülh, texnoloji inkişaf və logistika dəhlizlərinin rolu, Azərbaycanın suveren ərazisinə təxminən otuz il ərzində vurulmuş müharibə və dağıntılara (Qarabağ və 1988-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ona bitişik yeddi rayon) qalib gəlib.

-Layihədən daha çox kim qazanacaq: ABŞ, Azərbaycan, yoxsa Ermənistan?

-TRIPP layihəsinin inkişafında iştirak edən bütün tərəflər üçün yüksək səviyyədə mənfəət əldə etmək imkanı var. Azərbaycan öz əlverişli coğrafi mövqeyi sayəsində bu böyük regional layihənin əsas logistika aktoru kimi çıxış edir. Bütün regionun bu əlamətdar logistika və beynəlxalq ticarət dəhlizindən böyük fayda əldə edəcəyi gözlənilir. Ermənistan da TRIPP-dən böyük ölçüdə faydalanacaq. Bu layihə ticarət və mübadilə vasitəsilə sülhü təşviq edəcək.

-Layihəyə Rusiya əngəl yarada bilərmi?

-Rusiya Ukraynaya hərbi müdaxiləsi səbəbindən ciddi şəkildə zəifləyib. Moskvanın Mərkəzi Asiyadakı təsiri Sovet İttifaqının süqutundan bəri son onilliklər ərzində ən aşağı səviyyədədir.

Bu, Rusiya Federasiyasının hərbi sənayesi və milli təhlükəsizliyinin müdafiəsi üçün faciəvi dövrdür. Buna səbəb Ukraynanın dron briqadalarının Moskvanın hərbi maşınlarına və Rusiya hökumətinin enerji iqtisadiyyatına ciddi zərbələr vurmasıdır.

Rusiya Federasiyası öz Silahlı Qüvvələrində insan resurslarının məhdudluğu və texnoloji məhdudiyyətlərə baxmayaraq, qonşu ölkələrə, Mərkəzi Asiya respublikalarına qarşı informasiya və hibrid müharibə kampaniyaları həyata keçirməyə davam edəcək. Bundan əlavə, Moskva öz hava məkanını bağlı saxlayacaq. Avropa İttifaqının Cənub-Şərqi Avropada, Cənubi Qafqaz regionunda və Mərkəzi Asiyada geoiqtisadi maraqlarına qarşı təxribat xarakterli tədbirlər həyata keçirəcək. Rusiya diplomatiyası, kəşfiyyat xidmətləri Meksikada, Almaniyada, Peruda və Romada çox təsirli olublar. Şübhə yoxdur ki, ABŞ-Azərbaycan əlaqələri və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 8 avqust 2025-ci ildən etibarən getdikcə möhkəmlənib. Vaşinqtona doğru belə radikal geosiyasi dəyişiklik region xalqlarına böyük fayda verəcək. Əvvəllər heç vaxt görülməmiş yeni kommersiya imkanları dövrünü gətirəcək.

-Əgər hakimiyyət dəyişərsə, yəni Tramp hakimiyyətdən gedərsə, TRİPP-ə əngəl yarana bilərmi?

-Xeyr. Hazırkı vitse-prezident Ceyms Devid Vensin 2028-ci ildə prezidentliyə namizəd olacağı gözlənilir. Onun praqmatik dövlət idarəçiliyi bu əsas regionlararası nəqliyyat marşrutunun fəaliyyətini və konkret nəticələrini yeni səviyyələrə yüksəldəcək. TRIPP regional dəhlizi daha böyük uğuru təmsil edir. Prezident İlham Əliyev Tramp administrasiyası ilə unikal strateji ittifaq qurub. Belə bir ittifaq Azərbaycanı Vaşinqtonla son dərəcə yaxın əlaqələrə malik çox-çox azsaylı dövlətlərin daxil olduğu kluba daxil edib. “Yuxulu Co” dövründə Böyük Britaniya və Fransanın daxil olduğu həmin klubda Azərbaycan da yer alıb. TRIPP Çin Xalq Respublikasının maliyyələşdirdiyi “Bir Kəmər, Bir Yol” dəhlizinin ciddi rəqib layihəsidir.

2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərlə biz Respublikaçılar Partiyasının Konqresdəki fraksiyasının güclənməsinin şahidi olacağıq. Bu, TRIPP layihəsinə əlavə stimul verəcək. Cey Di Vens administrasiyası isə bu təsirli logistika layihəsini irəlilətməyə davam edəcək.

-Sülh sazişi ABŞ-də imzalana bilərmi?

-Sülh sazişi, şübhəsiz ki, Vaşinqtonda imzalanacaq. Prezident Tramp hər iki hökumətin liderlərini onun himayəsi altında sülh sazişini imzalamaq üçün qəbul etmək barədə səmimi istəyini açıq şəkildə ifadə edib. Prezident Tramp böyük liderdir. Onun etimad quruculuğu tədbirlərinin formalaşdırılmasındakı rolu həlledicidir. Prezident İlham Əliyev Prezident Trampın gözündə ən çox rəğbət bəslənilən dövlət başçılarından birinə çevrilməklə yüksək səviyyədə dövlətçilik məharəti nümayiş etdirib.

-ABŞ-Azərbaycan münasibətləri hazırda hansı səviyyədədir?

-“Yuxulu Co” və onun anti-Amerika yönümlü sosialist diplomatlarının hazırladığı zərərli xarici siyasət müstəqil Azərbaycanın ilk illərindən etibarən Vaşinqton-Bakı ikitərəfli tərəfdaşlığına böyük zərər vuraraq çoxsaylı ağrılara səbəb olub. Həmin dövrdə senator Co Bayden və digər faydasız amerikalı demokrat senatorlar Azərbaycan Respublikasına qarşı sanksiyalar tətbiq edən 907-ci düzəlişi təşviq ediblər. 2025-ci ildən etibarən Prezident Tramp Cənubi Qafqazın coğrafi və geosiyasi əhəmiyyətini dərk edib. Prezident İlham Əliyevin timsalında Ağ Evin hazırkı rəhbəri sülh və rifah naminə eyni baxışı bölüşən ən sadiq beynəlxalq tərəfdaşı və dövlət başçısını tapıb. Bu konsepsiya Zəngəzur dəhlizinin və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) təsirli inkişafında öz təcəssümünü tapacaq.

Azərbaycan və Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq 1991-ci ildən bəri heç vaxt olmadığı qədər ən yüksək səviyyədədir.

-Azərbaycan və Ermənistan arasında sülh nə zaman bağlana bilər? 

-TRIPP dəhlizi Ermənistan və Azərbaycan tərəfindən tam sülh sazişinin əldə edildiyi vaxtda tamamlanacaq. 2030-cu ilə qədər TRIPP dəhlizinin tamamlanacağı gözlənilir. Yəni o zaman sülh bağlana bilər. Bu, Naxçıvanın Şərur rayonu Mərkəzi Asiya, Avropa və Cənubi Qafqazın ticarət inteqrasiyasında, logistika coğrafiyasında böyük rol oynayacaq.