- Azər Allahverənov: “Xarici qonaqlar işğalın dağıtdığı Qarabağı və yenidən qurulan bölgəni öz gözləri ilə gördülər”
Şuşada 13-14 iyul tarixlərində keçirilən IV Qlobal Media Forumu müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirən beynəlxalq platformalardan biri kimi diqqət çəkib.
Forum çərçivəsində media sahəsində qlobal çağırışlar, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlıq və sülh quruculuğunda medianın rolu kimi aktual mövzular müzakirə olunub. Tədbir həm peşəkar fikir mübadiləsi, həm də müxtəlif ölkələr arasında media sahəsində dialoq və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli imkanlar yaradıb.
Millət vəkili Azər Allahverənov Sherg.az-a IV Şuşa Qlobal Media Forumu barəsində danışıb:

"IV Şuşa Qlobal Media Forumu sözün əsl mənasında beynəlxalq platformaya çevrilmiş, ictimai-siyasi baxımdan böyük əhəmiyyət daşıyan bir tədbirdir. Say etibarilə dördüncü dəfə keçirilsə də, hər il Şuşada belə mötəbər forumun təşkili, çoxsaylı beynəlxalq ekspertlərin, müxtəlif ölkələrdə fəaliyyət göstərən media nümayəndələrinin bir araya gəlməsi bir neçə parametr baxımından olduqca əhəmiyyətlidir.
İlk növbədə, siyasi nöqteyi-nəzərdən bu forum işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından mühüm rol oynayır. Çünki 30 ildən artıq müddətdə torpaqlar işğal altında olduğu dövrdə erməni işğalçıları şəhərlərin, kəndlərin, tarixi və mədəni irsin dağıdılmasına səbəb olan siyasət həyata keçirdilər. Nəticə etibarilə həmin ərazilərdə urbisid, kulturosid və ekosid halları baş verdi, ölkəmizin beşdə bir hissəsi böyük dağıntılarla üzləşdi.
44 günlük Vətən müharibəsindən sonra isə həmin dağıntıların miqyası tam şəkildə üzə çıxdı. Bölgəyə təşkil olunan səfərlər işğal dövründə törədilmiş dağıntıları bütün aydınlığı ilə nümayiş etdirdi".
Parlamentari artıq dördüncü dəfə keçirilən forumun xarici ekspertlərə, jurnalistlərə və media nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini yerində görmək imkanı yaratdığını söyləyib:
"Xarici qonaqlar da bunu çıxışlarında, reportajlarında və bloq yazılarında xüsusi vurğuladılar, kül içindən yenidən dirçələn bir bölgəni dünya ictimaiyyətinə təqdim etdilər. Bu baxımdan forumun əhəmiyyəti olduqca böyükdür.
Digər tərəfdən, forumun hər il fərqli mövzuya həsr olunması da diqqətəlayiq məqamdır. Bu il forum sülh quruculuğu prosesində medianın missiyasına həsr olundu. Müasir dövrün çağırışlarına uyğun olaraq medianın sülhün təşviqində oynadığı rolun müəyyənləşdirilməsi baxımından bu mövzu xüsusi aktuallıq daşıyır. 50-dən çox ölkədən 160-dan artıq xarici qonağın iştirak etdiyi forum bu istiqamətdə vacib suallara cavab axtarmaq üçün mühüm platforma oldu.
Ən önəmli məqamlardan biri də xarici qonaqların Azərbaycanın siyasi rəhbərliyi ilə birbaşa təmasda olması və onların çoxsaylı suallarını Prezident İlham Əliyevin cavablandırması idi. Bu, özlüyündə mühüm siyasi hadisədir. Müxtəlif ölkələrin siyasi rəhbərlərinin fəaliyyəti ilə müqayisədə Azərbaycanda dövlət rəhbərliyi ilə informasiya müstəvisi arasında daha sıx əlaqənin mövcud olduğunu görürük. Bu yanaşmanın media forumunda da davam etdirilməsi forumun əhəmiyyətini daha da artırdı.
Xarici qonaqlar həm Azərbaycanla, həm Cənubi Qafqazla, həm də daha geniş mənada dünyanı narahat edən məsələlərlə bağlı suallarını birbaşa ölkə başçısına ünvanlayır və verilən cavablar vasitəsilə Azərbaycanın mövqeyini öyrənirdilər. Bu da Azərbaycanın baxışlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından forumun əhəmiyyətini artırdı".
Deputat forumun yalnız siyasi deyil, eyni zamanda mədəni tərəfinin də mühüm əhəmiyyət daşıdığını bildirib:
"Xarici qonaqlar Azərbaycanın mədəni irsi, işğaldan azad olunmuş ərazilərdə bərpa edilən tarixi-mədəni abidələr və onların mahiyyəti barədə ətraflı məlumat əldə etdilər, eyni zamanda Azərbaycan mətbəxi ilə tanış oldular. Bütün bunlar da siyasi mövzularla yanaşı beynəlxalq qonaqların diqqətini cəlb edən vacib istiqamətlərdəndir.
Bu yanaşma Azərbaycan qonaqpərvərliyinin, Azərbaycan həqiqətlərinin, milli mədəniyyətinin və mətbəxinin dünyaya təqdim olunmasına xidmət edir. Nəticə etibarilə bütün bunlar forumun siyasi müstəvisinə də əlavə töhfələr verdi.
Digər mühüm məqam isə forumun şəbəkələşmə imkanları yaratmasıdır. Burada çoxsaylı yeni tanışlıqlar yarandı, gələcək əməkdaşlıqlar üçün imkanlar formalaşdı. Müxtəlif ölkələri və fərqli sahələri təmsil edən şəxslər ortaq ideyalar ətrafında bir araya gəldilər. Forum həm də dostluq və həmrəylik mesajı verən platforma oldu. Jurnalistlər və ekspertlər arasında formalaşan münasibətlər, tədbir zamanı paylaşılan şəkillər, reportajlar və digər ünsiyyət nümunələri bunu aydın şəkildə göstərir.
Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində imicinin möhkəmlənməsinə, reputasiyasının artmasına və Azərbaycanın müxtəlif beynəlxalq layihələrdə oynadığı rolun daha geniş auditoriyaya çatdırılmasına xidmət etdi".
Milli məclisin üzvü vurğulayıb ki, hər il forum ətrafında müşahidə olunan canlanma və artan maraq bu tədbirin qarşıya qoyduğu məqsədlərə nail olduğunu göstərir:
"Mövzuların ildən-ilə yenilənməsi, müxtəlif baxış bucaqlarının müzakirəyə çıxarılması və dövrün aktual məsələlərinin gündəmə gətirilməsi forumu gələcəyə yönəlmiş, beynəlxalq əhəmiyyətə malik mühüm platformaya çevirdi".