- Yücel Karauz hesab edir ki, hərbi varianta qayıtmaq qapısı açıqdır
İranın xarici siyasətində diplomatik imkanların daha çox ön plana çıxması diqqət çəkir. Xüsusilə İran-ABŞ münasibətlərində qarşılıqlı razılaşma və danışıqlar ehtimalının gündəmə gəlməsi Tehranın mövqeyinin hansı istiqamətdə dəyişdiyi ilə bağlı müzakirələri artırıb.
İran Prezidenti Məsud Pezeşkianın son açıqlamaları da bu baxımdan diqqət çəkir. Pezeşkian müharibənin problemlərin həlli üçün hər zaman doğru yol olmadığını bildirərək, mövcud vəziyyətdən düşünülmüş qərarlar və düzgün strategiya ilə çıxmağın mümkün olduğunu vurğulayıb. Eyni zamanda, ABŞ ilə əldə olunmuş anlaşma memorandumunu “İslam Respublikasının fəxri sənədi” adlandırması və Milli Təhlükəsizlik Şurasının üzvlərinin böyük əksəriyyətinin sənədi dəstəklədiyini bildirməsi İran daxilində bu məsələyə yanaşma ilə bağlı müəyyən mesajlar verir.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki, Pezeşkianın “müharibə hər zaman həll yolu deyil” və “əllə açılması mümkün olan düyün dişlə açılmaz” sözləri öz təsdiqini tapır:
"Pezeşkian İran-ABŞ razılaşmasının düzgün şəkildə həyata keçirilməsi halında ölkə üçün bir “şərəf, iftixar sənədi” ola biləcəyini müdafiə edir.
Bunun strateji mənası təkcə sülh ritorikasından daha əhəmiyyətlidir.
Tehranın ritorikasında nəzərəçarpacaq dönüş var. Pezeşkian hərbi müqavimət qabiliyyətini rədd etmədən “güc + diplomatiya” formuluna keçir. Mesajı təxminən belə oxumaq olar: “Müharibə apara biləcək vəziyyətdə olduğumuzu göstərdik, lakin bundan sonra əldə etdiyimiz nəticələri diplomatiya ilə möhkəmləndirməliyik".
Əslində daxili ictimaiyyətə “geri addım atmadıq” mesajı verilir. Razılaşmanın “şərəf sənədi” kimi təqdim edilməsi kritik əhəmiyyət daşıyır. Beləliklə, ABŞ ilə razılaşma rejimin güzəştə getməsi deyil, İranın müqaviməti nəticəsində Vaşinqtonu danışıqlara məcbur etməsi kimi çərçivələndirilir. İyun ayında da Pezeşkian razılaşmanın müharibənin dayandırılması və danışıqların başlanması baxımından əhəmiyyətli olduğunu, lakin İranın bütün variantlara hazır vəziyyətdə qaldığını bildirmişdi".
Analitik qeyd edib ki, İran rəhbərliyində diplomatiya məsələsində geniş konsensusun olduğu mesajı xüsusilə önə çəkilir:
"Pezeşkianın Milli Təhlükəsizlik Şurasındakı dəstəyini vurğulaması, razılaşmanın yalnız prezidentin şəxsi seçimi olmadığı, dövlət mexanizminin böyük bir hissəsinin arxasında dayandığı təəssüratını yaradır.
Lakin bu, ABŞ-yə güvənildiyi anlamına gəlmir. İranın yanaşması daha çox “razılaş, lakin çəkindirmə qabiliyyətini qoru” xəttindədir. İranlı hərbi rəsmilər də ABŞ öhdəliklərini yerinə yetirməsə, hərbi vəziyyətin yenidən razılaşmadan əvvəlki nöqtəyə qayıda biləcəyini bildirirlər.
Pezeşkianın sözlərindəki ən mühüm strateji mesaj budur: İran müharibəni davam etdirməyin marjinal gəlirinin azaldığını, bundan sonrakı qazanımların iqtisadi normallaşma, sanksiyaların yüngülləşdirilməsi və diplomatiya vasitəsilə əldə edilməsinin daha rasional olduğunu düşünür. Lakin bunu “məğlubiyyətdən sonra sülh” kimi deyil, “müqavimətdən sonra danışıqlar” kimi İran ictimaiyyətinə çatdırmağa çalışır".
Generalın vurğulayıb ki, Türkiyə baxımından da mühüm bir pəncərə açılır:
"İran-ABŞ xəttində nəzarətli normallaşma davamlı xarakter alarsa, Hörmüz, enerji qiymətləri, İraq-Suriya balansı, Körfəz təhlükəsizliyi və Türkiyə-İran iqtisadi əlaqələri üzərində ciddi nəticələr yarana bilər. Buna qarşılıq, razılaşma pozularsa, Pezeşkianın bugünkü açıqlamalarında xüsusilə açıq saxladığı “yenidən hərbi varianta qayıtmaq” qapısı işə düşə bilər".