Tramp ABŞ seçkilərinə xarici müdaxilə ilə bağlı sənədlərin məxfiliyinin götürülməsini tapşırıb

ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən seçkilərə xarici müdaxilə ilə bağlı sənədlərin məxfilikdən çıxarılması barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Tramp Rusiya, Çin, İran və Şimali Koreyanın ABŞ seçkilərinə təsir göstərmək imkanına malik olduğunu bəyan edib.

Prezidentin sözlərinə görə, məxfi saxlanılan məlumatlar seçki təhlükəsizliyi sahəsində "misli görünməmiş problemlərin" mövcudluğunu göstərir.

Tramp həmçinin səsvermə sistemlərindəki zəifliklərlə bağlı məlumatları gizlədən şəxslərin məsuliyyətə cəlb olunmasını tapşırıb.

ABŞ Prezidenti iddia edib ki, Çin 2020-ci ildə Amerika seçicilərinə dair məlumat bazalarına qanunsuz giriş əldə edib.

Onun sözlərinə görə, federal seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmiş təxminən 278 min ABŞ vətəndaşı olmayan şəxs müəyyən edilib və onların sayının daha çox ola biləcəyi istisna edilmir.

Tramp əlavə edib ki, ABŞ-da fəaliyyət göstərən "dərin dövlət" uzun müddət xarici müdaxilə ilə bağlı məlumatları ictimaiyyətdən gizlədib.