- 907-nin ləğvi üçün əsas siyasi zəmin Azərbaycan-Ermənistan sülh prosesinin daha da möhkəmlənməsi və bunun ABŞ-da geniş siyasi konsensus yaratması olacaq
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat verib.
Dövlət Departamenti müvafiq sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərib.
Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsini məhdudlaşdırır. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verib. Hər il ABŞ prezidentləri 907-ci düzəlişin qüvvəsinin dayandırılmasını hər il uzadır və Konqresə məlumat verirlər.
Donald Trampın Azərbaycanla münasibətlərə dair müsbət mesajları və 907-ci düzəlişin tətbiqini növbəti dəfə dayandırması fonunda burada maraqlı sual yaranır: Əgər Vaşinqton Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini qəbul edir və bu məhdudiyyət faktiki olaraq tətbiq olunmursa, ABŞ niyə 907-ci düzəlişi birdəfəlik ləğv etmək təşəbbüsü göstərmir?
Mövzunu şərh edən politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, ABŞ Dövlət Departamentinin 907-ci düzəliş üzrə Azərbaycana tətbiq edilən məhdudiyyətlərdən azadolmanı daha bir il uzatması Donald Tramp administrasiyasının Azərbaycan ilə münasibətlərə verdiyi strateji əhəmiyyət fonunda həqiqətən də müəyyən paradoks yaradır. Politoloq hesab edir ki, bir tərəfdən Vaşinqton Azərbaycanla əməkdaşlığı genişləndirir, digər tərəfdən isə 1992-ci ildə qəbul edilmiş və mahiyyət etibarilə Qarabağ münaqişəsinin tamamilə başqa mərhələsinə aid olan hüquqi məhdudiyyət qüvvədə qalır:
“Avqustun 10-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilən son bildiriş də bu siyasətin davam etdiyini göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Trampın 907-ci düzəlişi dayandırması ilə onun ləğvi arasında prinsipial fərq var. Prezidentin mövcud səlahiyyəti çərçivəsində məhdudiyyətlərin tətbiqini dayandırmaq mümkündür, lakin düzəlişin qanundan tam çıxarılması üçün Konqresin ayrıca qanun qəbul etməsi lazımdır. Bu səbəbdən Tramp administrasiyasının siyasi imkanları geniş olsa da, prezident təkbaşına 907-ni ləğv edə bilməz. Əslində, məsələ artıq ABŞ qanunvericilik gündəminə müəyyən dərəcədə daxil olub. 2025-ci ilin dekabrında Respublikaçı konqresmen Anna Paulina Luna tərəfindən təqdim edilən H.R.6534 qanun layihəsi birbaşa 907-ci düzəlişin ləğvini nəzərdə tutur. Layihənin əsaslandırılmasında Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğu, sülhə sadiqliyi və Azərbaycan-Ermənistan arasında sülh razılaşmasının əldə edildiyi vurğulanır. Lakin sənəd hələ də yalnız Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilmiş və bundan sonrakı qanunvericilik mərhələlərinə keçməyib. Deməli, problem Trampın Azərbaycana münasibətindən qaynaqlanmır. Əsas məsələ 907-nin Konqres daxilində formalaşmış siyasi mirasıdır. Düzəliş 1992-ci ildə qəbul edilərkən ABŞ-dakı erməni diasporunun siyasi təsiri və Qarabağ münaqişəsi ətrafında formalaşmış yanaşmalar mühüm rol oynayıb. Bu gün həmin reallıq dəyişsə də, Konqresdə 907-nin tam ləğvinə qarşı çıxacaq siyasi qruplar hələ də mövcuddur. 2026-cı ildə erməni-amerikan təşkilatlarının Tramp administrasiyasının azadolmanı uzatmaq qərarına qarşı kampaniya aparması bunun bariz göstəricisidir”.
Politoloq hesab edir ki, Vaşinqton üçün 907-ci düzəlişi saxlamağın başqa bir səbəbi də siyasi manevr imkanını qorumaqdır:
“Prezident azadolmanı uzatmaqla Azərbaycanla strateji əməkdaşlığa mane olmur, eyni zamanda Konqresin müəyyən dairələri üçün mövcud hüquqi mexanizm saxlanılır. Başqa sözlə, ABŞ administrasiyası praktik siyasətdə 907-nin təsirini minimuma endirib, amma onun hüquqi mövcudluğunu tam aradan qaldırmağa hələ hazır deyil.
Məncə, 907-nin ləğvi üçün əsas siyasi zəmin Azərbaycan-Ermənistan sülh prosesinin daha da möhkəmlənməsi və bunun ABŞ-da geniş siyasi konsensus yaratması olacaq. Əgər sülh sazişi tam qüvvəyə minər, regional kommunikasiyalar açılar və Azərbaycan ABŞ üçün enerji, logistika və təhlükəsizlik baxımından daha əhəmiyyətli tərəfdaşa çevrilərsə, 907-ni saxlamaq Vaşinqton üçün getdikcə daha az əsaslandırıla biləcək”.
Y. Bağırzadə sonda qeyd edib ki, 907-nin növbəti dəfə dayandırılması onun ləğvinin əleyhinə mesaj deyil, əksinə, Vaşinqtonun praktik olaraq bu məhdudiyyətdən artıq istifadə etmədiyini göstərir:
“Lakin hüquqi statusun dəyişməsi üçün Tramp administrasiyasının siyasi iradəsi ilə yanaşı, Konqresdə də kifayət qədər geniş dəstək formalaşmalıdır. Hazırda əsas maneə məhz bu siyasi mərhələdir”.