- "Türkiyənin F-35 taleyini ABŞ-də seçkilərin nəticəsi müəyyən edəcək"
Türkiyənin F-35 proqramına geri qayıdıb-qayıtmayacağı məsələsi son dövrlərdə Ankara-Vaşinqton münasibətlərinin əsas müzakirə mövzularından birinə çevrilib. S-400 hava hücumundan müdafiə sistemlərinin alınması səbəbilə Türkiyənin proqramdan çıxarılması, ABŞ-nin tətbiq etdiyi hüquqi məhdudiyyətlər və NATO daxilində dəyişən təhlükəsizlik dinamikası bu məsələnin həllini mürəkkəbləşdirən əsas amillər sırasındadır.
Türkiyənin müdafiə sənayesində əldə etdiyi irəliləyişlər, xüsusilə milli döyüş təyyarəsi KAAN layihəsi və yerli hərbi texnologiyaların inkişafı da bu prosesin fərqli istiqamətlərdən qiymətləndirilməsinə səbəb olur. Buna baxmayaraq, F-35 məsələsi yalnız texniki və hərbi deyil, eyni zamanda siyasi və strateji amillərlə də bağlıdır.
Digər tərəfdən isə Tramp Türkiyənin güclü orduya malik olduğunu vurğulayır və Prezident Rəcəb Tayyib Ərdoğanı dostu adlandırır. Bildirir ki, Türkiyə möhtəşəm müttəfiqdir. Heç kim ona kimə nə satmalı və ya satmamalı olduğunu deyə bilməz.
Ehtiyatda olan hərbi pilot, ekspert Hüseyn Fazla Sherg.az-a F-35 məsələsinin yaxın dövrdə asanlıqla həll olunacaq məsələ olmadığını deyib:
"2017-ci ildə qəbul edilən KATSA bizi birbaşa olmasa da Rusiya ilə müdafiə və kəşfiyyat sahəsində əməkdaşlıq çərçivəsində S-400 hava hücumundan müdafiə raket sistemini aldığımız üçün dolayı şəkildə əhatə edir.
Lakin bundan daha önəmlisi ondan ibarətdir ki, Türkiyə 2019-cu ildə F-35 proqramından çıxarıldı. 2020-ci ildə isə Milli Müdafiə Səlahiyyətləndirmə Aktı (National Defense Authorization Act) qəbul edildi. Həmin qanunun 1245-ci maddəsi ilə belə bir qərar verildi ki, Türkiyə S-400 raketdən müdafiə sistemlərini operativ şəkildə istifadə etməyəcək.
Bu sistemlərin istifadə olunmadığı və ya aktiv vəziyyətdə saxlanılmadığına dair ABŞ hökuməti, Dövlət Departamenti və Müdafiə Nazirliyi hesabat hazırlamalı, sənəd və sertifikasiya təqdim etməlidir.
Daha sonra həmin sənəd Konqresə təqdim olunacaq. Əgər Konqres bunu qəbul edərsə, yəni S-400-lərin operativ vəziyyətdə olmadığı sübut olunarsa və Türkiyə həmin sistemlərin istifadə edilməyəcəyi ilə bağlı öhdəlik götürərsə, yalnız bundan sonra Konqres məsələni müzakirə edə bilər. F-35 təyyarələrinin Türkiyəyə satışının qarşısındakı hüquqi maneəni aradan qaldırar".
Hərbi ekspert hazırda bu prosesin hələ başlamadığını söyləyib:
"Lakin Tramp administrasiyası Türkiyəyə F-35 satılması istiqamətində iradəyə sahib olduğunu nümayiş etdirir. Bunu gizlətmir.
Xüsusilə Trampın mövqeyi bu baxımdan diqqət çəkir. Hazırda bunu ilk hazırlıq mərhələsi kimi qiymətləndirə biləcəyimiz məsələ Türkiyənin istehsal etdiyi milli döyüş təyyarəsi KAAN-ın ehtiyac duyduğu 80 ədəd mühərrikin KATSA çərçivəsindən çıxarılaraq Türkiyəyə satışına icazə verilməsidir.
Bununla bağlı hökumət Konqresə bildiriş göndərdi. Konqres etiraz etmədi. İyul ayının ortalarından etibarən artıq KAAN-ın mühərrikləri, yəni F-110 mühərrikləri ilə bağlı əsas problem aradan qalxdı.
Lakin problem aradan qalxdı deyərkən, əlbəttə ki, bununla bağlı yenə də texniki və sertifikasiya məsələləri, həmin mühərriklərin Türkiyənin təyyarələrinə inteqrasiyası istiqamətində iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq davam edəcək. Qarşılıqlı səfərlər və müzakirələr aparılacaq".
Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq ən böyük maneə artıq aradan qalxıb:
"İndi buna bənzər bir prosesin, yəni komponent, sistem və mühərrik məsələsində baş verənlərin platforma səviyyəsində həyata keçirilməsi, xüsusilə NDAA-nın 1245-ci maddəsi qüvvədə olduğu müddətdə olduqca çətindir. Demək olar ki, mümkün deyil.
Bu, hüquqi bir maneədir və ABŞ-nin daxili siyasətində prosesi məhdudlaşdırır. Bununla bağlı Türkiyənin edə biləcəyi çox şey yoxdur.
ABŞ hökumətinin, xüsusilə Amerikanın maraqları baxımından Türkiyəyə F-35-ləri satmağa ehtiyacı var. Bu qiymətləndirmə mövcuddur. Çünki NATO üzvləri arasında demək olar ki, F-35-ə sahib olmayan üzv qalmayıb.
Keçmişdə F-16-lar nə qədər əhəmiyyətli idisə, hazırda və gələcəkdə NATO ölkələrinin birgə hava əməliyyatları həyata keçirə bilməsi baxımından F-35 təyyarələri də eyni dərəcədə əhəmiyyət daşıyır.
Türkiyənin isə ABŞ-dan silah tədarükü və satınalmaları məsələsində getdikcə uzaqlaşmağa başladığı görünür. Əvvəllər demək olar ki, hər şeyi ABŞ-dan alırdıqsa, indi hətta F-16-larla bağlı belə müəyyən problemlər mövcuddur.
Hazırda Türkiyə öz təlim təyyarələrini- Hürkuş və Hürjeti, öz tankını, gəmilərini və digər hərbi sistemlərini istehsal edir. Buna görə də ABŞ-dan asılılığın azalması bir tərəfdən də Vaşinqton ilə hərbi münasibətlərin getdikcə daha zəif bir nöqtəyə doğru irəliləməsinə səbəb olur.
Türkiyənin xüsusilə müdafiə və təhlükəsizlik sahəsində ABŞ-dan asılılığı getdikcə daha aşağı səviyyəyə enir".
H.Fazla bu səbəbdən ABŞ-nin Türkiyəni itirməmək üçün ən azından F-35 satışı vasitəsilə Ankara ilə hərbi və təhlükəsizlik sahəsindəki yaxın münasibətlərini davam etdirmək istədiyini vurğulayıb:
"Bölgədə həyata keçiriləcək ortaq NATO əməliyyatlarında ABŞ-nin F-35 təyyarəsi olmayan ölkələrlə birlikdə hava əməliyyatları aparması çətinləşir.
Türkiyə keçmişdə F-16-larla necə güclü hava qüvvələri görüntüsü yaradırdısa və birgə əməliyyat potensialı yüksək idisə, hazırda eyni vəziyyət F-35-lər üçün də keçərlidir.
Lakin Türkiyənin 100 təyyarə, 116 təyyarə, yoxsa 20-40 təyyarə əldə edib-etməyəcəyi iki ölkə arasındakı siyasi müzakirələrin gedişindən, daha sonra isə müdafiə və hərbi əlaqələrin inkişafından asılı olacaq.
Yaxın dövrdə F-35 satış məsələsi asanlıqla həll olunmayacaq. Xüsusilə bu məsələ seçkilərdən sonraya qala bilər.
Seçkilərdən sonra formalaşacaq Konqresdəki siyasi nisbət, yəni Respublikaçıların yenidən çoxluqda qalması halında müəyyən addımların atılması mümkün ola bilər. Əgər onlar çoxluqda qalmasalar, bu məsələ müəyyən müddət qeyri-müəyyən vəziyyətdə qalacaq.
Əgər Tramp da hakimiyyətdən gedərsə, ehtimal ki, Demokratlar İsrailə daha açıq mövqedə olar, daha çox yəhudi lobbisinin təsiri altında qala bilərlər. Buna yunan və erməni lobbisini də əlavə etmək olar".
Müsahibimiz qeyd edib ki, Demokratlar yenidən hakimiyyətə gəlsələr belə bir vəziyyətdə Türkiyənin F-35 almaq məsələsində qarşılaşdığı çətinliklər ən yüksək həddə çatacaq:
"Digər tərəfdən, Türkiyənin mütləq F-35 alıb-almayacağı və buna nə dərəcədə ehtiyac duyduğu da ayrıca müzakirə mövzusudur.
Məncə, Türkiyə F-35-ə olan ehtiyacını getdikcə azaldır. Öz milli döyüş təyyarələri, hərbi silah sistemləri və texnologiyaları ilə Türkiyə həm xarici asılılıqdan qurtulmaq istiqamətində inamlı addımlar atır, həm də əvvəlki dövrlərlə müqayisədə bu asılılığı əhəmiyyətli dərəcədə azaldır".