ABŞ artıq “dünya jandarmı” deyil, Vaşinqton Yaxın Şərqdən çıxmaq istəyir
ABŞ ilə İran arasında artan gərginlik beynəlxalq gündəmdə qalmaqda davam edir. Hərbi qarşıdurma ehtimalları müzakirə olunsa da, son proseslər diplomatik kanalların ön plana çıxdığını göstərir. Bu çərçivədə İran Prezidenti Məsud Pezeşkianın ABŞ-la danışıqlara başlanması barədə göstəriş verdiyi bildirilir. “Fars” agentliyinin İran hökumətindəki mənbəyə istinadla yaydığı məlumata görə, tərəflər arasında danışıqların yaxın günlərdə Türkiyədə keçirilməsi ehtimal olunur.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasınında ABŞ Prezidenti Donald Trampın İranla müharibə aparmaq istəmədiyini deyib:
"ABŞ-nin hazırda kifayət qədər daxili və xarici problemi mövcuddur. İlk növbədə Tramp administrasiyası Venesuela böhranı ilə bağlı mürəkkəb bir prosesi idarə etməyə çalışır.
Bundan əlavə, ABŞ-nin Çinlə Asiya-Sakit okean bölgəsində, xüsusilə Tayvan üzərindən ciddi siyasi və strateji gərginliyi var. Vaşinqton eyni zamanda Rusiya ilə də qlobal miqyasda rəqabət aparır.
Digər tərəfdən, Qrenlandiya məsələsi səbəbilə Avropa ilə münasibətlərdə gərginlik yaşanır. Trampın Panama və Kanada ilə bağlı hədəfləri, həm Avropa ölkələri, həm də Mərkəzi Amerika regionu ilə münasibətlərdə problemlər yaradıb. Rusiya-Ukrayna müharibəsi fonunda maraqların toqquşması ABŞ-ni Avropa ilə qarşı-qarşıya qoyub. Bu, NATO-nun gələcəyi ilə bağlı da ciddi suallar ortaya çıxıb. Hətta NATO-nun tədricən zəifləməsi və ya funksiyasının dəyişməsi müzakirə olunur.
Bu yaxınlarda keçirilən NATO təliminə ABŞ-nin qatılmaması diqqət çəkən məqam oldu. Tramp administrasiyası yeni təhlükəsizlik doktrinasına uyğun olaraq Yaxın Şərqdən, xüsusilə Suriya bölgəsindən çəkilmək istədiyini, ABŞ-nin artıq “dünya jandarmı” rolunu oynamaq niyyətində olmadığını açıq şəkildə ifadə edir. Lakin ABŞ daxilində güclü yəhudi diasporu mövcuddur".
Politoloq İsrail və yəhudi lobbilərinin ABŞ-ni İranla müharibəyə sürükləmək üçün ciddi təzyiqlər göstərdiyini deyib:
"Məqsəd ABŞ-nin Yaxın Şərqdən çəkilməsinin qarşısını almaq və regionda qalmasını təmin etməkdir.
İran da ABŞ-la müharibə istəmir. Çünki İran bilir ki, ABŞ-la uzunmüddətli və birbaşa müharibə onun üçün çox ağır nəticələr doğura bilər. Bununla belə, İran Venesuela kimi zəif dövlət deyil. O, dərin dövlət ənənələrinə və ciddi strateji imkanlara malik ölkədir.
ABŞ, İranla mümkün qarşıdurma zamanı Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ənənəvi ərəb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyəcəyini də anlayıb. İranın açıq şəkildə ABŞ hərbi qüvvələrini hədəf alacağını bildirməsi və bu məsələdə ciddi mövqe nümayiş etdirməsi Yaxın Şərq ölkələrinin ABŞ ilə birlikdə hərəkət etməkdən çəkinməsinə səbəb olub. Bu reallıq İran-ABŞ gərginliyinin hərbi deyil, diplomatik yollarla həll edilə biləcəyini göstərir. Həm ABŞ, həm də İran bu prosesdən minimum itki ilə çıxmaq istəyir".
Siyasətçi regionun mühüm aktoru olan Türkiyənin vasitəçilik rolunun ön plana çıxdığını qeyd edib:
"Qətər və Misirlə birlikdə Türkiyənin də daxil olduğu diplomatik mexanizm üzərində iş aparıldığı bildirilir. Türkiyə diplomatiyası burada həlledici əhəmiyyət daşıyır.
Yaxın günlərdə həm İranın, həm də ABŞ-nin daxili və beynəlxalq ictimaiyyət qarşısında zəif görünmədən, diplomatik üsullarla bu gərginliyi aradan qaldırması üçün ciddi səylər göstərildiyi məlumdur. Ehtimal olunur ki, Türkiyədə Tramp, Pezeşkian və Ərdoğan üçlüyünün iştirakı ilə, Qətər və Misirin, bəlkə də Səudiyyə Ərəbistanının nümayəndələrinin də daxil olduğu genişmiqyaslı diplomatik görüşlər keçirilə bilər.
ABŞ-nin iqtisadi baxımdan da çətin dövrdən keçdiyini unutmamaq lazımdır. İran isə Rusiya, Çin və Şimali Koreyadan hərbi texnologiya, logistika və xüsusilə ballistik raket sahəsində dəstək aldığını nəzərəçarpacaq şəkildə ortaya qoyur".
Ekspert yaxın günlərdə intensiv diplomatik fəaliyyət nəticəsində ABŞ-İran gərginliyinin münaqişəyə çevrilmədən həll olunması ehtimalının yüksək olduğunu vurğulayıb:
"Ən pis ssenaridə belə, tərəflərin yalnız simvolik və məhdud qarşılıqlı addımlarla, yəni “danışılmış” şəkildə vəziyyəti yumşaltması mümkündür. Lakin bu ehtimal getdikcə zəifləyir.
Görünən odur ki, Türkiyənin aktiv diplomatiyası təsirini göstərir və yaxın zamanda ABŞ-İran gərginliyinin müharibəsiz, danışıqlar yolu ilə aradan qaldırılması mümkün ola bilər".