Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək - Əhməd Obalı

ABŞ mövcud rejimə alternativ tapılmasa, Pəhləvini də hakimiyyətə gətirə bilər

İranda son dövrlərdə baş verən hadisələr regionda siyasi, iqtisadi və təhlükəsizlik balanslarını yenidən gündəmə gətirib. Etirazların hazırkı vəziyyəti, beynəlxalq aktorların mövqeyi və mümkün hakimiyyət dəyişiklikləri təkcə İranın daxili gələcəyi ilə məhdudlaşmır. Bu proseslər birbaşa olaraq bölgə ölkələrinə, xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərə təsir göstərə biləcək risk və ehtimalları ortaya çıxarır.

Zor gücü ilə susdurulan etirazlar, minlərlə insanın taleyini naməlum edən repressiyalar və sürətlə dərinləşən iqtisadi fəlakət göstərir ki, problem hələ bitməyib. Əksinə, əsas təhlükələr indi başlayır. Bu prosesin Güney Azərbaycan, Quzey Azərbaycan və bütövlükdə region üçün hansı nəticələr doğura biləcəyi isə sual altındadır. 

Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Güney Azərbaycanın milli fəalı Əhməd Obalı İranla bağlı Sherg.az-ın suallarını cavabladı:

-İranda etirazlar bitib?

-İranda etirazlar hələlik silah gücü ilə dayandırılıb. Orada çox böyük cinayətlər törədilib. Ölənlərin sayı yüz faiz dəqiq deyil, rəqəmlər çox fərqlidir. Bəziləri 10 min, bəziləri 20 min, digərləri isə 35 min və ya daha artıq deyir. Mən də inanıram ki, bu rəqəm çox böyükdür. Ölənlərin sayı həddindən artıq çoxdur. Orada bəşəriyyətə qarşı cinayət törədilib.

Etirazlar hələlik zor gücü, güllə ilə boğulub. Amma bu, müvəqqətidir. Çünki əsas problem-etirazların kökü hələ də həll olunmayıb. Bu kök səbəblər bahalılıq, işsizlik və iqtisadi böhrandır. İran pulunun dəyəri cəmi 20 gün ərzində təxminən 50 faiz düşüb və bu proses davam edir. 

-Sizcə ABŞ-nin məsələyə münasibəti dəyişib?

-ABŞ əvvəlcədən elan etdi ki, əgər cinayətlər böyük miqyas alarsa, hərbi cavab veriləcək, edamlar olarsa, ciddi reaksiya olacaq. Ancaq indiki vəziyyətdən görünür ki, Tramp hələlik Amerikanı birbaşa hərbi müdaxiləyə tam hazır hesab etmir. Lakin bölgəyə ciddi hərbi texnika və qüvvə göndərilir. Gəmilər, dəstək gəmiləri, yük daşıyan təyyarələr, havada qırıcıları yanacaqla təmin edən təyyarələr, çoxlu sayda F-35 qırıcıları yerləşdirilib. Diego Garcia bazasında B-52 bombardmançılarını qəbul və istifadə edə bilən hava limanı aktivləşdirilib.

Yəni böyük hərbi hazırlıq gedir. Bu hazırlığın məqsədi İranı tam qorxudub geri çəkilməyə, Amerikanın şərtlərini qəbul edib danışıqlara məcbur etməkdir. Bu, çətin görünür. Ya da AĞ EV, xüsusilə Tramp, sözünün üstündə durduğunu göstərmək üçün İrana zərbə endirəcək. Böyük ehtimalla, yaxın dövrdə ABŞ-nin İrana müəyyən hərbi zərbə endirməsi mümkündür. Bu zərbənin ağır olacağı görünür. Amma bunu hələ ki, yüz faiz demək olmur.

-Pəhləvi hakimiyyətə gələrsə, nə baş verəcək?

-Tramp birbaşa Pəhləvini istəmir. Amma mövcud rejimə alternativ tapılmasa, Pəhləvini də gündəmə gətirə bilərlər. Bunu tam kənara atmaq olmaz. Hazırda mediada, xüsusilə Netanyahu və İsrail Pəhləvini önə çıxarmaq üçün ciddi kampaniya aparır. Ona imkanlar verilir, yavaş-yavaş “dirildilir”. Amma bu, Güney Azərbaycan üçün böyük fəlakət olar.

İslam Respublikası bizim üçün pis idi, amma Pəhləvinin qayıdışı daha böyük fəlakətdir. Çünki Pəhləvi hakimiyyətə gəlsə, Qərblə, ABŞ-la, İsraillə dost münasibətlər quracaq. Bu zaman Azərbaycanın İsrail və Qərb üçün əhəmiyyəti də azalacaq. Hazırda İran İslam dövləti olduğu üçün Azərbaycan müəyyən strateji önəm daşıyır. Pəhləvi gəldikdən sonra bu amil aradan qalxacaq və Azərbaycanın əhəmiyyəti aşağı düşəcək.

-Bəs, Güneyli və Quzeyli azərbaycanlılar, dövlət, ziyalıları, mətbuat və millət olaraq nə edilməlidir?

-Biz Pəhləvi sistemini yaxşı tanımalıyıq. Farsçılıq, irançılıq, irqçilik, Azərbaycan və türk düşmənçiliyini yaradan məhz Pəhləvi sistemidir. Ondan sonra İslam Respublikası gəldi, Xamenei ilə dini diktatura quruldu. İndi isə Pəhləvi qayıdarsa, özü açıq şəkildə deyir ki, daha qəddar olacaq. Bu, bizim üçün açıq təhlükədir.

Biz həm güneyli, həm də quzeyli olaraq Pəhləvinin qayıdışına qəti şəkildə müxalif olmalıyıq. Arzu edirəm ki, Azərbaycan dövləti bu məsələnin nə qədər ciddi və fəlakətli olduğunu nəzərə alsın. Bu istiqamətdə işlər görsün, danışıqlara başlasın və real planlar hazırlasın. Böyük dövlətlərlə, o cümlədən ABŞ və İsraillə danışıqlar aparılmalı, eyni zamanda konkret strategiyalar hazırlanmalıdır.

Çünki sabah orada qırğın ola bilər. Kürd terror qrupları bir tərəfdən, fars millətçiləri digər tərəfdən azərbaycanlıları açıq-aşkar hədələyirlər. Bu, böyük bir fəlakətə, soyqırıma çevrilə bilər.

-Türkiyə İranın içərisində, öz sərhədi boyunca tampon zona yaratmaq istədiyini bildirir. Bu məsələyə münasibətiniz necədir?

-Biz istəyirik ki, bu tampon zona yalnız şimal hissədə yox, başdan-başa bütün Türkiyə-İran sərhədi boyunca olsun. O ərazilər azərbaycanlıların yaşadığı yerlərdir. Dağlıq bölgələr də daxil olmaqla, Urmiyanı əhatə edən təhlükəsizlik zolağı yaradılmalıdır.

Eyni zamanda Şimali Azərbaycandan da gözləntimiz budur ki, bu məsələyə ciddi yanaşılsın. Çünki sabah orada qırğın olarsa, milyonlarla insan məcburi köçə başlayacaq. Muhacirlər ya Türkiyəyə, ya da Azərbaycana üz tutacaqlar. İran rejimi bu prosesi qan tökmədən buraxmayacaq.

Əgər müharibə və qarşıdurma bir az uzun çəksəydi, artıq milyonlarla insan hərəkətə başlamışdı. Bu proses uzanarsa, milyonlarla azərbaycanlının Azərbaycan sərhədinə axınının qarşısını almaq mümkün olmayacaq. Halbuki Azərbaycan dövləti bu qədər qaçqını qəbul etməyə nə iqtisadi, nə də sosial baxımdan hazır deyil.

Buna görə alternativlər hazırlanmalıdır. Ən real alternativ isə İranın öz içərisində, xüsusilə Güney Azərbaycanın qərbində və şimalında, Türkiyə ilə birlikdə geniş və dərin tampon zonaların yaradılmasıdır. Bu məsələlər hərtərəfli düşünülməlidir.

-Mümkün parçalanma və qarşıdurmalara qarşı nə etmək lazımdır?

-Biz ziyalılar, cənublu və şimallı azərbaycanlılar Pəhləvinin nə qədər cinayətkar bir sistem olduğunu dünyaya anlatmalı, yazmalı, deməliyik. Qarşımızda çox iş var.

Biz plan A, plan B, plan C hazırlamalıyıq. "İran parçalanmağa doğru getsə nə edəcəyik?", "Federal sistem qurularsa nə edəcəyik?", "Kütləvi qırğın olarsa hansı addımlar atılacaq?"-bütün bu suallara cavab olaraq əvvəlcədən ciddi planlar hazırlanmalıdır. Hazır olan dövlətlər və xalqlar uduzmaz, hazır olmayanlar isə sürprizlə üz-üzə qalacaq və bəlkə də uduzacaq.