- "Putin Donbası tam işğal etmədən sülhə razı olmayacaq"
- "Kreml danışıqları yalnız vaxt qazanmaq üçün aparır"
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə sülh danışıqlarını bərpa etmək üçün Ukraynaya səfər edəcəyi açıqlanıb.
Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın sözlərinə görə, "amerikalı tərəfdaşların iştirakı ilə aparılan danışıqlar hazırda müvəqqəti olaraq dayandırılıb. Kiyev ABŞ nümayəndə heyətinin səfərini gözləyir".
Vaşinqtonun diplomatik səylərini artırmağa çalışdığı bir vaxtda münaqişənin gələcək perspektivləri, tərəflərin mövqeləri və mümkün sülh təşəbbüsləri yenidən müzakirə mövzusuna çevrilib.
Beynəlxalq siyasət üzrə ukraynalı politoloq Maksim Yali Sherg.az-a bildirib ki, hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması Donald Tramp üçün prioritet deyil.
"Tramp İranda öz müharibəsinə başlayıb. Həmin müharibə indi də davam edir. Bu isə cəmiyyətdə ona verilən dəstək və ABŞ Konqresinə qarşıdan gələn seçkilər kontekstində fəaliyyəti baxımından onun üçün daha böyük əhəmiyyət daşıyır.
Dövlət katibi Rubio bu yaxınlarda Lavrovla görüşdə bəyan etdiyi kimi, Ankoricdə müzakirə olunan təkliflər və münaqişənin həlli variantları artıq öz potensialını tükədib. O zaman "Ankoric razılaşmaları" adlandırılan təkliflər Ukrayna üçün qəbuledilməz idi. İndi isə Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə, neft emalı zavodlarına və logistika infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirmək imkanlarını artırdığı şəraitdə həmin təkliflər artıq qəbuledilən deyil. Üstəlik, bunu Amerika da anlayır.
Müvafiq olaraq, Kiyevdə Ukraynanın irəli sürə biləcəyi yeni təkliflər müzakirə olunacaq. Daha sonra bu təkliflər Rusiyaya çatdırılacaq".
Analitik bildirib ki, bu səylərin uğurla nəticələnməsi ehtimalı azdır.
"Putin qarşıya qoyduğu məqsədlərə, ən azı Donbas ərazisini tamamilə hərbi yolla ələ keçirə biləcəyinə əmin olduğu müddətdə bu ideyadan imtina etməyəcək.
Müvafiq olaraq, Kremlin taktikası Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirməkdən ibarətdir. Çünki o, ABŞ-nin əlavə sanksiyaları ilə üzləşmək istəmir. Bununla paralel olaraq terror xarakterli fəaliyyətini davam etdirmək, mülki əhalini terror altında saxlamaqla bir tərəfdən Prezident Zelenskiyə dəstəyin səviyyəsini azaltmağa, digər tərəfdən isə Donbasda döyüş əməliyyatlarını davam etdirməyə çalışır.
Rusiya ordusunun nümayiş etdirdiyi hətta minimal uğurlar belə Putinin, ən azı yaxın perspektivdə, bu ideyadan imtina etməməsi üçün kifayət qədər əsas sayılır."