“Tramp Xamneyini öldürə bilər” - Politoloqdan şok müharibə ssenarisi

Xamneyi aradan götürülsə belə sistem dağılmayacaq, Tehran üçün “B planı” hazırdır

İsrail-Fələstin müharibəsinin yaratdığı regional gərginlik səngiməmiş, indi də diqqət ABŞ ilə İran arasındakı qarşıdurmaya çevrilib. İranın hörmüz boğazında, hərbi təlimlərə başlaması, Vaşinqtonun bölgəyə əlavə hərbi kontingent cəlb etməsi mümkün toqquşma ehtimalı ilə bağlı narahatlığı gücləndirib. Nüvə proqramı üzrə, Oman və Cenevrədə keçirilən danışıqlar isə gözlənilən diplomatik irəliləyişi təmin etmədi. Bu gün ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İrana nüvə sazişi bağlamaq üçün “maksimum 15 gün” vaxt verildiyini bəyan edib. Amerika mediası isə Ağ Ev rəhbərinin müşavirləri ilə mümkün hərbi müdaxilə ssenarilərini müzakirə etdiyini, hətta Vaşinqtonun 21 fevral şənbə günü əməliyyata başlaya biləcəyinə dair ehtimalların nəzərdən keçirildiyini yazır. Bəs gələcək perspektivdə, Yaxın Şərq regionunun taleyi necə olacaq?

Mövzu ilə bağlı, politoloq, Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, ABŞ ilə İran arasında müharibə ehtimalı çox güclüdür.

“Donald Tramp kimi siyasətçiləri politologiyada sələfi adlandırırlar. Onun məqsədi Amerikanı yenidən əzəmətli imperiyaya çevirməkdir. ABŞ istəyir ki, İsrail Yaxın Şərqdə onun “vuran əli” rolunu oynasın. Ona görə də bütün satqın, varlı ərəb liderlərini, itaət vəziyyətinə gətiriblər. Yeganə boyun əyməyən ölkə İrandır. Əgər İranı da müti vəziyyətə salsalar, regionda, fələstinliləri müdafiə edən dövlət qalmayacaq. Sözdə Türkiyə Fələstini müdafiə etdiyini desə də, O, da ABŞ-nin əlaltısıdır. İranı da özlərinə tabe etsələr, bütün ölkələr İsrailin əlini öpüb, “İbrahim sazişləri”ni imzalağa məcbur qalacaq. Nəticə etibarilə, İsrail Yaxın Şərqin neft qaynaqlarını ABŞ-nin ixtiyarına verəcək. Necə ki, Tramp quldurcasına Venesuela prezidentini aradan götürüb, ölkənin neftini ələ aldı. İndi də gözləri İran neftindədir. Məqsəd həm də Çinin neft ehtiyyatlarına olan tələbatını kəsməkdir. Tramp İran və Çini özünə tabe etməklə, ABŞ-nin əzəmətini bərpa etmək niyyətindədir”. 

Politoloq, mümkün müharibə müstəvisində, İranın ali dini lideri Əli Xamnyeninin taleyi barədə danışıb:

“Tramp, Əli Xamneyini öldürə bilər. Ancaq Maduroya elədiyi kimi əməliyyatla, onu zorla ölkəsinə gətirə bilməz. Çünki İran, Venesuelaya nisbətən, güclü dövlətdir. ABŞ Xamneyini aradan götürsə belə, müşavirlər bir məclisə yığılıb, yeni “Ayətullah” seçəcəklər. Yadınızdadırsa, HƏMAS-ın lideri İsmayıl Haniyəni şəhərin ortasında öldürdülər. Amma yenidən onu əvəz edən rəhbər tapıldı. Əgər bir xalq vətən, naminə vuruşmaq əzmindədirsə, onun ali rəhbərini öldürməklə nəyəsə nail olmaq mümkün deyil. Çünki İranda qurulan sistem möhkəm əsaslara malikdir. Onu da nəzərə almaq lazımdır ki, Amerika İrandan çox güclü dövlətdir. Müharibə olsa, İranı viranə qoyacaq. Lakin Amerikanın uzunmüddətli müharibə aparmağa taqəti yoxdur. Vaşinqtonun strategiyası, ildırımsürətli müharibə planına əsaslanır. Bu plan İran üzərində uğurlu olmayacaq. Tərəflər yalnız bir-birinin hərbi və strateji bazalarını vurmaqla kifayətlənəcəklər. Bununla da, ABŞ-də bir qalon neftin qiyməti, 8 dollara qalxacaq. Neftin bahalaşması isə, Trampın prezident seçkilərində uduzmasına səbəb olacaq. Sonda isə İsrailin məhv olacağı gözlənilir”.

Aybəniz Səfərova