TRİPP layihəsi Cənubi Qafqaza gəlməyəcək - Zərdüşt Əlizadə

“Zəngəzur dəhlizi açılacaq, amma yalnız Azərbaycan-Ermənistan razılaşması əsasında işləyəcək”

8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ İşçi Qrupunun ilk iclası keçirilib. Görüşdə Ermənistan tərəfdən xarici işlər nazirinin müavini Vaahan Kostanyan, ABŞ tərəfdən isə Dövlət katibinin müavini köməkçisi Sonata Koulter onlayn formatda iştirak ediblər. Hər iki tərəf Anlaşma Memorandumlarının həyata keçirilməsi istiqamətində atılan əhəmiyyətli addımları vurğulayıb və irəliləyiş hesabatlarını təqdim edib. Ekspert səviyyəsində əldə edilən konkret razılaşmaların həyata keçirilməsi məqsədilə müzakirələri mümkün qədər tez davam etdirmək barədə razılıq əldə edilib. Görüşün əsas müzakirə predmeti isə "Tramp marşrutu", yəni Zəngəzur dəhlizi olub. Ermənistan "Tramp marşrutu" (TRIPP) çərçivəsində ABŞ-yə Azərbaycanla Naxçıvan arasında quru əlaqənin yaradılmasının nəzərdə tutulduğu yolun inkişafı üçün 99 ilədək müddətə hüquqlar təqdim edəcək. Yol Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. Ona görə də hazırda əsas diqqət Zəngəzur dəhlizi ətrafında görülən işlərə və dəhlizin konkret nə zaman fəaliyyətə başlayacağına yönəlib. 

Politoloq Zərdüşt Əlizadə Sherg.az-a açıqlamasında deyib ki, o, "TRİPP" adlı layihənin ümumiyyətlə reallaşmayacağını düşünür. Ekspertin fikrincə, ABŞ-nin "TRİİP" layihəsi bəhanəsi ilə Cənubi Qafqaza, Ermənistana soxulması, buranı özünə məskən tutması heç bir region dövlətinin maraqlarına uyğun deyil: "ABŞ-nin okeanın o tayından basa-basa gəlib burada 42 km.lik yola nəzarət etməsi kimə lazımdır?! Təbii ki, ilk növbədə Amerikanın özünə. ABŞ istəyir ki, bütün dünyanın ağası olsun və digər ölkələr ona təzim etsin. Hər ölkəyə də öz hərbi bazasını yerləşdirsin. Amerikanın bölgədə uzun müddət qalması, regiona nəzarət etməsi nə İrana, nə Türkiyəyə, nə Rusiyaya, nə də Azərbaycan və Ermənistana lazımdır. Bu dövlətlərin heç biri ABŞ-nin bölgədə nəyisə diktə etməsini, hegemonluğunu istəməz. Ağ Ev rəhbəri Donald Tramp müəyyən addımlar ata, nələrsə söyləyə bilər. Amma nəzərə alaq ki, Trampın hakimiyyət müddəti 2028-ci ildə başa çatır. Hüquqi baxımdan yenidən seçilmək, seçkilərə qatılmaq şansı yoxdur. Onun sözləri, "onu edəcəyik, bunu edəcəyik" deməsi isə sadəcə quru canfəşanlıqdır. Tramp Rusiya-Ukrayna müharibəsini də qısa müddətdə bitirməklə bağlı vədlər verib, amma heç biri reallaşmayıb. Yaxın Şərqdəki problemlər də qalmaqdadır. Boş sözlərdir". 

"Zəngəzur dəhlizi nə vatxsa açılacaqmı?" sualına isə Z.Əlizadənin cavabı belə olub: "Əlbəttə, nə vaxtsa açılacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıqca, iqtisadi əlaqələr qurulduqca, qarşılıqlı etimadsızlıq aradan qalxacaq və qarşılıqlı əməkdaşlıq genişlənəcək. O halda Ermənistan hökuməti erməni xalqına rahat şəkildə deyəcək ki, ay camaat, Zəngəzurdan çəkiləcək yol sizin üçün təhlükə, təhdid deyil. Əksinə, iqtisadiyyat və sosial rifah üçün faydalıdır. 2026-cı il parlament seçkilərində Ermənistan müxalifəti də darmadağın olacaq. Paşinyan bundan ürəklənərək Zəngəzur dəhlizini açacaq. Yolun hansı şərtlərlə işləməsi isə tərəflərin razılaşmasından asılıdır. Hazırda müzakirə olunan məsələ yola hansı dövlətin nəzarət etməsi ilə bağlıdır. Qarşılıqlı etimad formalaşandan sonra bu nəzarət məsələsi öz aktuallığını itirəcək. Qatarlar, avtomobillər rahatlıqla Naxçıvana gedib-qayıdacaqsa, yolda kimlərin durmasının əhəmiyyəti yoxdur. Ola bilsin, dəhlizdə sərhəd-gömrük məntəqəsi ümumiyyətlə olmasın. Hansısa üçüncü tərəfin yolda nəzarətçi kimi qalmasına da ehtiyac qalmayacaq. ABŞ üçün dediklərim Rusiya üçün də keçərlidir. Rusiyanın dəhlizə nəzarət funksiyasını həyata keçirməsi heç kimə lazım deyil. Məsələ sadəcə iki ölkə - Azərbaycan və Ermənistan arasında ikitərəfli razılaşma əsasında rahatlıqla həllini tapa bilər. Kənar güclərin burnunu soxmasına zərurət yoxdur. Yenə deyirəm, söhbət Zəngəzur dəhlizindən gedir, hansısa "TRİİP" layihəsindən, "Tramp marşrutu"ndan yox".