Türkiyə artıq qlobal çəkindirici gücdür - Beynəlxalq ekspert

  • “Trampı Ankaraya gətirən əsas amil Ərdoğandır”

Ankarada NATO zirvəsi davam edir. Zirvə Türkiyənin geosiyasi mövqeyi baxımından da diqqət çəkir. Qara dəniz və Yaxın Şərq regionlarında baş verən proseslər, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik yanaşmalar görüşün əsas mövzuları sırasındadır. 

Görüşdə alyansın gələcək təhlükəsizlik strategiyası, müdafiə xərcləri və üzv ölkələr arasında yük paylaşımı məsələləri də müzakirə olunur. Eyni zamanda NATO-nun dəyişən qlobal çağırışlara necə cavab verəcəyi də əsas mövzularındandır.

Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a NATO Zirvəsinin iyul ayında Türkiyədə keçirilməsinin bir neçə baxımdan əhəmiyyət kəsb etdiyini vurğulayıb: 

"İlk növbədə, NATO 3.0 anlayışına diqqət çəkim. Çünki Soyuq müharibədən sonrakı dövrdən XXI əsrin ilk rübünə qədər NATO-nun mövcudluğu və təsiri müxtəlif başlıqlar altında müzakirə olunurdu. Lakin hazırkı mərhələdə dünyada “təhdidlər” və güc anlayışları dəyişməyə başlayır. Hibrid müharibələr, süni intellekt və regional münaqişələrin dəyişən konsepsiyası şübhəsiz ki, bu yeni yanaşmanın formalaşmasına təsir edən əsas amillər sırasındadır.

Digər tərəfdən, 32 üzv dövlətin müdafiə xərcləri və investisiyalara töhfə baxımından ÜDM-lərinin 5 faizi həcmində hədəflər müəyyən etməsi və bu hədəfləri həyata keçirməsinin gözlənilməsi mühüm məsələdir. Burada “yük paylaşımı” ən çox diqqət çəkən məqamlardan birini təşkil edir".

Analitik görüşün Türkiyədə keçirilməsinin mühüm əhəmiyyət daşıdığını deyib: 

"Yaxın Şərqdə baş verən proseslərdə Türkiyənin mövqeyi böyük önəm kəsb edir. Türkiyə bir tərəfdən də bölgədəki müharibə və xaosla bağlı tərəfləri sağlam düşüncəyə və sülhə çağıran aktordur. Eyni zamanda müdafiə sənayesindəki addımları ilə də bölgədə və qlobal siyasətdə çəkindirici dövlət mövqeyindədir.

ABŞ Prezidenti Trampın da toplantının Türkiyədə keçirilməsəydi və cənab Prezident Ərdoğan olmasaydı, iştirak etməzdim istiqamətindəki açıqlaması diqqətçəkəndir. Bütün bu parametrlər Türkiyənin effektiv aktor kimi mövcudluğunun əksidir".

Politoloq Trampın əsas gündəm maddələrindən birinin Ukraynanın gələcəyi olduğunu qeyd edib:

"Türkiyə həm Rusiya, həm də Ukrayna ilə diplomatik əlaqələrini möhkəm şəkildə qurur. “Taxıl diplomatiyası”ndan bu günə qədər də bu yanaşmasını davam etdirir. Türkiyə bu müharibənin də bölgənin gələcəyi baxımından təcili və rasional şəkildə həll edilməsinin tərəfdarı olduğunu bildirir. Rəsmi Ankara bu istiqamətdəki mövqeyini davam etdirir".