- “Rəsmi Ankaranın bu istiqamətdə aydın, ardıcıl və strateji maraqlara əsaslanan formalaşmış siyasəti mövcuddur"
Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi Ankaranın əsas xarici siyasət prioritetlərindən biridir. Bu, Türkiyə Xarici İşlər Nazirliyinin 2026-cı il üzrə Fəaliyyət Proqramında öz əksini tapıb.
Sənəddə bildirilir ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx məsləhətləşmələr və koordinasiya şəraitində davam etdiriləcək. Eyni zamanda, Türkiyə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini davam etdirəcək.
Türkiyə XİN qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələrin həllinə töhfə vermək və regional sülhün, sabitliyin təmin olunması məqsədilə Azərbaycana dəstək daha da gücləndiriləcək.
Sənəddə vurğulanır ki, bölgədə uzunmüddətli sabitlik, rifah və təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan prosesləri əlaqələndirilmiş şəkildə irəliləməlidir.
Hesabatda Azərbaycanla münasibətlərə ayrıca yer ayrılıb. Bildirilir ki, ortaq dil, tarix, mədəniyyət və kimlik üzərində qurulan müstəsna münasibətlər qarşılıqlı yüksək səviyyəli təmaslarla daha da möhkəmləndiriləcək.
“Strateji tərəfdaşlığımızın ikitərəfli və çoxtərəfli təşəbbüslər vasitəsilə Cənubi Qafqazda sülhə, rifaha və sabitliyə töhfə verməsi məqsəd qoyulub. Bununla yanaşı, regional normallaşma prosesləri çərçivəsində Azərbaycanla sıx koordinasiya və əməkdaşlığımız qətiyyətlə davam etdiriləcək", - sənəddə qeyd olunub.
Türkiyə XİN-in Fəaliyyət proqramında vurğulanır ki, Ankara Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanla koordinasiyalı fəaliyyətini 2026-cı ildə də davam etdirəcək.
Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Sherg.az-a bildirib ki, Türkiyə uzun illərdir Cənubi Qafqaz siyasətini Azərbaycanla sıx koordinasiya şəraitində həyata keçirir:
“Rəsmi Ankaranın bu istiqamətdə aydın, ardıcıl və strateji maraqlara əsaslanan formalaşmış siyasəti mövcuddur. Türkiyə ilk gündən etibarən regionda sülh və sabitliyin bərqərar olunmasını dəstəkləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası məsələsində ona siyasi, diplomatik və beynəlxalq müstəvidə hərtərəfli dəstək göstərib”.
Bu gün regionda yeni geosiyasi reallığın formalaşdığını vurğulayan E. Eltürk qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib:
“İndi əsas məsələ Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Bu baş verərsə, 100 ildən artıq müddətdir davam edən ermənilərin əsassız ərazi iddialarına son qoyulması istiqamətində mühüm addım atılmış olacaq. Qardaş Türkiyə də ilk gündən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyən dövlətlərdən biridir. Məhz buna görə də sülh sazişinin imzalanmasından sonra Ermənistanla Türkiyə arasında sərhədlərin açılması mümkün ola bilər. Bununla yanaşı, Ermənistan Konstitusiyasında da dəyişikliklər edilməlidir. Çünki mövcud konstitusiyada Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar qalmaqdadır. Bir tərəfdən qonşu dövlətlərlə normal münasibətlər qurmaq istədiyini bəyan edib, digər tərəfdən isə konstitusiyada həmin dövlətlərə qarşı ərazi iddialarını saxlamaq məntiqə uyğun deyil”.