Türkiyə İrana qarşı müharibənin qarşısını almağa çalışır - Ali Satan

Yeni terror qruplaşmalarının formalaşması üçün əlverişli mühitin yaranması ehtimalı da mövcuddur

Yaxın Şərqdə İran ətrafında artan geosiyasi gərginlik fonunda diplomatik təşəbbüslər region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Türkiyənin mümkün eskalasiyanın qarşısının alınmasına yönəlmiş vasitəçilik cəhdləri diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İran məsələsi ilə bağlı üçtərəfli sammit keçirilməsi təklifini irəli sürüb. Türkiyənin hökumətyönlü “Hürriyet” qəzetinin məlumatına görə, bu təklif yanvarın 27-də baş tutan telefon danışığı zamanı səsləndirilib.

Məlumata əsasən, Ərdoğan ABŞ, İran və Türkiyənin iştirakı ilə ali səviyyəli görüşün, o cümlədən videokonfrans formatında keçirilməsini təklif edib. Qeyd edək ki, Donald Tramp bu təşəbbüsə müsbət yanaşıb. Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə Türkiyəyə səfəri və türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparması gözlənilir. 

Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru Ali Satan Sherg.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Trampla keçirdiyi görüşdə İran-ABŞ gərginliyinin müharibəyə yol açmadan həll olunmasına yönəlmiş mövqeyini konstruktiv təşəbbüs kimi qiymətləndirib:

"Türkiyə, yerləşdiyi bölgədə baş verən müharibələrdən çox əziyyət çəkmiş ölkə olaraq artıq regionda yeni müharibələrin olmasını istəmir. Suriyada hakimiyyəti devirmək məqsədilə həyata keçirilən xarici müdaxilələr son 15 il ərzində milyonlarla insanın həyatına son dərəcə mənfi təsir göstərib. Türkiyə milyonlarla suriyalıya sərhədlərini açıb, bu isə ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir edib.

ABŞ-nin insanları və cəmiyyətləri nəzərə almadan “mən belə istəyirəm, belə də olacaq” yanaşması sülhə, sabitliyə, təhlükəsizliyə və rifaha xidmət etmir". 

Analitik İranın bombalanmasının Türkiyə və Azərbaycan üçün birbaşa nəticələr doğuracağını söyləyib: 

"Bunun hansı nəticələrə gətirib çıxaracağını dəqiq proqnozlaşdırmaq isə olduqca çətindir. Yeni terror qruplaşmalarının formalaşması üçün əlverişli mühitin yaranması ehtimalı da mövcuddur.

Dolayısı ilə, Prezident Ərdoğan bu çağırışı, sağlam düşüncəyə əsaslanan yanaşma ilə edib. Bu mövqe Türkiyənin ənənəvi sülhsevər xarici siyasətinin davamı kimi dəyərləndirilməlidir".