Mövcud gedişat göstərir ki, PKK artıq masada şərt qoyan tərəf deyil, varlığını əsaslandırmağa çalışan bir struktura çevrilib
“Öcalan nə kürd xalqının legitim lideridir, nə də Türkiyədə hər hansı siyasi iradəni təmsil edir. Terrorla əlaqəsi olan bir şəxsin siyasi proseslərə istiqamət verməsi mümkün deyil”
Abdullah Öcalanın rəhbərlik etdiyi PKK terror təşkilatının tərksilah edilməsi və ləğvi müqabilində Türkiyə hökumətindən muxtariyyət və federallaşma istədiyi barədə iddia irəli sürülüb. Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb. İddia bir sıra siyasi partiyaların təmsilçilərinin yaxınlarda həbsxanada PKK lideri ilə görüşdən sonra ortaya atılıb. Amma təmsilçiləri həmin görüşdə iştirak edən Milliyyətçi Hərəkat Partiyasından (MHP) bu xəbərə təkzib gəlib. MHP-dən bildirilib ki, İmralı həbsxanasında baş tutan görüşdə Abdullah Öcalan partiyaların rəsmilərinə belə bir istəklərinin olmadığını söyləyib. Ayrıca, o, PKK-nın tərksilah edilməsi üzrə etdiyi çağırışına sadiq qaldığını vurğulayıb. 
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Abdullah Öcalan bir terrorçudur və Türkiyə insanının, xüsusilə qadınların və uşaqların qatili olmuş, əli insan qanına batmış bir fiqurdur. Ekspert vurğulayıb ki, onun rəhbərlik etdiyi terror fəaliyyəti nəticəsində həm türklər, həm də kürdlər həyatını itirib: "Terrorun milləti olmur və bu baxımdan Öcalan da istisna deyil, o, terrorçudur. Bununla yanaşı, Türkiyədə PKK terror təşkilatının tərksilah edilməsi istiqamətində atılan istənilən addım müsbət qiymətləndirilməlidir. Terrorun sona çatması, yalnız silahların susması deyil, eyni zamanda cəmiyyətin rahat nəfəs alması deməkdir. Türkiyə insanı sülh, qardaşlıq və bərabərlik şəraitində yaşamalıdır. Heç bir halda vətəndaşlar bir-birinə "sən kürdsən", "sən türksən" deyə bölücü və təhqiramiz yanaşma sərgiləməməlidir. Türkiyənin bütövlüyü və ərazi tamlığı təkcə bu ölkə üçün deyil, bütövlükdə Türk dünyası və İslam aləmi üçün strateji əhəmiyyət daşıyır. Türkiyə bu coğrafiyada aparıcı və nüfuzlu dövlət kimi qəbul olunur. Məhz buna görə də, ölkədə müzakirə olunan “kürd açılımı” məsələsi qısamüddətli siyasi maraqlara xidmət edən bir vasitəyə çevrilməməlidir. Bu proses reallığa söykənməli, səmimi və şəffaf şəkildə aparılmalıdır".
S.Əsədliyə görə, ən vacib məqam ondan ibarətdir ki, bu kimi məsələlər Türkiyə vətəndaşının iradəsi nəzərə alınmaqla həyata keçirilməlidir: "Qapalı kabinetlərdə, dar siyasi dairələrin maraqları çərçivəsində deyil, milli birlik və dövlətin bütövlüyü prinsipləri əsasında qərarlar verilməlidir. Son dövrlərdə Abdullah Öcalanın guya hansısa şərtlər irəli sürdüyü barədə yayılan iddiaların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Ancaq belə bir hal mövcuddursa, bu, qətiyyən qəbulolunan deyil. Çünki Öcalan nə kürd xalqının legitim lideridir, nə də Türkiyədə hər hansı siyasi iradəni təmsil edir. Terrorla əlaqəsi olan bir şəxsin siyasi proseslərə istiqamət verməsi mümkün deyil. Bu kontekstdə "Terrorsuz Türkiyə" anlayışı qısamüddətli siyasi razılaşma deyil, uzunmüddətli dövlət strategiyası kimi dəyərləndirilməlidir. Bu strategiyanın əsas mesajı aydındır: Türkiyə terrorla danışmaz, terroru bitirər. Proses asan olmayacaq. Lakin mövcud gedişat göstərir ki, PKK artıq masada şərt qoyan tərəf deyil, varlığını əsaslandırmağa çalışan bir struktura çevrilib. Bu isə Türkiyə dövlətinin terrorla mübarizədə əldə etdiyi strateji üstünlüyün açıq göstəricisidir".